18 oktyabr 2022 23:32
559

İnsanlığa sığmayan erməni vəhşiliyi

Bəs UNESCO niyə kor, kar, lal olub?

Ermənistan illərdir ki, Azərbaycanın maddi-mədəni irsinə, tarixi, dini abidələrinə qarşı misli görünməmiş barbarlıq aktları həyata keçirib. Son günlər sosial şəbəkələrdə Ermənistan hərbi-siyasi rəhbərliyinin uzun illər ərzində azərbaycanlılara qarşı formalaşdırdığı etnik nifrət siyasətinin nəticələrini özündə əks etdirən növbəti video da bunu bir daha isbatlayır.

Həmin videodan ermənilər tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Xankəndi şəhərində dəfn olunmuş azərbaycanlılara məxsus qəbirüstü abidələrin vandalcasına dağıdıldığı, həmçinin bu əməllərin qəsdən və nifrət zəminində həyata keçirildiyi məlum olur. Təəssüflər olsun ki, artıq onillərdir biz Ermənistanın Azərbaycana qarşı aşkar vandalizm aktlarına rəğmən dünyanın susmasının şahidiyik. Xüsusilə də UNESCO-nun laqeyd münasibəti fonunda ermənilər Azərbaycan xalqının bu bölgədə əsrlər boyu yaratdığı mədəni-tarixi irsi dağıtmaqda davam edir.

Sözügedən məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi bildirib ki, beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən təkcə Azərbaycanın deyil, eləcə də bəşəriyyətin irsinə qarşı törədilən vəhşiliklərə susmamalıdır: “Məlum olduğu kimi, Ermənistan, ərazisində tarixən məskunlaşan azərbaycanlılara məxsus tarixi, mədəni, dini irsi məqsədyönlü şəkildə məhv etməklə yanaşı, 30 ilə yaxın işğal altında saxladığı Qarabağ və ətraf rayonlarda da misli görünməmiş dağıntılar törədib, tarixi-dini abidələri yerlə-yeksan edib, qəbiristanlıqlara qarşı vandallıq aktları həyata keçirib, beləliklə də, bu ərazilərdəki azərbaycanlı izlərini tamamilə silməyə çalışıb. Ermənistanın həyata keçirdiyi qeyri-qanuni fəaliyyət, o cümlədən müəllifi olduğu urbisid, ekosid və kultursid aktları ilə bağlı faktlar toplanaraq beynəlxalq təşkilatlara təqdim olunub”.

Qeyd olunub ki, Azərbaycan ərazilərində qanunsuz məskunlaşan erməni əhali, hətta hərbi əməliyyatlar bitdikdən sonra Azərbaycan ərazilərini tərk edən zaman infrastruktura, abidələrə, ətraf mühitə zərər vurub. Bu nifrət zəminində törədilmiş cinayətlərin qarşısının alınması, cinayətkarların cəzalandırılması istiqamətində indiyədək Ermənistanın aidiyyəti qurumları tərəfindən heç bir addım atılmayıb. Bunun səbəbi Azərbaycan irsinin məhv edilməsi siyasətinin Ermənistanda dövlət səviyyəsində aparılmasıdır. Ermənistan tərəfindən 30 illik işğal dövründə UNESCO missiyasının bölgəyə səfərinin qarşısının alınması, Azərbaycan ərazilərini azad etdikdən sonra missiyanı bölgəyə dəvət etsə də yenidən Ermənistanın destruktiv mövqeyinə görə UNESCO missiyasının səfərinin hələ də baş tutmaması dərin təəssüf doğurur.

“Yayılan videogörüntülər Ermənistanın nədən beynəlxalq missiyanın bölgəyə səfərində maraqlı olmadığını aydın şəkildə göstərir. Radikal ermənilər tərəfindən törədilən bu vandallıq əməlləri kövrək postmünaqişə mərhələsində iki dövlət arasında normallaşma prosesinə zərbədir. Azərbaycan tərəfindən, azad olunmuş ərazilərdəki böyük dağıntılar, videogörüntülər şəklində yayılmış vandallıq əməlləri müvafiq şəkildə toplanıb, sənədləşdirilir və bu əməllərə, o cümlədən vurulmuş zərərə görə Ermənistan tərəfinin cavab verməsi üçün müvafiq addımlar atılır. Beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən yalnız Azərbaycanın deyil, eləcə də bəşəriyyətin irsinə qarşı törədilən vəhşiliklərlə bağlı susmamalıdır”, - deyə Xarici İşlər Nazirliyi bəyan edib.

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva isə ermənilərin azərbaycanlıların qəbirlərini dağıtması ilə bağlı beynəlxalq təşkilatlara müraciətində qeyd edib ki, Ermənistanın işğalı dövründə Füzuli, Zəngilan, Ağdam rayonlarında dağıdılaraq təhqir edilmiş qəbiristanlıqlarla bağlı Azərbaycan ombudsmanı tərəfindən həyata keçirilmiş faktaraşdırıcı missiyanın nəticəsi olaraq cari ildə hazırlanmış və dünya ictimaiyyətinin diqqətinə çatdırılmış hesabatda azərbaycanlılara məxsus məzar daşlarının kütləvi şəkildə dağıdılması, qəbirlərdən kəllə sümüklərinin çıxarılması və qızıl dişlərin götürülməsi kimi faktlar qeyd olunmuşdu. Təəssüf ki, 30 ilə yaxın müddət ərzində beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq bu kimi çoxsaylı müharibə cinayətlərini törətmiş şəxslərə qarşı hər hansı hüquqi məsuliyyət tədbirlərinin görülməməsi bu günə qədər bu kimi insanlığa sığmayan, dini etiqad azadlığının kobud şəkildə pozulmasına səbəb olan, nifrət dolu cinayətkar əməllərin davamlı olaraq törədilməsinə və ictimailəşdirilməsinə şərait yaradıb.

“Ermənistanın beynəlxalq səviyyədə Azərbaycanla bağlı yanlış fikir formalaşdırmağa hesablanmış addımlarının son zamanlar daha geniş vüsət aldığını nəzərə alaraq, beynəlxalq təşkilatları və bütövlükdə dünya ictimaiyyətini bu cür vandalizm hallarına biganə qalmamağa, milli-dini ədavəti qızışdıran təxribatçı əməllərin törədilməsinə rəvac verməklə regionda ədalətli sülhün və təhlükəsizliyin təmin olunmasına maneə yaradan, məhz etnik mənsubiyyətinə görə azərbaycanlıları hədəfə alan Ermənistanın nifrət siyasətindən əl çəkməsi üçün təsirli tədbirlər görməyə çağırırıq”, - deyə müraciətdə vurğulanıb.

30 ilə yaxın bir zaman ərzində işğal etdikləri ərazilərdə bir dənə də olsun salamat tikili, qəbiristanlıq, tarixi abidə qoymayan vandallara bu günə kimi ciddi irad tutan bir beynəlxalq təşkilatlara da rast gəlmədik. Erməni işğalçılarının özbaşınalığı nəticəsində tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasına zidd olmasına baxmayaraq bu məsələ ilə bağlı Ermənistana beynəlxalq təzyiq göstərilməyib. Azərbaycan Ordusu öz gücü hesabına torpaqlarını işğaldan azad etdikdən sonra isə illərdir ki, erməni vandalizminə göz yuman dünya birliyi, xüsusilə də erməni təəssübkeşləri Azərbaycanı Qarabağda “erməni mədəniyyətini” məhv etmək kimi cəfəng iddialarla günahlandırırlar.

Rəsmi Bakı Ermənistan ərazisindəki azərbaycanlılara məxsus tarixi-mədəni abidələrin taleyinin UNESCO tərəfindən araşdırılması üçün missiyanın yaradılmasını dəfələrlə təklif etsə də, bu beynəlxalq qurum müxtəlif bəhanələrlə, UNESCO-nun siyasi məsələlərə qarışmadığını bildirməklə bölgəyə monitorinq aparmaq üçün missiya göndərməkdən imtina edib. UNESCO onun qarşısına əsas vəzifə kimi qoyulan bəşəri, humanist dəyərləri təbliğ və təqdir etmək əvəzinə, erməni vandalizminə və qəddarlığına göz yummaqla məşğuldur. Tarixi abidələrin qorunmasını özünə öhdəlik kimi seçmiş UNESCO ötən 2 il ərzində bir dəfə də olsun işğaldan azad edilmiş regionlara araşdırmaçı missiya göndərməyib. Halbuki, baş verənləri, milli-mədəni abidələrimizə qarşı törədilən vandalizm aktlarını dünyaya yaymaq, onları qorumaq birbaşa UNESCO-nun üzərinə götürdüyü missiya və vəzifədir. Bu, əlbəttə UNESCO-nun öz funksiyalarını yerinə yetirməməsinin göstəricisidir. Bu da bir daha onu göstərir ki, UNESCO beynəlxalq hüquq qaydalarını pozur.

Bu gün ikili standartları özünün iş prinsipinə çevirmiş UNESCO və digər aidiyyatlı qurumlar təəssüf ki, əsas öhdəliklərini, dəyərlərini erməni vandalizminə qurban verməkdədirlər. Bu isə onsuz da etimadı itirmiş həmin təşkilatları daha da nüfuzdan salır, onların əsl mahiyyətini ortaya qoyur.

Halbuki UNESCO hökumətlərarası təşkilatdır və öz fəaliyyətini mandatına uyğun olaraq obyektiv, qərəzsiz həyata keçirməlidir. UNESCO rəsmiləri vətəndaşı olduqları dövlətlərin milli gündəliyini önə çəkməklə məşğul olmamalı, təşkilat hansısa dövlətin siyasi təsir alətinə çevrilməməlidir. Bu onun imicinə, müstəqilliyinə çox böyük zərbədir. Mədəni irsin qorunması ümumbəşəri öhdəlikdir və siyasi məqsədlər üçün istifadə olunmamalıdır. Azərbaycanın mövqeyi isə haqlı və davamlıdır. Bakı dünən olduğu kimi, bu gün də UNESCO missiyasının təşkilinə qarşı çıxmır, sadəcə, ədalətli olmağa çağırır.

Yaqut Ağaşahqızı, “İki sahil”