"Prezident İlham Əliyevin Praqa səfəri çərçivəsində çox mühüm görüşlər keçirildi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənsitanın Baş naziri Nikol Paşinyan arasında keçirilən dördtərəfli görüş iki hissədən ibarət olmaqla beş saatdan artıq davam etdi. Lakin dünənki görüşün nəticələri göstərdi ki, cənab İlham Əliyev növbəti dəfə xalqımızın milli maraqlarına uyğun, müstəqil siyasət yürüdərək qətiyyətli və prinsipial mövqe nümayiş etdirdi, Azərbaycanın ədalətli mövqeyini bir daha onların diqqətinə çatdırdı."
Bunu "İki sahil"ə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat bildirib ki, yekunda qəbul edilmiş bəyanat Azərbaycan və Ermənistanın qarşılıqlı şəkildə ərazi bütövlüklərini və suverenliklərini tanıması ilə əlamətdar oldu: “Bu, çox vacib məqam, sülhə doğru atılmış çox mühüm bir addım idi. Çünki bu günə kimi Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tanınmamışdı. Bu xüsusda BMT-nin Nizamnaməsi əsas sənəd kimi götürüldü. Əlbəttə, faktiki olaraq bu, o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiqləndi. Ermənistan suverenliyimizi tanımaqla Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıdığını bəyan etmiş oldu”.
C.Osmanov əlavə edib ki, sərhədlərin delimitasiyası istiqamətində mühüm irəliləyiş komissiyanın iclasının tezliklə keçirilməsi ilə bağlı razılıq əldə olunması idi.
“Avropa İttifaqı və Fransa Azərbaycan ərazilərini əhatə edəcək birgə sərhəd monitorinq misiyasını yaradıb, bundan sonra regiona daxil olmaq üçün istifadə etmək istəyirdilər. Ermənistan tərəfi də dəfələrlə belə bəyanatlar səsləndirməklə çağırışlar etmişdi. Avropa İttifaqı və Fransa da buna hazır olduqlarını deyirdilər. Öz suverenliyinə dəyər verən Azərbaycan buna qətiyyətlə etiraz etdi. Beləliklə, Azərbaycanın qəti mövqeyindən sonra razılaşdırıldı ki, bu misiya yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad qruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək. Ermənistan isə sərhəd missiyasına razılıq verməklə suveren dövlət olmadığını bir daha bütün dünya qarşısında nümayiş etdirmiş oldu”, - deyə deputat əlavə edib.
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib