29 sentyabr 2022 13:05
538

Xalqımız Ali Baş Komandanın Füzuli və Şuşa səfərini böyük qürurla izləyir

Tarixi Zəfərə aparan yol: Şanlı Qələbəni necə qazandıq?

Xəbər verildiyi kimi, sentyabrın 27-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Füzuliyə və Şuşaya səfərləri çəçivəsində burada Heydər Əliyev Fondu tərəfindən aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar.

Dövlətimizin başçısı Füzuli rayonunun Qaraxanbəyli kəndindəki çıxışında Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbədən, 44 günlük Zəfər yürüşü zamanı xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylikdən, həmçinin azad edilmiş ərazilərdə aparılan abadlıq və yenidənqurma işlərindən danışıb.

Prezident İlham Əliyev işğalçı Ermənistana növbəti dəfə xatırladıb ki, biz müstəqilliyimizin və ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq: “Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır.”

Ali Baş Komandanın azad olunmuş torpaqlarımıza səfəri, uzaq yolu qət etməsi, birbaşa hər addımı ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə dünyaya birbaşa özünün informasiya verməsi sözün əsl mənasında beynəlxalq aləmdə görünməyən bir praktikadır. Dünya artıq buna bir model kimi yanaşır.

İşğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti 30 il davam edib. Bu müddətdə respublikamızın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizi işğal olunub, 1 milyona yaxın soydaşımız doğma yurdundan didərgin salınıb. İşğal altındakı ərazilərimiz düşmən tərəfindən talan edilib, qeyri-qanuni məskunlaşdırılma aparılıb, tarixi və mədəni irsimiz dağıdılıb. Bununla da Azərbaycanın ərazi bütövlüyü pozulub.

Həmin vaxtdan başlayan sülh danışıqları, ərazi bütövlüyümüzün bərpası istiqamətində atılan addımlar heç bir nəticə vermədi. Hətta Ermənistan BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli dörd qətnaməsini (822, 853, 874 və 884) pozaraq, torpaqlarımızdan çıxmaqdan imtina etdi. Düşmən bütün bunlarla kifayətlənməyərək işğalın nəticələrini möhkəmləndirmək istiqamətində ardıcıl məkrli addımları davam etdirirdi. Qəsbkarlar münaqişənin siyasi həlli əleyhinə yönələn təxribat xarakterli bəyanat və hərəkətlərə üstünlük verdilər. Nəhayət, işğalçının 2020-ci ilin sentyabr ayının 27-də Azərbaycana qarşı genişmiqyaslı təcavüzündən sonra Silahlı Qüvvələrimiz əks-hücum əməliyyatı keçirməyə məcbur oldu.

Azərbaycan Ordusu sentyabrın 27-dən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində, Zəngilanda, habelə digər ərazilərdə bir neçə strateji yüksəklik düşməndən təmizləndi. Noyabrın 8-də isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini yenidən özümüzə qaytardı. Bu, Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə kimi yaddaşlara yazıldı. Bu, eyni zamanda, müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi, Ermənistanın kapitulyasiyası reallaşdı.

Üç dövlət başçısının imzaladığı birgə bəyanat Azərbaycan üçün milli təhlükəsizlik və milli həmrəylik məsələsi olaraq, respublikamızın gələcək siyasi, sosial-iqtisadi inkişafını şərtləndirdi. Çünki ərazi bütövlüyümüzün işğalçı tərəfindən pozulması 30 il ərzində ölkəmizin sürətli tərəqqisinə mənfi təsir göstərirdi. Bu həssas məsələyə beynəlxalq təşkilatların, nüfuzlu dünya dövlətlərinin lazımi qiymət verməmələri də münaqişənin birdəfəlik həllini ləngidirdi. Prezident İlham Əliyevin Vətən müharibəsinədək ölkəmizə rəhbərlik etdiyi 17 il ərzində gərgin siyasi fəaliyyəti, xalqımızın sarsılmaz həmrəyliyi və rəşadətli Ordumuzun gücü öz uğurlu nəticəsini verdi. Beləliklə, bütün bu amillər Azərbaycanı möhtəşəm Qələbəyə qovuşdurdu.

Azərbaycanın ərazi bütövlüyünün bərpasında Silahlı Qüvvələrimiz böyük rəşadət və şücaət göstərdi və bu da təsadüfi deyil. Çünki Şanlı Ordumuzun modernləşdirilməsinə böyük diqqət göstərilib, ən müasir döyüş texnikaları alınıb. Əsgər və zabitlərimizin sosial şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılıb. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alır. Prezident İlham Əliyevin fəaliyyətində ordu quruculuğu hər zaman prioritet istiqamətlərdən olub. Silahlı Qüvvələrə xüsusi diqqətin ayrılması hər şeydən öncə ölkəmizin müharibə şəraitində yaşaması ilə şərtlənib. Buna görə də hərbi hissələrin tikintisində Azərbaycan standartlarına üstünlük verilib, xidmətin yüksək səviyyədə aparılması üçün bütün sosial imkanlar yaradılıb. Hərbçilər dövlət tərəfindən yüksək təminatla əhatələnib, əməkhaqları müntəzəm olaraq artırılıb.

Ötən illər ərzində Azərbaycan beynəlxalq mövqelərini də gücləndirib, dünyanın ən müxtəlif ölkələri ilə əlaqələrini yüksək səviyyəyə çatdırıb. Bu uğurlu əməkdaşlıq hazırda Ermənistanın havadarlarının ölkəmizə qarşı birləşdiyi məqamda öz müsbət nəticəsini verir, haqq səsimizin beynəlxalq kürsülərdə eşidilməsinə şərait yaradır.  Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanın döyüş meydanında qazandığı qələbələr Prezident İlham Əliyevin səmərəli fəaliyyətinin, xalqımızın dövlət başçısına dərin inam və etimadının məntiqi nəticəsidir.

Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri