22 yanvar 2025 18:15
154

“SOCAR Türkiyə”nin HƏDƏFİ: 2050-ci ilə qədər…

Star NEZ və “Petkim” Türkiyənin aşağı karbonlu iqtisadiyyata keçidinə əhəmiyyətli töhfələr verir

Türkiyənin ən böyük birbaşa xarici sərmayədarı və ən böyük inteqrasiya sənaye qrupu olan “SOCAR Türkiyə”nin qrup şirkətlərindən biri olan Star neft emalı zavodu (NEZ) 2018-ci ildən fəaliyyətə başlayıb.

Dünya logistika şəbəkəsinə açlan pəncərə

Azərbaycan və SOCAR-ın xam neftdən asılılığının aradan qaldırılmasına yönəlmiş strategiyasına uyğun tikilib istismara verilən və SOCAR-ın emal və neft-kimya kompleksinin mühüm tərkib hissəsi olan Star NEZ-də təkcə Azərbaycan neftini deyil, həm də başqa ölkələrin xam nefti emal edilir. Bununla da zavod öz təbii resurslarının çərçivəsindən çıxaraq, əlavə gəlir əldə etməyə nail olur. Star SOCAR-ın “Petkim” neft-kimya kompleksini xammal ilə təchiz edərək, onun əməliyyat rentabelliyini artırır və əlavə mənfəət yaradır.

Azərbaycanın birbaşa okeanlara çıxışı olmasa da, Star NEZ Egey dənizinin ən böyük limanı “SOCAR Terminal”ın yanında yerləşdiyi üçün buradan emal olunan neft məhsullarını dünyanın istənilən nöqtəsinə dəniz yolu ilə çatdırmaq mümkün olur. Zavod daxili bazarın tələbatını ödəməklə yanaşı, məhsullarını Aralıq dənizi və Şimalı Avropa ölkələrinə də ixrac edir.  Beləliklə, Azərbaycan İzmirin Əliağa bölgəsində yaratdığı böyük sənaye kompleksi vasitəsi ilə dünya logistika şəbəkəsinə pəncərə açmış oldu.

Son 60 ildə SOCAR tərəfindən İzmirin Əliağa bölgəsində inşa edilən bu neft emalı zavodu qardaş ölkənin emal olunmuş neft ehtiyacının 25%-ni təkbaşına təmin edir.

İlk satışını 2019-cu ilin yanvarında “Petkim”ə nafta tədarük etməklə həyata keçirən Star NEZ-də 2024-cü ilin sonundan etibarən xam neftin emal həcmi ildə 13 milyon tona çatdırılıb. 2023-cü ildə istehsal gücündən istifadə əmsalı 117,1% təşkil edib. Star NEZ-də dizel, nafta, aviasiya yanacağı və LPG kimi müxtəlif neft məhsulları istehsal edilir və 2023-cü ildə Türkiyənin emal olunmuş neft məhsullarına olan ehtiyacının təxminən 18%-i qarşılanıb. Star NEZ-in istehsal etdiyi illik nafta ilə “Petkim”in xammal ehtiyacı demək olar ki, tam olaraq ödənilir.

İstehsal gücündə artım, enerji istehlakında qənaət

Ötən il neft emalı zavodunda təxminən iki aya yaxın müddətdə aparılan təmir prosesi uğurla başa çatıb. Bu dayanma zavodun əməliyyat səmərəliliyinin artmasına və planlı dayanmalara ehtiyac olmadan növbəti 5 il ərzində fasiləsiz istehsala imkan verəcək. Planlaşdırılan dayandırma ilə inteqrasiya olaraq həyata keçirilən gücün artırılması layihəsinin başa çatdırılması ilə NEZ-in istehsal gücü 2,5 % artırılıb. Star neft emalı zavodunun ilk planlaşdırılmış texniki dayanacağına təxminən 2 illik ön hazırlıq dövrü sərf edilib. Müvəqqəti dayanma təhlükəsiz və müəyyən edilmiş əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit (OSS-E) standartlarına uyğun olaraq uğurla tamamlanıb.

Star NEZ ötən il həyata keçirdiyi layihələr sayəsində ümumi enerji istehlakının təxminən 2 %-i qədər enerjiyə qənaət edib. Star NEZ, həmçinin ötən il karbon emissiyalarının əhəmiyyətli dərəcədə azalmasına nail olub. Enerji və emissiya qənaətinə səbəb olan layihələr arasında hidrogen istehsalı qurğusunda buxar-karbon nisbətinin və hidrogen halqasının optimallaşdırılması, DCU qurğusunda isti yükləmənin maksimallaşdırılması ilə yanacağa qənaət, kondensat temperaturunun artırılması, eləcə də zavodun buxar tələlərinin idarəetmə sistemində qənaət işləri yer alır.

Liderlər sırasında

Sevindirici haldır ki, bunun nəticəsində Star NEZ Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi 24-cü Sənaye Enerji Effektivliyi (SENVER-24) Layihə Müsabiqəsində öz kateqoriyasında birinci yeri qazanıb. Həmçinin əldə etdiyi nailiyyətlərə görə Star NEZ 2021-ci ildə Dünya İqtisadi Forumunun (WEF) “Global Lighthouse Network” platformasına qoşulan ilk neft emalı zavodu olub. Zavod Egey Zonası Sənaye Palatasının (EBSO) 2023-cü il üzrə 100 ən böyük şirkət siyahısında birinci yerdə qərarlaşıb. İstanbul Sənaye Palatası tərəfindən hazırlanan "Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi 2023 Araşdırması”nda Star NEZ üçüncü yeri tutub. "Capital" jurnalının hər il Türkiyənin ən böyük şirkətlərini açıqladığı “Capital 500” siyahısında Star NEZ 2023-cü ildə 11-ci yerdə qərarlaşıb. NEZ Türkiyənin ən yaxşı 500 şirkətinin sıralandığı prestijli “FORTUNE 500 Türkiyə 2023 Araşdırması”nda  11-ci yeri tutub.

90-dan çox dayanıqlılıq layihəsi həyata keçirilib

SOCAR-ın qarşıya qoyduğu 2035-ci ilə qədər emissiyaları 20%, korporativ emissiya sıxlığını isə 30% azaltmaq, 2050-ci ildə isə xalis sıfır emissiyaya nail olmaq hədəfi “SOCAR Türkiyə”nin qrup şirkətlərindən olan Star NEZ-dəkı dayanıqlılıq tətbiqlərini formalaşdırır. 2021-2023-cü illər arasında ətraf mühitə təsirlərini azaltmaq məqsədilə 90-dan çox dayanıqlılıq layihəsi həyata keçirilib. Bu layihələr sayəsində 110 min ton suya qənaət edilib, 440 min ton CO2 emissiyasının qarşısı alınıb və bütün hüquqi öhdəliklər 100% yerinə yetirilib.

Star neft emalı zavodunda isə dayanıqlı aviasiya yanacağı (SAF) inkişafı üzrə sınaqlar və karbon emissiyasının azaldılması layihələri çərçivəsində mühüm addımlar atılır. “SOCAR Türkiyə” tərəfindən Star NEZ və “Petkim”də 2023-cü ildə həyata keçirilən "Dəyər Mənim" Proqramı layihələri sayəsində ümumilikdə 197 min ton CO2 emissiyasının qarşısını alınıb.

Bir sözlə, “SOCAR Türkiyə” 2050-ci ildə xalis sıfır emissiyaya nail olmağı hədəfləyir. Bu istiqamətdə karbonun azaldılması, bərpaolunan enerji istifadəsinin artırılması və dairəvi iqtisadiyyat tətbiqlərinin dərinləşdirilməsi üzrə işlərini davam etdirəcək.

Nəticə etibarilə “SOCAR Türkiyə”nin qrup şirkətlərindən olan Star NEZ və “Petkim” Türkiyənin aşağı karbonlu iqtisadiyyata keçidinə əhəmiyyətli töhfələr verir və dayanıqlı gələcək üçün innovativ həllər təqdim etməyə davam edirlər.

Orxan Vahidoğlu, “İki sahil”