17 oktyabr 2022 11:42
510

İşğaldan azad edilən Füzuli rayonuna yeni nəfəs gəlir

Füzuli rayonunun əsası 1827-ci ildə qoyulmuş və ilkin adı Qarabulaq olmuşdur. Füzuli 8 avqust 1930-cu ildə inzibati rayon statusu almış və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişdirilərək Füzuli rayonu adlandırılmışdır. Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Cənub-qərbdə Cəbrayıl, şimalda Xocavənd, Ağcabədi, şərqdə Beyləqan rayonları və cənubda Araz çayı boyunca İranla həmsərhəddir. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Füzuli rayonu ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılmış, Azərbaycanın qədim tarixə sahib olduğu sübut edilmişdir. 1968-ci ildə görkəmli arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal -  Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 km. aralı məsafədə yerləşən Azıx mağarasında tapılmışdır. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarladı.

Rayonda 2 şəhər, 11 qəsəbə, 82 kənd vardı. Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, Əhmədalılar və ya Arğalı türbəsi, Babı türbəsi, Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi, Qarğabazar kəndində Hacıqiyasəddin məscidi, Karvansara, Qoçəhmədli kəndində məscid, Füzuli şəhərində Hacı Ələkbər məscidi, "Məşədi Həbib" hamamı, Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiquru qədim abidələri və s. bu kimi tarixi əhəmiyyət daşıyan abidələr erməni işğalçıların vəhşi vandalizminə məruz qalmış, məhv edilmiş, yandırılmışdır.

Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edib. Bu da məhsuldarlıq baxımından kənd təsərrüfatına yararlı boz, şabalıdı, boz –qəhvəyi torpaq sahələrinin olması ilə izah edilir. İşğala qədərki dönəmdə Füzuli rayonunda taxılçılıq, heyvandarlıq, üzümçülük, qoyunçuluq, quşçuluq, baramaçılıq geniş inkişaf edib. Kənd təsərrüfatına yararlı torpaqlar 85 min hektar idi. Köndələn çayı üzərində Köndələn su anbarı tikilmiş, suvarma kanalları çəkilmişdir. Kənd təsərrüfatı ilə yanaşı, rayonda tikinti tresti, 6 nəqliyyat təşkilatı, 13 sənaye müəssisəsi və s. fəaliyyət göstərirdi.

Mədəniyyətin inkişafına görə, ölkənin digər bölgələrindən geri qalmayan Füzuli rayonunda işğala qədər 90 kitabxana, 20 mədəniyyət evi, 20 kinoqurğu, 2 muzey, xalq və dövlət dram teatrları, istirahət parkları fəaliyyət göstərib. Füzuli bölgəsində teatr 1913–1914-cü illərdə yaranmışdır. Mirzə Fətəli Axundzadənin "Hacı Qara”, İlyas.Əfəndiyevin "Unuda bilmirəm", Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatı", Süleyman Sani Axundovun "Eşq və İntiqam", Cəfər Cabbarlının "Aydın", "Almaz" əsərləri Füzuli Dövlət Dram Teatrının uğurlu tamaşalarındandır.

Füzuli rayon mədəniyyət və turizm şöbəsi rayon ərazisinin erməni işğalından sonra fəaliyyətlərini Bakı şəhərində və rayonun işğaldan azad edilmiş ərazilərində bərpa etmişdir. Rayon tarix-diyarşünaslıq muzeyi, Bünyad Sərdarovun ev muzeyi, iki uşaq incəsənət və 5 uşaq musiqi məktəblərinin Bakı şəhərində, 1 muzey filialı, mərkəzləşdirilmiş kitabxana sisteminin və onun 33 filialinin, 14 kənd mədəniyyət evinin, 7 klub müəssisəsinin, 5 uşaq musiqi məktəblərinin fəaliyyətləri rayon ərazisində bərpa edilmişdir.

Füzuli rayonu həmçinin  yüksək intellektə malik ziyalıları, görkəmli alimləri ilə respublikamızda ad-san qazanmışdır. Füzulidə 300-dən artıq elmlər namizədi və doktoru yetişmişdir. Əməyə bağlılıq, halal zəhmət də Füzuli sakinlərinin həyat tərzi olmuşdur.

1988-ci ildən başlayan Ermənistan hərbi təcavüzü nəticəsində 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın təcavüzünə qarşı mübarizədə minlərlə Füzuli sakini döyüşmüş, yüzlərlə füzulili şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Azərbaycan Ordusunun 1994-cü ilin dekabr ayında başlatdığı uğurlu Horadiz əməliyyatı nəticəsində 21 kənd və strateji cəhətdən əhəmiyyətli Horadiz qəsəbəsi işğaldan azad edilmişdir.

2020-ci il oktyabrın 17-də Füzuli şəhəri, 44 günlük Vətən müharibəsi ərzində rayonun 53 kəndi Ermənistan işğalından tam azad olundu. Qəhrəman Azərbaycan Ordusu Füzuli torpağına müqəddəs Azərbaycan Bayrağını sancdı. Füzuli rayonu işğaldan azad edildikdən sonra bölgədə abadlıq-quruculuq işlərinə başlandı. Burada, ilk növbədə, nəqliyyat-logistika layihələrinin gerçəkləşməsinə xü­susi önəm verildi, yol-tikintisi, aeroportların salınması məsələləri prioritet vəzifə kimi qarşıya qoyuldu. Məhz bu diqqətin nəticəsi idi ki, Əhmədbəyli-Füzuli-Şuşa, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Füzuli-Hadrut avtomobil yollarının sürətlə reallaşdırılması istiqamətlərində mühüm nəticələr əldə edildi. Bərpa çərçivəsində gerçəkləşdirilən layihələr sırasında Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanı mühüm sosial-iqtisadi və strateji əhəmiyyətə malikdir. 2021-ci il oktyabrın 26-da hava limanının rəsmi açılışı olmuşdur. Açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda çoxsaylı layihələrin icrası davam edir. Ötən il Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza səfərləri zamanı Ağdam, Füzuli şəhərlərinin baş planları təsdiq olunaraq təməlləri qoyulub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfərləri işğaldan azad olunmuş ərazilərimizin sürətlə bərpa olunduğunu bütün dünyaya nümayiş etdirdi. Qısa müddətdə nəhəng infrastruktur layihələrinin icrasının başa çatdırılması torpaqlarımızın xilaskarı Prezident İlham Əliyevin böyük siyasi iradəsinin təcəssümüdür.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı