13 oktyabr 2022 22:54
627

Azərbaycan-Qırğızıstan: Strateji müttəfiqlik əlaqələrində yeni mərhələ

Bişkekdə imzalanan mühüm sənədlər əməkdaşlığı daha da dərinləşdirəcək

Azərbaycanın türk dövlətləri ilə əlaqələri, qarşılıqlı səmərəli əməkdaşlıqları intensiv şəkildə inkişaf etməkdədir. Təkcə bu il reallaşan Qırğızıstan və Qazaxıstan prezidentlərinin Azərbaycana, Prezident İlham Əliyevin Özbəkistana, Türkmənistana və Qırğızıstana səfərləri, imzalanan sənədlər və əldə olunan razılaşmalar bu istiqamətdə görülən işlərin miqyasını əks etdirir. Bu siyasətin davamı kimi Qırğızıstanla əlaqələr yenilənir, inkişaf etdirilir. 

Azərbaycan-Qırğızıstan münasibətlərinin əsası 1993-cü ildə qoyulub. Sonrakı illərdə ulu öndər Heydər Əliyevin 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının üçüncü sammitində iştirak etmək üçün Qırğızıstana, Qırğızıstan prezidenti Əsgər Akayevin isə üç dəfə Azərbaycana səfərləri olub.

1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Qırğızıstanda, 1998-ci ilin may ayında isə Qırğızıstanın ölkəmizdə səfirlikləri fəaliyyətə başlayıb.  Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycan-Qırğızıstan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ildə Bişkekə səfəri Qırğızıstan–Azərbaycan ikitərəfli münasibətləri tarixində ən əhəmiyyətli dönüş nöqtələrindən biri  kimi qiymətləndirilir. Bu səfər, eyni zamanda, iki ölkə arasında iqtisadi, siyasi, elmi-texniki, gömrük sahələrində əməkdaşlığa yeni təkan verib. 

2004-cü il oktyabrın 29-da BMT Baş Məclisinin 59-cu sessiyasının 46-cı plenar iclasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı bəndin Baş Məclisin gündəliyinə salınmasına dair qərar Qırğızıstan tərəfindən dəstəklənib. Qırğızıstan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyib. Bu dövlət münaqişənin həlli üçün müəyyən dövrlərdə fəallıq göstərməyə çalışıb. Belə ki, 1994-cü ilin may ayında MDB-nin vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında müqavilə də məhz Qırğızıstanın paytaxtı Bişkek şəhərində imzalanıb.

Bir sözlə, diplomatik əlaqələr yarandığı gündən Qırğızıstan–Azərbaycan ikitərəfli əməkdaşlığı ənənəvi şəkildə, qarşılıqlı surətdə faydalı tərəfdaşlıq, dostluq əsasında qurulmuş və bütövlükdə siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni və digər sahələrdə uğurla inkişaf etmişdir. 

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun bu il aprelin 19-20-də Azərbaycana rəsmi səfəri  zamanı iki ölkənin dövlət başçılarının iştirakı ilə “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” və “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum”, həmçinin müxtəlif sahələri əhatə edən ümumilikdə 10 sənəd imzalanmışdır.  Məhz həmin vaxtdan etibarən iki dost və qardaş türk dövlətinin münasibətlərində yaranmış strateji tərəfdaşlıq rəsmiləşmişdir. Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında Dostluq və Əməkdaşlıq Haqqında Müqavilənin 25 illiyi və Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər qurulmasının 30-cu ildönümü ərəfəsində  Qırğızıstan Prezidentinin Azərbaycana sonuncu rəsmi səfəri çərçivəsində  baş tutan həm prezidentlərin təkbətək görüşündə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə,  eləcə də dövlət başçılarının mətbuata bəyanatlarla çıxışlarında investisiya layihələri,  nəqliyyat infrastrukturu ilə və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylərimizi necə birləşdirməklə bağlı, eləcə də ticari-iqtisadi münasibətlər,  kənd təsərrüfatı ilə bağlı məsələlər ətraflı müzakirə edildi. Qırğızıstanda və Azərbaycanda həyata keçirilən layihələr və onları qarşılıqlı faydalı şəkildə necə əlaqələndirməyin mümkün olması barədə fikir mübadiləsi aparıldı. Kənd təsərrüfatında əməkdaşlığın inkişafı ilə bağlı məsələləri də müzakirə  edildi. Bundan əlavə, ölkələrimiz tərəfindən BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, MDB və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli formatda sıx qarşılıqlı fəaliyyət göstərildiyi, Qırğızıstanın Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın statusunun müşahidəçi səviyyəsinə qədər artırılmasını hərtərəfli dəstəklədiyi xatırladıldı. Beləliklə, Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycanda rəsmi səfəri gələcəkdə bütün sahələrdə fəal qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi baxımından səmərəliliyi, müsbət nəticələri ilə diqqət çəkdi.

Oktyabrın 11-12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına  rəsmi səfəri  strateji müttəfiqlik əlaqələrində yeni mərhələnin başlanması, həmçinin ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar sahələrdə  əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır.  Belə ki, səfər çərçivəsində Qırğızıstan və Azərbaycan liderləri ikitərəfli danışıqlar aparıb, Birinci Dövlətlərarası Şuranın iclasında iştirak ediblər. Qırğızıstan-Azərbaycan birgə qarşılıqlı fəaliyyətin artırılmasına istiqamətlənən bir sıra sənədlər, xüsusilə Qırğızıs Respublikasının Nazirlər Kabineti ilə Azərbaycan hökuməti arasında “Azərbaycan– Qırğız İnkişaf Fondunun yaradılması haqqında” Saziş imzalanıb. Fond Qırğızıstanla Azərbaycan arasında iqtisadi əməkdaşlığa, iqtisadiyyatın modernləşdirilməsi və imkanlardan səmərəli istifadə olunmasına kömək məqsədilə təsis edilib. Fondun yaradılması investisiya sahəsində əməkdaşlığın fəallaşdırılması və genişləndirilməsinə stimul verəcək. Qırğızıstanla Azərbaycan arasında birgə ikitərəfli investisiya fondunun nizamnamə kapitalı 25 milyon ABŞ dolları təşkil edir. Fondun mənzil-qərargahı Bişkek şəhərində yerləşəcək.  Eyni zamanda, “Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandum”unun imzalanması da ölkələrimiz arasında iqtisadi-ticari münasibətləri daha da gücləndirəcək.

Azərbaycan-Qırğızıstan münasibətləri humanitar sahədə də uğurla inkişaf etdirilir. Səfər çərçivəsində Azərbaycan Prezidentinin iştirakı ilə Bişkekdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin,  Nizami Gəncəvi adına 103 saylı məktəbin açılış mərasimi keçirilib. Səfər zamanı  Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması da iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən, eləcə də xalqlarımızın qarşılıqlı hörmətindən xəbər verir. Həmçinin səfər çərçivəsində Prezident İlham Əliyev Qırğız dövlətçiliyinin ən mühüm inkişaf mərhələlərinin tarixi yaddaşının bərpası və qorunub saxlanılmasını özündə əks etdirən "Ata-Beyt" Milli Tarixi-Memorial Kompleksini ziyarət edib, abidənin önünə əklil qoyub.

Prezident İlham Əliyevin Qırğız Respublikasına səfəri çərçivəsində keçirilən görüşlərdə nəqliyyat-tranzit sahəsində əməkdaşlıq məsələsi xüsusi diqqətdə saxlanılıb. Nəqliyyat-tranzit sahəsində də hər iki tərəfin planlaşdırdığı çalışmalar var. Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə başlamaq əmtəə dövriyyəsinin artmasıyla nəticələnəcək  və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Dəhlizin bir hissəsi olacaq. Beləliklə, gələcəkdə istifadəyə veriləcək Çin–Qırğızıstan– Özbəkistan dəmir yolu avtomobil və hava xətləri ilə birgə nəqliyyat infrastrukturu potensialını gücləndirəcək.

Azərbaycanın Orta Asiya respublikaları, o cümlədən Qırğızıstanla siyasi əlaqələrinin hazırkı vəziyyəti həm də Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün əhəmiyyət kəsb edir. Məlumdur ki, həm Qırğızıstan, həm də Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləridir. Azərbaycanın istər Qırğızıstanla, istərsə də KTMT–nin üzvü olan digər dövlətlərlə ikitərəfli və çoxtərəfli əsasda həyata keçirdiyi qarşılıqlı faydalı əməkdaşlıq, Ermənistanın ölkəmizə qarşı dövlət sərhədində və Qarabağda törətdiyi təxribatlardan sonra məkrli hərəkətlərlə üzv olduğu təşkilatı Cənubi Qafqaza cəlb etmək cəhdlərini mənasız edir.

Üç aydan sonra Azərbaycan-Qırğızıstan diplomatik münasibətlərinin qurulmasının 30 ili tamam olacaq. Bu illər ərzində mövcud olmuş siyasi əlaqələrin təhlili göstərir ki, diplomatik əlaqələr yarandığı gündən Qırğızıstan–Azərbaycan ikitərəfli əməkdaşlığı ənənəvi şəkildə, qarşılıqlı surətdə faydalı tərəfdaşlıq, dostluq əsasında qurulmuş və bütövlükdə siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni və digər sahələrdə uğurla inkişaf etmişdir. Nəticədə dövlətlərarası əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin Qırğızıstana səfəri, orada yüksək səviyyədə qarşılanması, Azərbaycan, ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyev haqqında söylənilən fikirlər Azərbaycanın dünyada və bölgədə artan nüfuzunun göstəricisidir.

Yaqut Ağaşahqızı, “İki sahil”