17 oktyabr 2022 13:39
524

Binəli Yıldırım: Zəngəzur dəhlizi açıldıqdan sonra Orta dəhlizin səmərəliliyi daha da artacaq

Nəqliyyat və rabitə təməllərinin inteqrasiyasının artırılması baxımdan Orta dəhlizin əhəmiyyəti çox yüksəkdir.

“İki sahil” xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında çıxışı zamanı TDT-nin Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib.

O qeyd edib ki, bu dəhliz tarixi ticarət yolu olmaqla yanaşı, həm də iqtisadi baxımından digər ticarət yollarından daha tez və sərfəlidir.

“Rusiya-Ukrayna qarşıdurması son dövrdə bu dəhlizin daha təhlükəsiz və işlək olduğunu bir daha göstərdi. Azərbaycan ilə Naxçıvanı birləşdirən Zəngəzur dəhlizi açıldıqdan sonra bu dəhlizin səmərəliliyi daha da artacaq. TDT-yə üzv ölkələr bu dəhlizin üzərində yerləşir və Zəngəzur dəhlizinin tezliklə açılması hər birimizin maraq dairəsi daxilində olmalıdır”, - deyə o bildirib.

Bu il noyabrın 11-də Səmərqənddə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında müzakirə olunacaq məsələlərə diqqət çəkən Binəli Yıldırım bildirib ki, TDT-nin xarici ölkələrlə toplam ticarət həcmi 700 milyard ABŞ dollar olduğu halda, TDT ölkələri arasında bu məbləğ 20 milyard dollar təşkil edir. O əlavə edib ki, bu rəqəmin artırılması müzakirə olunmalıdır və Səmərqənddə keçiriləcək Liderlər Zirvəsində sərbəst ticarət anlaşmasının imzalanması gözlənilir.