Erməni lobbisinin marionet kuklalarına çevrilmiş fransız senatorlar haqqında
Noyabrın 15-də Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə, adından da göründüyü kimi, ölkəmizə qarşı açıq təxribat xarakterli rüsvayçı sənəddir. Əlbəttə, əgər buna sənəd demək mümkündürsə... Həqiqətin təhrif edildiyi, yalan və iftira dolu müddəalardan ibarət bu qondarma sənədin qəbulu işğalçılıq və soyqırımı aktları ilə zəngin qaranlıq tarixə malik Fransada mövcud olan, artıq dövlət siyasətinə çevrilən islamofobiya və türkofobiyanın, həmçinin Azərbaycana qarşı aparılan nifrət kampaniyasının daha bir nümunəsidir. Üstəlik, bu, Fransa parlamentinin son iki ildə Azərbaycana qarşı qəbul etdiyi artıq üçüncü sənəddir. Bruno Retaio, Patrick Canneri, Herve Marsey, Elian Asasi, Kristian Kambo və Gilbert-Lyuk Devinazın həmmüəllifləri olduqları qətnamədə yer alan Azərbaycana “Ermənistan torpaqlarından geri çəkilmək”, “Laçın dəhlizindən çıxmaq” kimi çağırışlar, “qondarma "dqr"in tanınması” kimi sərsəm fikirlər cəfəng olduğu qədər də, heç nəyə yaramayan bu kağız parçasının müəlliflərinin “vasitəçilik təklifləri” də həyasızlığın son həddidir. Biri xaric (sənədin lehinə 295, əleyhinə yalnız 1 senator səs verib), insan haqlarına, demokratiyaya, beynəlxalq hüququn aliliyinə məhəl qoymayan, ədalətin və həqiqətin “üzünə tüpürən” bir sürü fransız deputat növbəti dəfə bütün dünyaya göstərdi ki, onların özləri də, böyükləri də, dövlətləri də erməni lobbisinin marionet kuklalarına çevriliblər. Odur ki, Fransa Senatının bu qətnaməsi Azərbaycan ictimaiyyətində təəssüf doğursa da, təəccüb doğurmur...
Əslində, ermənilərin “böyük bacıları”nın atdıqları bu addımın hədəfi təkcə Azərbaycan deyil. Baxmayaraq ki, Ermənistanın torpaqlarımızı işğal altında saxladığı 30 il ərzində ATƏT-in Ermənistanla Azərbaycan arasındakı münaqişənin həlli üçün yaradılmış, 2020-ci ildə baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsindən sonra fəaliyyətini de-fakto dayandırmış Minsk qrupunun həmsədri olan Fransa heç vaxt Cənubi Qafqazda sülhün təmin edilməsinə töhfə verməyə çalışmayıb. Əksinə, həmişə Azərbaycana qarşı qərəzli münasibət göstərərək erməniləri işğal siyasətini davam etdirməyə təhrik edib. Fransanın siyasi rəhbərliyinin içlərində boğa bilmədikləri kinin, nifrətin hədəfi həm də Türkiyə, dünyanın yeni güc mərkəzinə çevrilən Türk Dövlətləri Təşkilatıdır. Məlum olduğu kimi, Fransa hökuməti Türkiyəyə qarşı münasibətdə də həmişə qərəz nümayiş etdirib. Qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması kimi heç bir demokratik dəyərlərə, insan haqlarına və məntiqə sığmayan absurd qanunu da məhz Fransa Senatı qəbul etmişdir.
Daha bir fakt. 10 avqust 2020-ci il tarixində Türkiyəyə məxsus “Oruc Reis” geoloji kəşfiyyat gəmisi Aralıq dənizinin qardaş ölkəyə məxsus sahil sularında neft və qaz yataqlarının kəşfiyyatını həyata keçirərkən Yunanıstanla yaşanan və müharibə həddinə qədər dərinləşən böhran zamanı da Fransa “yuyulmamış qaşıq kimi” ortada peyda olmuşdu. Həmin vaxt Fransa yunanlara dəstək məqsədilə bir müddət əvvəl manevrlər üçün regiona gəlmiş iki ədəd “Rafael” qırıcı təyyarəsini və Fayette tipli “Lafayet” freqatını yunan Kiprinə göndərmişdi. Ancaq Türkiyə tərəfindən şərəfinə Aralıq dənizində layiqli “qarşılanma mərasimi” hazırlanmış fransız gəmisi, necə deyərlər, “quyruğunu qısaraq” gəldiyi yerə qədər qaçmağa məcbur olmuşdu...
Fransanın işğalçı Ermənistana açıq dəstəyinin arxasında daha bir vacib məqam dayanır. Daha dəqiqi bu iki xalqı yaxınlaşdıran bir nüans da var – fransızlar özləri də tarix boyu işğalçılıqla məşğul olublar. Fransanın tarixi də dinc insanlara qarşı misli görünməmiş cinayətlərlə, soyqırımı aktları ilə ləkələnib. Yalnız Əlcəzairdə törədilmiş dəhşətli cinayətləri xatırlamaq kifayət edir ki, fransızların insan haqlarından, ədalətdən danışmağa heç bir mənəvi haqlarının olmadığı ortaya çıxsın. Məlum olduğu kimi, 1830-cu ildə hazırkı Əlcəzairin yerləşdiyi ərazini işğal edən Fransa 1962-ci ildə müstəqilliyini əldə edənə qədər bu ölkəni fransızlaşdırmaq üçün assimilyasiyaya məruz qoyub. Məqsəd bəlli idi – fransız Əlcəzairi yaratmaq. Bunun üçün 19-cu əsrin sonlarında bir milyona yaxın fransız Əlcəzairə yerləşdirildi və onlara böyük imtiyazlar verildi.
I Dünya müharibəsindən sonra Əlcəzairdə fransız işğalına qarşı milli mücadilə formalaşdı. Bu mübarizənin öndəri Şeyx Abdullah Mən Badis idi. Onun “İslam mənim dinim, ərəb dili dilim, Əlcəzair vətənimdir” sözləri ümumxalq mübarizəsinin şüarına çevrildi. Gözlənildiyi kimi, şeyxə qarşı Fransanın reaksiyası sərt oldu və o, həbs edildi. Beləcə, istiqlal savaşının yatırılmasına cəhd göstərildi. Repressiyaların ardından II Dünya müharibəsinin başlaması da mövcud istiqamətdəki fəaliyyətə təsirsiz ötüşmədi. Həmin dövrdə Fransa əlcəzairlilərin tərəfdaşlığı qarşılığında onlara azadlıq vədi verdi. Lakin müharibə sona çatdıqdan sonra həm qələbəni qeyd etmək, həm də azadlıqlarına qovuşmaq üçün bayraqlarla Setif şəhərində böyük nümayişə çıxan Əlcəzair xalqı fransızların qəddarlığı sayəsində insanlıq tarixinin ən faciəvi günlərindən birini yaşadı. Fransız ordusu havadan və qurudan bölgəyə hücum çəkdi. Bir neçə gün çəkən hərbi aksiyada 45 min günahsız insan həyatını itirdi...
Qırğınlar fonunda Əlcəzairdə yaranmış Qurtuluş Təşkilatı mübarizə səhnəsinə çıxdı və beləcə ölkədə 1954-cü il oktyabrın 31-də fransız təcavüzünə qarşı böyük qiyam başlandı. Fransa ölkəyə 500 min əsgər göndərməklə qiyama həbslər və hərbi güclə cavab verdi. Yerliləri qorxutmaq məqsədilə ələ keçirilən müqavimətçilərə ağır işgəncələr verildi, minlərlə insan mühakiməsiz edam edildi. Ancaq bütün bunlar xalqın əzmini sarsıtmadı, əksinə, mücadilə gücləndi. Üstəlik ölkədən kənarda Əlcəzair Respublikasının müvəqqəti hökuməti quruldu. Əlcəzairlilərin müqaviməti qarşısında davam gətirməyən Fransa xalqın müstəqillik yolundan çəkilərək referendum keçirilməsinə razılıq verdi. Ancaq təəssüf ki, 8 ilin istiqlal mücadiləsi bir milyon əlcəzairlinin həyatı bahasına başa gəldi.
İndi bu və daha neçə bu cür qara ləkələrlə dolu tarixə malik Fransa BMT və bütün digər beynəlxalq təsisatlar tərəfindən tanınmış suveren ərazisini işğaldan azad etmiş Azərbaycanı nədəsə ittiham etməyə çalışır. Hansı üzlə? Hansı haqla?
Yeri gəlmişkən, tarixi ədalətin bərpa olunduğu Vətən müharibəsindən sonra – 2020-ci ilin noyabrında da Fransa Senatı Azərbaycan əleyhinə belə bir sənəd qəbul etmişdi və o zaman da qətnamənin qəbul edilməsinin əleyhinə yalnız 1 deputat səs vermişdi. Zaman göstərdi ki, həmin qətnamə heç nəyə yaramayan adicə kağız parçasıdır. Senatın hər iki sənədinin qəbul edilməsi zamanı ədalətin tərəfində dayanmış yeganə deputat Natali Qule də mətbuata açıqlamasında bildirib ki, Fransa Senatında Azərbaycana qarşı qəbul olunan qətnamənin heç bir qüvvəsi yoxdur. Xanım senator sənədin Fransadakı güclü erməni lobbisinin təsiri altında qəbil edildiyini də gizlətməyib: “Mən bu sənədin əleyhinə səs verdim. Çünki hər zaman olduğu kimi, Azərbaycanın haqq yolunda olduğuna əminəm. Bu qətnamə Fransadakı güclü erməni lobbisinin təsiri altında qəbul edilib.”
Bəli, Azərbaycan haqq yolundadır və heç kəs, heç bir kağız parçası bizi haqq yolumuzdan döndərə bilməz. O ki, qaldı hansısa “xoruzların” banlaması ola...
Mahir Rəsuloğlu, “İki sahil”