Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin Belçika mediasında, Avropa İttifaqının bir çox ölkəsində izlənilən informasiya portalında “Stop the human slaughter” adlı məqaləsi dərc olunub.
“İki sahil” xəbər verir ki, məqalədə XX əsrin əvvəllərindən başlayaraq ermənilərin dəfələrlə azərbaycanlılara qarşı soyqırım aktı törətmələri, xalqımızı etnik təmizləmərə məruz qoymaları və tarixin müxtəlif vaxtlarında Azərbaycan ərazilərinə göz dikmələri barədə məlumatlar öz əksini tapmışdır. Xüsusilə məqalədə deputat Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən törədilən hərbi cinayətlərə dair bir sıra məqamlara toxunmuşdur.
Millət vəkili eyni zamanda Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə İkinci Qarabağ-Vətən Müharibəsində əldə olunan möhtəşəm Qələbəni qeyd edərək işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın bərpa və yenidənqurma işləri zamanı bu gün də itkin düşmüş hesab olunan, erməni vandallığına məruz qalmış həmvətənlilərimizə aid kütləvi məzarlar aşkarlanmasını vurğulamışdır.
Həmçinin M.Əfəndiyev bu günlərdə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Xocavənd rayonunun işğaldan azad edilmiş Edilli kəndində məftil və kəndirlə dolu insan qalıqları, habelə işgəncə izləri olan daha bir kütləvi məzarlığın aşkarlandığını, Ermənistanın beynəlxalq humanitar hüququn hamılıqla tanınan norma və prinsiplərini kobud şəkildə pozduğunu, beynəlxalq-hüquqi öhdəliklərə etinasız və məsuliyyətsiz münasibət göstərdiyini xüsusi qeyd etmişdir.
Həmin məqalə ilə aşağıdakı keçiddən istifadə edərək tanış ola bilərsiniz: https://www.brusselsstandard.eu/2022/10/11/412808/