29 sentyabr 2022 23:57
404

Aqroparklar aqrar bölməyə və məşğulluğa hansı töhfələri verir?

Aqropark kənd təsərrüfatı istehsalının qeyri–kənd təsərrüfatı fəaliyyətləri ilə bir yerdə, vahid istehsal məkanında qruplaşdırılması və həmin fəaliyyətlərin qarşılıqlı əlaqələndirilməsidir. Aqropark kənd təsərrüfatı məhsullarının istehsalı və emal proseslərinin aqrotexniki, logistika, marketinq, satış və digər xidmətlərin vahid məkanda elə bir formada birgə fəaliyyətidir ki, nəticədə həm xammal istehsalı, həm də emal prosesləri yüksək rentabelliliyə gətirib çıxarmalıdır. Onlardan ixtisaslaşmış aqropark - hər hansı bir növ kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, onların marketinqi və satışı ilə əlaqədar fəaliyyətlərin bir yerdə qruplaşdığı təsərrüfatçılıq subyektidir. Qarışıq aqropark  isə  bir neçə növ kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, marketinqi, satışı və ixracı ilə əlaqədar fəaliyyətlərin vahid istehsal məkanında, bir ərazidə kombinasiya olunmuş təsərrüfatçılıq subyektidir.

Azərbaycanda aqroparkların yaradılmasına 2014-cü ildən başlanılıb. Elə həmin vaxt 32 rayonda üzrə 239,3 min hektar ərazidə ümumi dəyəri 2,4 milyard manat olan 51 aqroparkın yaradılması nəzərdə tutulmuşdu. Bu gün onlardan 44-ü artıq fəaliyyətdədir. Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb.

İndiyədək aqroparklara 1,4 milyard manat investisiya qoyulub. Aqroparklar digər kənd təsərrüfatı müəssisələri kimi vergi güzəştlərindən, subsidiyalardan, güzəştli kredit və lizinqdən yararlanırlar. Bundan əlavə dövlət tərəfindən digər dəstək tədbirləri də görülür. Ölkədə mövcud olan aqroparkların idarəedici təşkilatı İqtisadi Zonaların İnkişafı Agentliyidir. Agentliyin şöbə müdiri Amir Məmmədovun sözlərinə görə, aqroparkların yaradılması ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.

Bəs, aqroparklarda hansı məhsullar istehsal edilir və onların ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində rolu nələrdən ibarətdir?

2022-ci ilin birinci yarısında aqroparklarda 152,4 min ton buğda, 71 min ton arpa, 94 min ton qarğıdalı, 117 min ton şəkər çuğunduru, 27 min ton yonca, 71 min ton silos qarğıdalı, 2,3 min ton soya, 30 min ton kartof, 32 min ton süd və 2,3 min ton ət istehsal olunub. Burada buğda istehsalı 10 faiz artımla xüsusi qeyd edilməlidir. Bununla da ötən ilin birinci yarısı ilə müqayisədə ərzaqlıq buğda istehsalı 62 faiz, toxumluq 65 faiz, yemlik 50 faiz artıb. Lakin faiz müstəvisində artım böyük olsa da, xüsusilə də ərzaqlıq buğda istehsalının həcmi idxaldan asılılığın aradan qalxmasına imkan verəcək həddə deyil. Bu dövrdə ərzaqlıq buğdanın idxalı 400 min 750 ton təşkil edib, aqroparklarda isə 89 min ton belə məhsul istehsal olunub.

Həmçinin 2018-2022-ci illər ərzində aqroparklarda ümumi sahəsi 8,3 min  hektar ərazidə intensiv meyvə bağları salınıb ki, bu meyvə bağlarından 2022-ci ilin sözügedən dövründə  819,2 ton şaftalı, 225 ton nektarin, 240 ton ərik, 323 ton gilas və s. yığılıb. Burada, həmçinin badam, nar, üzüm, heyva və digər məhsulların yetişdirilməsi nəzərdə tutulur.

Ümumilikdə isə aqroparklarda istehsal olunan məhsulların bəzilərinin həcmi ölkədə ümumi istehsalın əsas hissəsini təşkil edir.

Aqroparklar əhalinin məşğulluğuna hansı töhfələri verir?

Rəsmi məlumata görə, hazırda aqroparklarda ümumilikdə 4500-dək işçi daimi, 5400-dən çox işçi isə mövsümi işlərlə təmin olunub. Gələcəkdə əlavə olaraq 4700-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Ceyhun Piriyev, “İki sahil”