Şəki rayonunun Orta Zəyzid kəndində yerləşən Zəyzid məbədi və Baş Küngüt kəndində yerləşən Küngüt məbədi tarix-mədəniyyət abidələrinin reyestrinə daxildir. Zəyzid qalası və qədim qəbiristanlıq isə yeni aşkar edilmiş abidə qismində qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.
Qeyd olunub ki, Zəyzid məbədinin bərpası və Küngüt məbədinin isə konservasiya edilməsi üçün investisiya planına daxil edilib.
“Tarixi abidələr müvafiq siyahıya daxil edilərək mərhələli şəkildə bərpa, konservasiya işləri həyata keçirilir. Sözügedən abidələrin də investisiya layihələrinin icrası çərçivəsində bərpası planlaşdırılır.
Qeyd olunan bütün tarixi abidələrin qorunması, ətrafının abad saxlanılması Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılır”, - məlumatda deyilir.