09 oktyabr 2022 12:21
917

Ağdam şəhəri işğal dövründə tamamilə dağıdılıb

1988-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələri  Azərbaycanın ayrılmaz  tərkib hissəsi olan Dağlıq Qarabağda,  azərbaycanlılar  yaşayan 126 yaşayış məntəqəsindən soydaşlarımızın zorla çıxarılması  planı  həyata keçirirdi.  Ermənistandan və daha sonra isə Dağlıq Qarabağdan qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz  Ağdam rayonuna gətirilmişdir. 1993-cü il iyulun 4-də erməni  silahlı qüvvələri  artilleriya ilə Ağdamı bombalamış, şəhərin   çox  hissəsini  isə məhv etmişdilər. 1993-cü il iyulun 23-də  Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal olundu və 1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində  ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular. Rayonun  müdafiəsi uğrunda  gedən qanlı döyüşlərdə  5897  nəfər şəhid, 3531 nəfər əlil, 1871uşaq yetim, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşdü.

Ağdam şəhəri işğal olunduqdan sonra  mədəni, dini abidələrinin əksəriyyəti erməni işğalçıları tərəfindən məhv edilmişdir. Rayonun Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid gümbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, o cümlədən Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilmişdir.Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə uçurulmuşdur. Azərbaycan memarlığının incilərindən sayılan Ağdam Cümə məscidi də erməni təcavüzünün qurbanına çevrilmişdir. Məscidin minarələri daxildən sökülmüş,tavanı bir neçə yerdən uçurulmuş, dizayn və yazıları isə pozulmuşdur. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust  2001-ci il tarixli 132 №-li qərarı ilə Ölkə əhəmiyyətli daşınmaz Tarix və Mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir. Cümə məscidinin bugünkü vəziyyəti 1954-cü il qəbul edilmiş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” Haaqa Konvensiyasının ermənilər tərəfindən pozulduğunu bir daha təsdiqləyir. 

27 sentyabr  2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti dəfə təxribatının qarşısını alınması məqsədilə Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə müzəffər Ordumuzun əks hücum əməliyyatı nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız  düşmən tapdağından azad edildi. 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Ağdam şəhərinə daxil olub şəhərinin işğalına son qoydu. Bir zamanlar  qaynar həyatın olduğu, əməksevər insanların qurub-yaratdıqları gözəl şəhərdən əsər-əlamət  belə qalmayıb. Ermənilər  öz xislətlərinə uyğun olaraq, Ağdamın ağ damlarını xarabalığa çeviriblər, şəhəri darmadağın ediblər.

44 gün  davam edən Vətən müharibəsində   nümayiş etdirdiyimiz  birlik, əzmkarlığı  əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də  göstərəcəyik. Əziz Ağdamlılar, siz artıq köçkün deyilsiniz.  Tezliklə siz öz doğma dədə-baba torpağınıza qayıdacaqsınız.

Səadət Yusifova,
Bakı şəhəri, 13 nömrəli UMM məktəbinin müəllimi