04 oktyabr 2022 13:21
466

Cəbrayılın azad edilməsi növbəti əməliyyatlar üçün əlverişli zəmin formalaşdırdı

Cəbrayıl rayonu Azərbaycanın 66 rayonundan biridir. Ölkənin cənub-qərbində yerləşir və Şərqi Zəngəzur İqtisadi rayonuna daxildir. Rayon Xocavənd, Füzuli, Qubadlı, Zəngilan və İran İslam Respublikası rayonları ilə həmsərhəddir.

Cəbrayıl rayonu 1930-cu ildə Azərbaycan Respublikasının inzibati ərazilərindən biri kimi təşkil edilmişdir. Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərində yerləşən rayon ərazisinin səthi çox yerdə Araz çayı yatağına tərəf alçalan maili düzənlik, şimalda isə alçaq dağlardır. Rayonun sahəsi 1050 km2 dir. Rayon  mərkəzi Cəbrayıl şəhəridir. Cəbrayıl rayonu ərazisində olan memarlıq abidələri içərisində Xudafərin körpüləri beynəlxalq əhəmiyyətinə və kamil memarlıq-mühəndis həllinə görə regionda məhşur olmuşdur.

Mədəniyyət abidələrinin sayı 43

Xudafərin körpüləri XI-XII əsrlər

Qız Qalası Xələfli XII-XIII əsrlər

Səkkizguşəli Türbə Xubyarlı kəndi XVII əsr

Dairəvi Türbə XIV əsr və s.

971- 1086-cı illərdə Cəbrayıl Şəddadilərin , 1250-ci illərdən monqolların, 1387-ci ildən Teymurilərin, 1412-ci ildən Qaraqoyunluların , 1478- ci ildən Ağqoyunluların və nəhayət, 1501-ci ildən Səfəvilərin tərkibində olmuşdur. 1841-ci ildə Cəbrayıl ərazisi Mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə Şuşa qəzasının tabeliyinə verilmişdir. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tabeliyindən çıxarılıb Yelizavetpol (Gəncə)  quberniyasının tərkibində müstəqil Cəbrayıl qəzası təşkil edildi. Bu dövrdə Cəbrayıl qəzasının ərazisi 66,3 min kv.km , əhalisi 66360 nəfər olmuşdur. Qəza indiki Füzuli, Xocavənd, Qubadlı, Zəngilan rayonlarının ərazilərini əhatə edirdi.

Cəbrayıl şəhəri 1993-cü ilin avqust ayının 23-ü ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci ilin 4 oktyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. Cəbrayılın azad edilməsi uzun illər erməni işğalı altında qalan torpaqlarımızın bir hissəsini düşmən tapdağından xilas etməklə yanaşı, növbəti əməliyyatlar üçün də əlverişli zəmin formalaşdırdı. 

Bahar Vəliyeva,
Bakı şəhəri, 25 nömrəli tam orta məktəbin Tarix müəllimi