15 oktyabr 2022 02:14
813

Makron Praqadakı məğlubiyyətini həzm edə bilmir

O, hələ də ölmüş Minsk Qrupunu diriltməyə cəhd etməklə məşğuldur

Fransa daim ermənipərəst mövqeyi ilə seçilib və bu gün də eyni mövqeyi davam etdirərək postmünaqişə dövründə Ermənistanın maraqlarını müdafiə etməyə çalışır. Bu ölkə Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı ATƏT-in Minsk qrupunun həmsədri kimi, vasitəçilik dövründə də açıq şəkildə Ermənistanın yanında olduğunu nümayiş etdirib. İkinci Qarabağ müharibəsində də Fransa beynəlxalq hüququn ziddinə gedərək Ermənistanın müdafiəsinə qalxdı, işğalçı Ermənistanı günahsız ölkə kimi qələmə verməyə çalışdı.

Elə ötən günlərdə Fransa Prezidenti Emmanuel Makron  ənənəsinə sadiq qalaraq yenidən erməni himayədarlığını ortaya qoydu. O, Ermənistanla Fransanı «dərin əlaqələr»in birləşdirdiyini, rəsmi Parisin erməniləri «darda qoymayacağını» bildirib... Hətta daha dərinə gedərək Fransanın «dəyərlər»inin və «prinsiplər»inin enerji resursları ilə satın alınmasının mümkün olmadığını vurğulayıb.

Əslində, Makronun da dediyi kimi, Ermənistanla Fransanı bağlayan «dəyərlər» soyqırımlar və işğalçılıq siyasətidir. Sadəcə bu «dəyərlər» arasında zaman fərqi var. Belə ki, Fransa əsarətdə saxladığı  Əlcəzairin 1954-cü ildən 1962-ci ilə qədərki müstəqillik mübarizəsində 1 milyon əlcəzairlini qətlə yetirmişdi.  Eyni qətliamları Ruandada həyata keçirdi.

Bəs, Makron belə ermənipərəst açıqlamalarını nə səbəbə yenidən gündəmə gətirdi? Təbii ki, əsas səbəb  Praqada Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin imzalanmasına dair ciddi bəyanatın verilməsidir. Qeyd edək ki,  Praqa görüşündən sonra bu istiqamətdə müəyyən irəliləyişlər əldə edilib. Hər halda, rəsmi İrəvanın Praqa bəyanatı ilə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiqləməsi yekun sülh sazişinin imzalanması prosesinə təkan verib. Hətta bu ilin sonuna qədər Azərbaycan-Ermənistan sülh sazişinin reallığa çevrilə biləcəyi tamamilə inandırıcı görünür.

Onu da qeyd etmək lazımdır ki, Praqa görüşünə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə yanaşı, Fransa Prezidenti Emmanuel Makron da vasitəçilik edirdi. Ermənistanın baş naziri Nikol Paşinyan məhz Fransa Prezidenti E.Makronun verəcəyi dəstəyə böyük ümidlər bəsləyirdi. Ancaq Azərbaycan Prezidenti İlham Əliyev öz qətiyyətli və prinsipial mövqeyi ilə erməni baş nazirin bütün ümidlərini boşa çıxara bildi. Fransa Prezidentinin müəyyən təzyiq cəhdlərinə baxmayaraq, Praqa bəyanatı Azərbaycan liderinin diktə etdiyi şərtlər əsasında qəbul edildi. Ona görə də Makron son məğlubiyyətini ört-basdır etmək üçün anti-Azərbaycan çıxışlara üstünlük verməyə başladı.

Makron son açıqlamalarında Rusiyanın da bostanına daş atıb.Biildirib ki, Ermənistanın hərbi-siyasi təxribatları ucbatından baş vermiş sentyabr toqquşmalarını Rusiya ssenariləşdirib: «Məhz Rusiya Azərbaycan və Ermənistan arasında «məqsədyönlü təxribatlar» törətməklə, Cənubi Qafqazda situasiyanı gərginləşdirməyə çalışır.» Təbii ki, Rusiya Prezidenti Vladimir Putin onun bu çıxışını bəsit  və məntiqsiz adlandırıb.

Bəli, Fransa Prezidenti unudur ki, Cənubi Qafqazda baş verən son silahlı toqquşmaların arxasında ABŞ-ın və Fransanın Paşinyan hakimiyyətinə təlimatları durub. Hətta Fransa Prezidenti etiraf etməlidir ki, ABŞ və Fransa Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxartmaq üçün məhz Ermənistandan  bir vasitə kimi istifadə edir. Məqsəd Minsk qrupunu yenidən proseslərə qoşmaqdır. Bütün bunlardan bir daha aydın görünür ki, Makronun sərsəmləmələri tamamilə məntiqsiz olmaqla yanaşı, həm də regionda müharibəni yenidən qızışdırmaq cəhdidir.

Ümumiyyətlə, Fransa tarixən türk və müsəlman dünyasına həmişə düşmən münasibət bəsləyib. Avropanın mərkəzində yerləşən bu ermənipərəst ölkədə bu gün də insanlara münasibətdə dini, irqi ayrı-seçkilik müşahidə olunur. Qardaş Türkiyənin Avropa İttifaqına üzv olmasına qarşı çıxan əsas ölkələrdən biri, bəlkə də birincisi elə Fransadır. İndi sual olunur:türk dünyasına qarşı ən ədalətsiz mövqe sərgiləyən,  müstəqil və ləyaqətli siyasət yürüdən  Azərbaycana qarşı hər cür yaramazlıqlara əl atan və açıq şəkildə ermənipərəst siyasət yürüdən belə bir ölkə hansı üzlə, hansı haqla yenidən bizimlə Ermənistan arasında vasitəçi olmaq istəyir? Cavab birmənalıdır: Onun buna heç bir mənəvi, siyasi və hüquqi haqqı çatmır.

Elçin Zaman, «İki sahil»