Ağdam rayonu Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında, yəni Qarabağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərb hissəsində yerləşir. Relyefi əsasən düzənlik, qismən dağlıqdır. Rayonun ərazisindən Qarqar və Xaçın çayları axır. Şimalda Tərtər və Bərdə rayonları, cənubda Xocavənd, şərqdə Ağcabədi rayonu, qərbdə isə Kəlbəcər rayonu və Xocalı şəhəri ilə həmsərhəddir. 1988-ci ilin son aylarında Ermənistandan və daha sonra isə Dağlıq Qarabağdan qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna gətirilmişdi. 1993-cü il iyulun 4-də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalamış, şəhərin əksər hissəsini məhv etmişdilər və bunun nəticəsində, əsgərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olundu. 23 iyul 1993-cü il tarixdə Ermənistan ordusu tərəfindən Ağdam şəhəri işğal olunub. 1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə qismətinə 5897 şəhid, 3531 nəfər əlil, 1871 nəfər yetim uşaq düşdü. Minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü. Bununla yanaşı, işğal nəticəsində Ağdam rayonu ərazisindəki memarlıq abidələri bütünlüklə talan edilmiş, yandırılmış, dağıdılmış və məhv edilmişdir. Aparılan arxeoloji tədqiqatlar zamanı aydın olmuşdu ki, Üçoğlantəpə deyilən yerdə ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə yiyələnmişlər. Rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı eneolit və orta tunc dövrünə aid (e.ə. II minilliyin birici yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkarlanıb». Cümə məscidində ermənilər donuz, inək saxlayırdılar. Ağdamda gördüklərinizi Qarabağ regionunun hər bir şəhərində görmək olar
Ağdamda bütün dünyada yeganə olan “Çörək muzeyi” ilə yanaşı, tarzən Qurban Pirimovun xatirə muzeyi, Ağdam Şəkil Qalereyası və şəhərin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan Məscid və onun minarələri də erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılmışdır. Ümumilikdə, 130-dan çox tarixi abidə və maddi-mədəniyyət nümunəsi yer üzündən silinmişdir. 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Ağdam şəhərinə daxil olur. Bununla Ağdam şəhərinin işğalına son qoyulur. Azərbaycan hökumətinin planlarına görə, Ağdam ölkənin dördüncü böyük şəhəri olacaq və orada 100 min nəfər yaşayacaq. Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində iştirak edib. Prezident İlham Əliyev Noyabrın 20-də xalqa müraciətində demişdiri: “Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq. İndi Ağdam üçün yeni dövr başlayır. Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcək.”
Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdama da həyat yenidən qayıdır. Azadlığına qovuşmuş bu şəhər böyük quruculuq, təmir-bərpa işlərinin şahidinə çevrilir. Bir zamanlar nəinki Qarabağın, eləcə də respublikamızın ən inkişaf etmiş, abad şəhərlərindən olan Ağdamda indi geniş tikinti işləri gedir. Otuz ilə yaxın erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilmiş Ağdam indi yenidən tikilir.
Ağdam sülh, əmin-amanlıq şəhəri olacaq, doğma yurdlarından 30 il ayrı qalmış insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək.
Mirhaşım Cəlalov,
II Qarabağ müharibəsi iştirakçısı, həkim