“Azərbaycan qonşu olan və olmayan digər dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı əlaqələrin genişləndirilməsinə daim böyük önəm verib. Bu baxımdan ölkə başçısının Qırğızıstana dövlət səfəri iki ölkə arasındakı əlaqələrə yeni impuls verən mühüm hadisələrlə yadda qaldı.”
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.
A.Məmmədov qeyd edib ki, tarixə nəzər yetirsək görərik ki, Azərbaycanla Qırğızıstan Respublikasının münasibətlərinin qədim kökləri var: “Azərbaycanlılar və qırğızlar eyni kökə, mədəniyyətə, tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa, xalqlarımızı dil və din eyniliyi də birləşdirir. İnkaredilməz reallıqdır ki, son onillikdə Qırğız Respublkasının tarixində siyasi təlatümlər, tez-tez hakimiyyət dəyişikliyi, uzunmüddətli daxili gərginliklər baş verib. Azərbaycan isə müstəqil hüquqi dövlətdir və baş verən hansısa prosesin hüququn aliliyi prinsipi əsasında ədalətli həllini dəstəkləyib. Ümumiyyətlə, Azərbaycanla Qırğızıstan arasında yaranan uğurlu dövlətçilik münasibətlərinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və “Manas” eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ilk dəfə Qırğızıstana səfərindən sonra ildən-ilə inkişaf edən münasibətlər hazırda iki ölkə arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Cari il aprelin 20-də Qırğızıstan Prezidenti Sadır Japarov ölkəmizdə rəsmi səfərdə olub. Səfər zamanı “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb. Prezident İlham Əliyev də Qırğız Respublikasına dövlət səfəri çərçivəsində ikitərəfli danışıqlar aparıb, həmçinin Dövlətlərarası Şuranın I iclasında iştirak edib. Daha sonra Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərəsimi olub. Prezidentlər mətbuata bəyanatlarla çıxışlar ediblər.”
Deputat bildirib ki, səfər çərçivəsində Azərbaycan və Qırğızıstan prezidentlərinin təkbətək, geniş tərkibdə görüşlərinin keçirilməsi, “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Birinci Dövlətlərarası Şuranın iclasının Qərarı”nın imzalanması, iki ölkənin müvafiq qurumları arasında orta və kiçik biznesin inkişafı, Bakı və Bişkek şəhərləri arasında qardaşlıq əlaqələrinin qurulması, ətraf mühitin qorunması, məcburi sosial dövlət sığortası barədə anlaşma memorandumlarının imzalanması, habelə 2023-2025-ci illər üzrə əməkdaşlıq proqramı barədə sənədin qəbul edilməsi, əlavə olaraq Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq və Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında sazişlərin imzalanması iki ölkə arasında olan münasibətlərin yeni inkişaf mərhələsinin başlandığına işarədir: “Nəzərə alsaq ki, bu səfər Azərbaycan Prezidentinin dost ölkəyə ilk səfəri deyil. Dövlət başçısı beynəlxalq təşkilatların işində iştirak edərkən Bişkekə bir neçə dəfə səfər etmiş, yarım il əvvəl isə Qırğızıstan Prezidenti ilə Bakıda görüşmüşdür. Qarşılıqlı təmasların belə intensivliklə təşkil edilməsi onu göstərir ki, hər iki tərəf əlaqələrin daha sürətlə inkişaf etməsində maraqlıdır. İlham Əliyev Bakı görüşündən sonra birgə Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərarın vacibliyinə belə qiymət verir: “Bu fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək”. Eyni zamanda yarım il əvvəl strateji tərəfdaşlıq barəsində imzalanan bəyannamə də ikitərəfli münasibətlərin intensivliyini artırmış, qarşıya qoyulan məqsədlərin çoxunu real siyasətə transformasiya etmişdir. Bu əməkdaşlığın yüksək texnologiyalar və hətta kosmik əlaqələri əhatə etməsi isə xüsusi diqqət çəkir. Artıq Azərbaycanın iki peyki -"Azersky" və"Azerspace-1"qırğız tərəfdaşlarımıza xidmət göstərir.”
Milli Məclisin deputatı vurğulayıb ki, bu səfər iki ölkənin qarşılıqlı münasibətlərini strateji tərəfdaşlıq kimi daha yüksək səviyyəyə yüksəltdi: “Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bizim aramızda əsl qardaşlıq, tam qarşılıqlı anlaşma var və hər bir məsələdə daha dərin strateji təmaslar qurulacaq. Azərbaycanın qədim şəhəri Şuşanın gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünün Qırğızıstan tərəfindən dəstəklənməsi də deyilənlərə əyani sübutdur.”
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB