5-6 oktyabr tarixlərində ölkəmiz ilk dəfə beynəlxalq şəhərsalma tədbirinə ev sahibliyi edərək Milli Şəhərsalma Forumunu təşkil etdi. Tez bir zamanda Cənubi Qafqazda sülhə və əməkdaşlığa nail olmaqla Qarabağın və Şərqi Zəngəzurun yenidən bərpasını, “Böyük Qayıdış”ı ən yüksək səviyyədə tamamlamağı qarşımıza məqsəd qoyduğumuz bu günlərdə dayanıqlı şəhərsalmanın inkişafı bizim üçün hər zamankından daha böyük dəyər kəsb etməyə başlayıb. Xatırladım ki, elə cari ilin iyun ayında Cənab Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında çıxış etmişdi və ölkəmizin şəhərlərin qurulması, bərpası və müasirləşdirilməsi sahəsində qazandığı yüksək nailiyyətləri və təcrübəni dünya ictimaiyyətinin diqqətinə çatdırmışdı.
Cənab Prezident və birinci xanım Mehriban Əliyevanın, 40-dan çox ölkənin nümayəndələrinin, eləcə də BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunun iştirak etdiyi Milli Şəhərsalma Forumunun açılışının keçirilməsi üçün Ağdam şəhərinin seçilməsi olduqca təqdirəlayiq hadisədir. Bu bir tərəfdən “Böyük Qayıdış”ın reallaşmağa başlamasının, Ağdama həyat əlamətlərinin qaytarılmağa başlamasının sübutudur. Digər tərəfdən erməni vəhşiliyinin ifşası baxımından Forumun açılışının Ağdamda keçirilməsi olduqca əhəmiyyətlidir. Artıq bütün dünyaya bəllidir ki, erməni işğalı zamanı Azərbaycanın ən çox dağıntıya məruz qalmış, tikililəri məhv edilmiş, tanınmaz vəziyyətə salınmış rayonu Ağdamdır. Biz artıq bütün dünyanın diqqətinə çatdırmışıq ki, Ağdam heç də müharibə zamanı yaranmış xəsarətlər nəticəsində dağıdılmayıb. Ağdamı, eləcə də digər rayonlarımızı 30 il ərzində erməni işğalçıları bilərəkdən viran qoyub, binaları yerlə yeksan edib, tarixi-dini, mədəni abidələrimizi məhv edib. Ermənilərin məsciddə donuz saxlamağını əks etdirən görüntülər bizim hələ də yaddaşlarımızdan silinməyib. İşğaldan azad olunmuş Ağdama səfər edən xarici qonaqlar gördükləri mənzərələrdən sonra Ağdamı “Qafqazın Xirosiması” adlandırmışdı. Həqiqətən də erməni vandallarının törətdikləri dağıntılar atom bombasının törətdiyi dağıntıdan geri qalmır.
Cənab Prezident Forumda çox gözəl qeyd etdi ki, bütün binaları dağıdılmayan yeganə ərazilərimizin Şuşa, Laçın və Kəlbəcər olmasının səbəbi ermənilərin apardıqları qanunsuz məskunlaşdırma siyasəti olub. Rəsmi İrəvan torpaqlarımızı işğal altında saxladığı illər boyu Azərbaycan torpaqlarında dövlət səviyyəsində Ermənistandan, Suriyadan, Livandan və digər ölkələrdən olan ermənilərin qanunsuz məskunlaşdırılmasını həyata keçirib. Bu özü birbaşa Cenevrə Konvensiyasının və beynəlxalq hüququn pozulmasıdır. Beynəlxalq ictimaiyyət və beynəlxalq hüquq torpaqlarımızın işğalına və Azərbaycan xalqının humanitar fəlakətinə göz yumsa da, pozulmuş beynəlxalq hüququn özünü də, haqq-ədaləti də 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərlik etdiyi Azərbaycan Ordusu bərpa etdi. Bu gün işğaldan azad edilmiş rayonlarımızın öz doğma sakinlərini, əsl sahiblərini qəbul etmək üçün yenidən qurulma və bərpa işləri sürətlə davam edir. Müharibə başa çatdıqdan sonra cənab Prezident dəfələrlə işğaldan azad olunmuş ərazilərə səfər edib, hər səfər zamanı yeni avtomobil yolları, tunellər, hava limanları, su anbarları, elektrik stansiyaları, zavodlar, istirahət mərkəzləri kimi yeni-yeni infrastruktur obyektlərinin təməli qoyulur və artıq onlarla yeni obyektin açılışı da baş tutub.
Əlbəttə bərpa işləri zamanı bir sıra çətinliklərlə də qarşılaşırıq ki, onların başında ermənilər tərəfindən basdırılan minalar gəlir. Hələ də minalanmış ərazilərin dəqiq xəritəsinin Azərbaycana təqdim edilməməsi, əksinə təxribatlar törədərək yeni minalar basdırmaq cəhdləri Ermənistanın daha bir beynəlxalq hüquq pozuntusudur. Ərazilərimizin bərpası zamanı qarşılaşdığımız xoşagəlməz hallardan biri də çox təəssüf ki, hələ də yeni kütləvi məzarlıqların aşkar edilməkdə davam etməsidir. Elə bu yaxınlarda Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlıq dünya mətbuatının da diqqətini cəlb edib və bütün dünyada bu amansızlıq bəşəri cinayət kimi dəyərləndirilib.
İşğaldan azad olunmuş ərazilərin yenidənqurma işlərində ölkəmizə göstərilən beynəlxalq həmrəyliyi yüksək qiymətləndiririk və bu olduqca əhəmiyyətlidir. Beynəlxalq həmrəylik həm də Vətən müharibəsi başa çatdıqdan sonra yeni yaranmış reallıqların regionda və dünyada tanınması baxımından olduqca vacibdir. Biz artıq Cənubi Qafqazda sülh, stabillik, əməkdaşlıq imkanlarının real olduğunu bütün dünyaya göstərmişik. 30 illik işğala baxmayaraq, biz bu gün Ermənisytana sülh təklif edirik. Bunun üçün əlbəttə ilk növbədə ölkələrimiz arasında sülh müqaviləsi bağlanmalı və sərhədlərin dəqiq delimitasiyası və demarkasiyası həyata keçirilməlidir. Sülh prosesi ilə bağlı son vaxtlar müəyyən nikbinlik var. Ümid edirik ki, Ermənistan Azərbaycan dövlətinin və xalqının sülh niyyətini düzgün qiymətləndirməyi bacaracaq. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinə gəldikdə isə dəfələrlə cənab Prezident qeyd edib ki, onlar Azərbaycanın vətəndaşlarıdır. Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi dövlət kimi heç vaxt vətəndaşları arasında etnik mənşəyinə və ya dini etiqadına görə fərq qoymayıb və bundan sonra da bu belə olacaq. Biz birbaşa Konstitusiya səviyyəsində təsbit etmişik ki, Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir və Azərbaycan Respublikası dövlətin bütün vətəndaşlarının ümumi və bölünməz vətənidir. Ermənistan özü başda olmaqla işğal dövründə dünyanın heç bir ölkəsi qondarma qurumu tanımamışdı. Ona görə də Azərbaycanın Qarabağ bölgəsi və orada yaşayan erməni əsilli vətəndaşları ilə bağlı məsələ sırf ölkəmizin daxili məsələsidir və bu məsələ heç bir dövlətlə müzakirə obyekti ola bilməz.
Ziyafət Əsgərov,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib