29 sentyabr 2022 14:26
523

Ermənistan sülhə qarşı, revanşizmə meyllidir – Aydın Hüseynov

“Ermənistan 44 günlük müharibədəki məğlubiyyətini həzm edə bilmir. Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış üçtərəfli bəyanatda əksini tapmış tələblərin icrasından boyun qaçırır, xüsusilə də Azərbaycan ərazisində hələ də hərçi və texnika saxlamaqla gərginliyi artırır, yeni müharibə, qarşıdurma üçün zəmin hazırlayır. Amma bütün dünya da gördü ki, Ermənistanın atdığı yanlış addımlar səbəbindən bölgədə hələ də davamlı sülhün əldə edilməsində çətinliklər var. Azərbaycan dəfələrlə Ermənistan tərəfə öz təkliflərini, sülh mesajlarını göndərib. Amma rəsmi İrəvan bu şansdan yararlanmaq əvəzinə manipulyasiya ilə vaxtı uzatmağa çalışır. Son təxribatlar isə 13-14 sentyabr hadisələrinin yaşanmasına təkan verdi və ermənilər üçün acı sonluqla yekunlaşdı”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, Ermənistanın təxribatlar törətməkdə əsas məqsədi Azərbaycanın nüfuzunu dünyada ləkələmək, təcavüzkar imici formalaşdırmaqdır: “Halbuki, Ermənistan 30 il Azərbaycan torpaqlarını, BMT tərəfindən tanınmış ərazilərimizi işğal altında saxlamaqla, orada yaşayan azərbaycanlıları doğma yurdundan zorla qovmaqla işğalçı adını qazanıb. Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını istismar edib, milli-mədəni abidələrini dağıdıb, azərbaycanlılara məxsus mülkləri talan edib, kənd və qəsəbələri, iri şəhərləri yer üzündən silib. Budur ermənilərin iç üzü, budur onların siyasəti. Amma Azərbaycan bu torpaqlarda işğaldan azad edilən ilk gündən qurub-yaratmaqla, inşa etməklə, yeni nəfəs gətirməklə məşğuldur. Bu işlərin miqyasını Ermənistan da aydın görür və ona görə də inkişafın qarşısını almağa çalışır. Hətta Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasının qarşısını almaq üçün əlindən gələni əsirgəmir, prosesə zərbə vurmağa çalışır. Təxribatçı əməllərinə başqa ölkələri də şərik etmək üçün onları müxtəlif adlar altında regiona gətirmək, münaqişəyə cəlb etmək istəyir. İndiyədək Rusiyaya arxalanan Ermənistan işlərin planauyğun getmədiyini görüb oryentirlərini dəyişdirmək məcburiyyətində qalıb, açıq şəkildə Qərbdək dəstək gözləyir. Hətta NATO-nu bölgəyə gətirmək, Rusiya ilə qarşıdurma yaratmaq iddiasını da gizlətmir. Dünya gücləri isə Ermənistanın bu planından xəbərsiz deyil, ona görə də ehtiyatlı davranır”.