05 oktyabr 2022 11:45
349

Azərbaycan da Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində maraqlıdır

Son dövrlər Avropada müşahidə olunan hadisələr fonunda enerji böhranının yaşandığı dövrdə Azərbaycanın “köhnə qitə” üçün əhəmiyyəti daha da artmaqdadır. Təbii ki, bir neçə il bundan əvvəl Cənub Qaz Dəhlizinin işə düşməsi Azərbaycanı Avropanın enerji təminatında mühüm aktorlardan birinə çevirib. Bu gün isə Avropa Azərbaycanla münasibətlərə xüsusi həssaslıqla yanaşır. Bu il iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanması bunu bir daha sübut edir.

Avropada Azərbaycan təbii qazından faydalanacaq ölkələrdən biri də Bolqarıstandır. Sabah rəsmi açılışı olacaq və Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektoru (Interconnector Greece – Bulgaria, IGB) bu ölkənin Azərbaycan qazı ilə təchizatı baxımından mühüm əhəmiyyətə malikdir. Beləliklə, Azərbaycan təbii qazının Bolqarıstana çatdırılması ilə ölkələrimiz arasında münasibətlər yeni mərhələyə yüksələcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə mətbuat konfransında deyib."Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi doğrudan da tarixi əhəmiyyətə malikdir. Əminəm ki, bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də bunun çox böyük faydası olacaqdır", - Prezident qeyd edib.İlham Əliyev bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında bu yaxınlarda enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalanıb: "Bu Memoranduma əsasən, növbəti bir neçə ildə biz Avropaya qaz ixracatımızı ən azı 2 dəfə artıracağıq və buna imkan var. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu bizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək. Əlbəttə ki, bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmindir"."Eyni zamanda, bu gün artıq Prezident də qeyd etdi, SOCAR-ın Bolqarıstanda ofisinin açılması məsələsi müzakirə olundu. Biz enerji sahəsində təkcə təbii qazın ixracı ilə işimizi bitmiş hesab etməməliyik. Biz enerji ilə bağlı olan digər məsələləri müzakirə etdik. Elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın mümkün iştirakı və digər məsələlər müzakirə olundu. Bir sözlə, SOCAR-ın Bolqarıstandakı ofisinin açılması vaxtı çatıb və əminəm ki, biz yaxın vaxtlarda bunu da edəcəyik", - dövlət başçısı əlavə edib.

Ümumilikdə Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. Bütün bunlar onu deməyə əsas verir ki, dərin köklərə malik Azərbaycan-Bolqarıstan əlaqələri bundan sonra daha da genişlənəcək və dərinləşəcəkdir.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı