02 oktyabr 2022 11:31
1712

Kamran Bayramov: Azərbaycan enerji sahəsində Bolqarıstanın, eləcə də,  Avropa İttifaqının etibarlı tərəfdaşıdır

“Son illərdə Bolqarıstan və Azərbaycan, iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər.Xatırladım ki, dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. Prezident İlham Əliyevin sentyabrın 30-da bu ölkəyə rəsmi səfəri bu əlaqələrin uğurla davam etdiyinə bir daha əyani sübutdur. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin rəsmi dəvəti əsasında həyata keçirilən bu səfər iki ölkə arasında diplomatik münasibətlərin yüksələn xətlə inkişafının təsdiqidir.”

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib. 

K.Bayramov qeyd edib ki, səfərin məqsədi, ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələri daha da inkişaf etdirməyə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı gücləndirməyə töhfə verməkdir. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlığı daha da inkişaf etdirib.
K.Bayramov diqqətə çatdırıb ki, Azərbaycan-Bolqarıstan münasibətləri Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya rəsmi səfəri zamanı imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə keyfiyyətcə daha yeni səciyyə qazanıb. Bu son dərəcə mühüm sənədlə tərəflər qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq aləmdə iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədilə strateji tərəfdaşlığa daxil olduqlarını bəyan ediblər.
K.Bayramov əlavə edib ki, Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. Qarşılıqlı olaraq əlbəttə ki, Azərbaycan da Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində maraqlıdır. Bundan başqa, iki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 73 milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarət saldosu 35 milyon ABŞ dolları ilə Azərbaycanın xeyrinə olub. 2022-ci ilin yanvar-iyul aylarında ikitərəfli ticarət dövriyyəsi 80 milyon ABŞ dollarını keçib. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq, indiki şəraitdə bu əhəmiyyət daha da artmaqdadır. Azərbaycan qazı artıq Bolqarıstandadır və bu ölkəyə  ixrac ediləcək Azərbaycan qazının həcminin daha da artırılması nəzərdə tutulub. Dövlət başçımız bildidrib ki, Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacaqdır. İşğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradır. Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu yaratmışdır: dəmir yolları, avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı və s. Bütün bu infrastruktur obyektlərinin yaradılması Azərbaycan üzərindən tranzit yüklərin daha da  artırılması məqsədinə xidmət edir.
Deputat bildirib ki, iki ölkə arasında humanitar sahədə də əməkdaşlıq yüksək səviyyədədir. Xüsusi olaraq qeyd etmək istərdim ki, Balkan yarımadasında açıq səma altında ən böyük muzey kompleksi olan, Bolqarıstanın Veliko Tırnovo şəhərində yerləşən “Trapezitsa” Memarlıq Muzeyi Qoruğu Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunub. 2016-cı il sentyabrın 22-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva bu qoruğun açılış mərasimində iştirak ediblər. Eyni zamanda, dahi Azərbaycan şairi Nizami Gəncəvinin şeirləri hələ XIX əsrdə bolqar dilinə tərcümə edilərək nəşr olunub. Həmçinin bolqar ədəbiyyatının klassikləri İvan Vazov, Xristo Botev, Emiliyan Stanev və bir çox başqalarının əsərləri də Azərbaycan dilinə tərcümə edilib.

Şəmsiyyə Əliqızı, “İki sahil”