Təəssüflər olsun ki, biz müsəlman deyəndə türk, ərəb və ya digər müsəlman ölkələrində yaşayanlar ağlımıza gəlir. Müsəlman məfhumunu düzgün anlamamağımız, dində böyük çaşqınlığa, Qurani -Kərimin dərk edilməsində böyük yanlışlıqlara səbəb olur. “Müsəlman kimdir?” sualını aydınlaşdırmaq üçün gəlin, Quran ayələrinə istinad edək. Çünki Qurani-Kərimin dərk edilməsində yarana biləcək qaranlıq suallara cavabı elə Quranın özündə axtarmaq lazımdır. Belə ki, Quran ayələri özü bir-birini tamamlayır, aydınlıq gətirir. Quranda ziddiyyətli, qaranlıq fikir ifadəsi yoxdur. Quran-Kərimi dərk etmək üçün sadəcə hər bir insan öz ana dilinin qrammatikasını yaxşı bilməlidir. Çünki Qurani-Kərimdə müxtəlif cür müraciətlər var. Allahın insanlara müraciəti, Peyğəmbərə müraciəti, cənab Cəbrailin müraciəti, tək halda müraciətlər, cəm halda müraciətlər...
A. Eynşteyn: “Elm dinsiz - şikəst, din elmsiz - kordur.”
Əslində, Qurani-Kərim olmuş və olacaq bütün elmlərin kodlaşdırılmış məcmusudur. Bu, ayrı mövzunun müzakirəsidir. Gəlin, hələlik müsəlman kimdir sualına cavab tapaq:
Ali-İmran surəsi 3-67: – “İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O, ancaq Allaha itaət edən müsəlman idi və çoxallahlılar və müşriklərdən də deyildi”.
Ali-İmran surəsi 3-65: - “Ey kitab əhli, nə üçün İbrahim barədə höcətləşirsiniz? Tövrat da, İncil də ancaq ondan sonra nazil edilmişdir, məgər başa düşmürsünüz?”.
Ali-İmran surəsi 3-68: - “Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər (Məhəmməd s.a.s) və ona iman gətirənlərdir. Allah möminlərin dostudur!”.
Ali-İmran surəsi 3-84: - “(Ya Rəsulum), söylə: “Biz Allaha, bizə nazil olana (Qurana), İbrahimə, İsmayıla, İsaqa, Yəquba (İsrailə) və onun oğullarına nazil edilənə, rəbbi tərəfindən Musa, İsa və s. peyğəmbərlərə inandıq və onların heç birini bir-birindən ayırmırıq. Biz yalnız Ona təslim olanlarıq!”.
3-85: - “Kim İslamdan başqa bir din ardınca gedərsə, heç vaxt ondan qəbul edilməz və o, axirətdə zərər çəkənlərdən olar!”.
3-19: - “Allah yolunda (haqq olan) din İslamdır. Ancaq kitab verilənlər, bunu bildikdən sonra paxıllıqları üzündən aralarında ixtilaf düşdü, ayrılığa başladılar. Allahın hökmlərini inkar edənlərlə şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəcəkdir!”
Əl-Həcc, 22-78: - “(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin. O, sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı – bu din atanız İbrahimin dinidir. (Nəriman Qasımoğlunun tərcüməsindən). Allah bundan əvvəl də, bunda da (Quranda da) sizə müsəlman adını verdi ki, Peyğəmbər sizə, siz də insanlara şahid olasınız. Namaz qılın, zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O, nə gözəl ixtiyar sahibi, nə gözəl imdada yetəndir!”.
Qurani-Kərimdə “Ya Rəsul, Quranı da yad et. İsmayılı da yada sal, Musanı da yad et, İsmayılı da yada sal, kitabda İdrisi də yad et”, – deyə çağırışlar edilir. Və Məryəm surəsi 19-58-ci ayədə deyilir: “Bunlar Adəmin və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin (Yəqubun) nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın nemət bəxş etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın (Allahın) ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar.
(İdiris Adəmin, Nuh İdrisin, İbrahim Nuhun (və ya, Nuhun gəmisində alanlardan birinin) İsmayıl, İsaq, Yəqub – İbrahimin, Musa, Harun, Zəkəriyya və İsa isə Yəqubun nəslindən olan peyğəmbərlərdəndir.
Açıq-aydın dəlil surəsi - Əl-Bəqiyyə surəsi, 98-1: “Kitab əhlindən (Yəhudilərdən və xaçpərəstlərdən) kafir olanlar və müşriklər özlərinə açıq-aşkar bir dəlil gəlməyənə qədər ayrılan deyildilər”.
98-4: “Kitab əhli yalnız özlərinə açıq-aydın dəlil gəldikdən sonra ayrılığa düşdülər. (Kimisi inandı, kimisi yox, kimisi də şübhə içində qaldı”.
98-2: “Bu, açıq-aşkar dəlil isə pak səhifələri onlara oxuyan Məhəmməd Peyğəmbərdir”.
98-5: “Halbuki, onlara əmr edilmişdi ki, təkcə Allaha ibadət edələr. Təkcə ona könül verələr, namaz qılalar, zəkat verələr. Doğru olan din budur”. (Nəriman Qasımoğlunun tərcüməsindən).
Yerusəlim Hibr Universitetinin professoru Muşi Şaron: “İslam və onun tarixdəki yeri barədə müxtəlif rəylər mövcuddur. Müzakirələr nəticəsində belə bir nəticəyə gəlirik ki, tarixin özü əslində elə İslam tarixidir. Bu, o deməkdir ki, Adəmdən tutmuş bu günədək tarixin bütün əhəmiyyətli simaları, faktiki olaraq müsəlmandırlar.
Faktiki olaraq əzəldən cəmi bir din olub və bu din İslamdır”.
... “Beləcə İslam Məhəmməd (s.a.s) vaxtında gəldi. Daha doğrusu, xilaskar kimi geri döndü. Beləliklə, tarixdə heç bir müsəlman işğalı yoxdur. İndi müsəlmanların olduqları torpaqları işğal edənlər isə qətiyyən müsəlman olmayıblar. Təkrar edirəm, İslam işğalı deyilən bir şey yoxdur, İslam işğal yox, xilas eləyir...”.
Əvvəldən axıra bir dinimiz var,
Allahımız birdir, kökümüz də bir!
Dini parçalayan, dinlərə bölən
ya paxıllıq edir, ya dini bilmir.
Məhəmməd Peyğəmbər (s.a.s): “Ey insanlar, siz istəsəniz də, istəməsəniz də, qardaşlarsınız!”. Çünki hamımız bir kökdən yaranmışıq. Allahımız bir, dinimiz bir, kitabımız da birdir!”.
Deməli, İslam dininin doktrinası, nəzəriyyəsi kimi Allah tərəfindən peyğəmbərlərə nazil olunan səmavi kitablar təkmilləşərək Qurani-Kərimlə tamamlanmışdır.
Əl-Maidə surəsi, 5-3: “...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq, İslamı bəyənib seçdim!”. “...Bu din, sizin atanız İbrahimin dinidir...”
Yuxarıda qeyd olunanlardan belə aydın olur ki, bütün peyğəmbərlər müsəlmandırlar. Səmavi kitab verilən peyğəmbərlər- Hz. Musa, Hz. İsa və Hz. Məhəmməd, Allahın Quranda söylədiyi kimi, ataları (atamız) İbrahim peyğəmbərin davamçılarıdırlar. Ayrı-ayrı dövrlərdə eyni missiyanın, İSLAM İDEOLOGİYASInın daşıyıcılarıdırlar. Onda, aydın olur ki, bütün peyğəmbərlər müsəlman olduğu halda, onların arxasınca gedənlər də müsəlmandırlar. Deməli, yer üzündə milliyyətindən asılı olmayaraq, ALLAHı, peyğəmbərləri və onlara nazil olunan səmavi kitabları qəbul edən hər bir insan müsəlmandır. Odur ki, Qurani-Kərimi əlində tutana yox, ona əməl edənə müsəlman deyilir! MÜSƏLMAN, Qurani-Kərimin çətin anlaşılan müteşabih ayələrinin həqiqi mənasına zidd olan oxşar fikirləri öz xeyirinə yozan, sadəlövh insanları düz yoldan çıxaran yox, düz yola yönəldəndir!
Həsən Şirinov