27 sentyabr 2022 16:00
805

Star NEZ-də bu ilin 8 ayında 7,9 milyon ton xam neft emal edilib - FOTO

Star neft emalı zavodunun əsas prioriteti ilk növbədə “Petkim”in xammal tələbatını, sonra isə neft emalı məhsullarına daxili tələbatı ödəməkdir.

Bu barədə “İki sahil”in sorğusuna cavab olaraq "SOCAR Türkiyə”dən məlumat verilib.

“SOCAR Türkiyə”dən bildirilib ki, 2022-ci ildə "Petkim" neft-kimya kompleksinin neft-kimya məhsullarının, xüsusilə də termoplastiklərin mənfəət marjası əvvəlki ilə nisbətən aşağı olduğunu deyə bilərik: “Hər 4 ildən bir keçirilən böyük dayandırmanın bu ilin sentyabr-noyabr aylarında keçirilməsini planlaşdırırıq. Bütün bunlara baxmayaraq, xalis gəlirliliyimiz və EBITDA-nın büdcədən yüksək olacağı gözlənilir.”

Verilən məlumata görə, Star neft emalı zavodu tam gücü ilə işləməyə davam edir: “2022-ci ilin ilk 8 ayında ümumilikdə 7,9 milyon ton xam neft emal edilib. Neft emalı zavodu, əsasən, daxili bazarlarda tələbatın kifayət etmədiyi məhsulların ölkədaxili satışı üçün yaradılmış neft emalı zavodudur. Nə qədər ki, daxili tələbat davam edəcək, bizim əsas məqsədimiz bu tələbatı ödəməkdir. Ancaq istehsalımız daxili tələbatdan çox olanda onu ixraca yönəldirik. Bundan əlavə, reformat kimi bəzi məhsullarımıza daxili tələbat olmadığından onları ixraca yönəldirik. Yenə də qeyd edək ki, Star neft emalı zavodunun əsas prioriteti ilk növbədə "SOCAR Türkiyə" Neft Emalı və Neft-Kimya Biznes Bölməsində fəaliyyət göstərən inteqrasiya olunmuş müəssisəmiz olan “Petkim”in xammal tələbatını ödəmək, sonra isə neft emalı məhsullarına daxili tələbatı ödəməkdir. Bir neçə müstəsna əməliyyatlar istisna olmaqla, Star neft emalı zavodunun xam neft və oxşar xammaldan başqa idxalı yoxdur.”

“TANAP ilə Türkiyə və Avropaya nə qədər qaz nəql olunub” sualına cavab olaraq bildirilib ki, 31 avqust 2022-ci il tarixinə görə, Türkiyə üçün nəql edilən kommersiya qazının ümumi həcmi 17,67 milyard kubmetrdir: “Avropaya 8 ay ərzində nəql edilən kommersiya qazının ümumi həcmi isə 15,46 milyard kubmetrdir.”

Orxan Vahidoğlu, “İki sahil”