11 oktyabr 2022 12:45
507

Bakının Baş Planı layihəsi beynəlxalq mükafata layiq görülüb - FOTO

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanmış Bakının Baş Planı Beynəlxalq Şəhər və Regional Planlaşdırma Cəmiyyətinin (ISOCARP - The International Society of City and Regional Planners) “Mükəmməliyə görə” mükafatına layiq görülüb.

"İki sahil" Komitəyə istinadən xəbər verir ki, mükafatı 85-dən çox ölkədən 700-dən çox fərdi və institusional üzvü özündə birləşdirən, tanınmış və peşəkar şəhərsalma mütəxəssislərinin qeyri-hökumət qlobal birliyi olan “ISOCARP” Belçikanın paytaxtı Brüsseldə keçirilən növbəti “Dünya Planlaşdırma Konqresi” zamanı təqdim edib.

Tədbirə müxtəlif ölkələrdən ümumilikdə 500 nəfərə yaxın nümayəndə heyəti qatılıb.

Konqresdə Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Rüfət Mahmud iştirak edib. O, tədbir təşkilatçılarına, həmçinin layihənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib, Bakının Baş Planı layihəsinin hazırlanma prosesi haqqında ətraflı məlumat verib.

R.Mahmud bildirib ki, Komitənin əməkdaşlığa cəlb etdiyi Almaniyanın nüfuzlu “AS+P” şəhərsalma şirkəti ilə birlikdə işlənilmiş yeni Baş Planın konsepsiyasında paytaxtın 2040-cı ilə qədər olan dövr üçün inkişaf prioritetləri müəyyən olunub. Tədbirdə Baş plan haqqında təqdimat nümayiş olunub.

Baş Planı layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb və tezliklə təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək. Sənəd paytaxtın 213 500 hektarlıq bütün inzibati ərazisini əhatə etməklə 2040-cı ilə qədər olan dövr üçün şəhərin əsas inkişaf prioritetlərini, o cümlədən güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan davamlı şəhər mühiti, mədəni və tarixi-memarlıq irsinin qorunması, habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir.

Bundan başqa, Baş Plana əsasən, ekoloji durumun yaxşılaşdırılması üçün çirklənmiş ərazilərin sağlamlaşdırılması, yaşıllıqların artırılması, əhalinin mobilliyini təmin edən çoxnövlü nəqliyyat sisteminin yaradılması üzrə təklif edilən tranzit qovşaqları, küçə-yol şəbəkəsi və “yaşıl hibrid dəhlizlər” üzrə həllər, şəhərin tarixi simasının qorunub saxlanılması məqsədi ilə xüsusi mühafizə zonasının yaradılması kimi tədbirlərin görülməsi planlaşdırılıb.