14 oktyabr 2022 09:56
1428

15 oktyabr 2003-cü il  Müstəqil Azərbaycanın yeni yüksəliş dövrünün başlanğıc günüdür

Kamran Bayramov: Azərbaycan son 19 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır

«2003-cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi. İlham Əliyevi Prezident seçməklə Heydər Əliyevin siyasi kursuna sadiqliyini nümayiş etdirən xalqımız, Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi.»

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

 K.Bayramov qeyd edib ki, Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur və bu gerçəklik beynəlxalq siyasətçilər, ekspertlər tərəfindən də təsdiqlənir.  Xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər ayrı-ayrı sahələrdə malik olduğu imkanların, həmçinin təcrübənin təqdimatında əhəmiyyətli rol oynayır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, güclü, qüdrətli Azərbaycan harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının qürur mənbəyidir.

Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin hakimiyyətinin 19 ilinin zirvəsində işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Ölkə prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ  Zəfəri  xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı. Tarixə diqqət yetirsək görərik ki, ötən 19 ildə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülüb. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Məhz bu ordu öz Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşını başladı və dünyanı heyrətə salan hərbi uğurlara imza atdı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. İki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etmiş oldu. Döyüşlər sadəcə səngərdə və diplomatik masada deyil, informasiya məkanında da qızğın xarakter aldı.  İnformasiya məkanında da ən ali vəzifəni öz üzərinə götürən cənab Prezident  26 xarici mediaya müsahibələr verdi, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, səbəbləri, habelə, Azərbaycanın mövqeyini əsaslandıran hüquqi, siyasi, mənəvi və digər amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı.  Azərbaycanın haqlı mövqeyini tutarlı faktlarla əsaslandıran İlham Əliyev,  sual doğuran məsələlərə aydınlıq gətirərək reallıqları dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bütün cinahlarda gedən döyüşlərə şəxsən rəhbərlik edən Cənab Prezident İlham Əliyev Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edərək tarixi qələbəyə imza atdı. Və haqlı olaraq hər kəs ərazi bütövlüyümüzün bərpa olunmasını  Prezident İlham Əliyevin siyasətinin şah əsəri hesab edir. Məhz, onun sayəsində bu gün Azərbaycan  ən yüksək zirvələri fəth etməklə Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

Deputat əlavə edib ki, Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 19 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Bu illər ərzində Azərbaycanın siyasi, iqtisadi imkanları daha da  genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi,ölkədə təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda «Azəri», «Çıraq» və «Günəşli» yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rola malik olduğunu bir daha təsdiqlədi.Bundan başqa, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı da çox böyük tarixi hadisə kimi yadda qaldı. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu. Ötən dövr Azərbaycanda bütün sahələrin inkişaf etməsi ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunub. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçib. Təşkilata sədrlik müddətinin daha bir il artırılması Prezident İlham Əliyevin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir.

Deputat sonda qeyd edib ki, bu gün Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərilə heyrətləndirir. Bu ərazilərdə yeni yollar çəkilir, elektrik stansiyaları tikilir, Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur. İşğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.