09 noyabr 2026 16:27
123

Qələbəyə dalğalanan bayraq

Hər xalqın tarixində elə simvollar olur ki, onlar yalnız rəng və ya naxış deyil, millətin yaddaşı, iradəsi və gələcəyə baxışıdır. Bayraq məhz belə simvoldur. Azərbaycan xalqı üçün üçrəngli Dövlət Bayrağı əsrlərlə formalaşmış dövlətçilik ənənələrinin, itirilmiş və yenidən qazanılmış müstəqilliyin, qanla yazılmış Qarabağ salnaməsinin canlı ifadəsidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü bu müqəddəs rəmzə bir daha ehtiramımızı bildirmək, onun arxasında dayanan tarixi dərindən dərk etmək üçün bizə verilən əlamətdar fürsətdir. Ümummilli Lider Heydər Əliyevin bu barədə söylədiyi fikirlər bayrağın mahiyyətini ən dəqiq şəkildə ifadə edir:

“Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil.
O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir.
Bu, bizim müstəqil dövlətimizin rəmzidir.
Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı,
xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.”

Bu sözlər bayrağa münasibətin sadəcə mərasim xarakteri daşımadığını, ona sevgi və məsuliyyətin vətəndaşlıq borcunun tərkib hissəsi olduğunu göstərir. Xüsusilə gənc nəslə ünvanlanan çağırış bu gün də aktuallığını qoruyur. Çünki müstəqilliyin dəyərini bilmək, onun hansı bahaya başa gəldiyini anlamaqdan başlayır.

Noyabrın 9-un seçilməsi təsadüfi deyil. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti mavi, qırmızı və yaşıl rənglərdən ibarət, ortasında ağ aypara və səkkizguşəli ulduz olan üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul etdi. Beləliklə, Şərqdə ilk demokratik respublikanın bayrağı tarix səhnəsinə çıxdı. Cümhuriyyət cəmi iyirmi üç ay yaşadı, 1920-ci ilin aprelində isə işğal nəticəsində süqut etdi. Lakin onun bayrağı xalqın yaddaşından silinmədi. Onlarla il sonra həmin yaddaş yenidən oyandı və bu oyanışın əsas memarlarından biri Heydər Əliyev oldu.

Ümummilli Lider Heydər Əliyevin tarixi qərarı məhz Naxçıvanda qəbul edildi. 1990-cı ilin noyabrında ölkədə hələ Sovet quruluşu hökm sürür, Kommunist Partiyası siyasi həyatda əsas qüvvə olaraq qalırdı. Belə bir şəraitdə imperiyanın simvollarından imtina etmək böyük cəsarət və uzaqgörənlik tələb edirdi. Heydər Əliyev həmin günü və qərarın mahiyyətini sonralar belə xatırlayırdı:

“90-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Yəni bunu biz küçə və meydanda qaldırmadıq, orada bu bayraq qaldırıldı. Amma biz bir dövlət kimi Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ Kommunist Partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmalıdır. Çıxartdıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır - milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq.”

Bu hadisə təkcə bir muxtar respublikanın rəmzlərinin dəyişdirilməsi deyildi. Bu, dövlət müstəqilliyi ideyasının hüquqi və siyasi müstəviyə keçirilməsi, xalqın milli özünüdərkinin rəsmi təsdiqi idi. Naxçıvanda qaldırılan bayraq çox keçmədən bütün Azərbaycanın bayrağına çevrildi. 1991-ci ildə ölkənin ali qanunverici orqanı həmin üçrəngli bayrağı Azərbaycan Respublikasının Dövlət Bayrağı elan etdi və müstəqillik dövrü başladı. Sonrakı illərdə bayrağa münasibət qanunvericilikdə də möhkəmləndirildi, onun istifadə qaydaları, hörməti və qorunması dövlət siyasətinin ayrılmaz hissəsinə çevrildi. 2009-cu ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə noyabrın 9-u Dövlət Bayrağı Günü kimi təsis olundu və bu tarix xalqın təqvimində daimi yerini tutdu.

Dövlət Bayrağının fiziki təsviri də öz məzmunu ilə seçilir. Bayraq üç bərabər enli üfüqi zolaqdan ibarətdir: yuxarıda mavi, ortada qırmızı, aşağıda yaşıl. Qırmızı zolağın mərkəzində ağ rəngli aypara və səkkizguşəli ulduz yerləşir. Bayrağın eninin uzunluğuna nisbəti bir-ikidir. Hər rəngin dərin mənası var. Mavi türk mənşəyini və türkçülük idealını, qırmızı müasirləşməyi və tərəqqini, yaşıl isə islam mədəniyyətinə bağlılığı ifadə edir. Aypara və ulduz isə həm islam dünyasına mənsubluğu, həm də türk xalqları ailəsinin birliyi düşüncəsini əks etdirir. Bu rənglərin birgə uyğunluğu Azərbaycan xalqının tarixi köklərini, mədəni kimliyini və müasir inkişaf istəyini bir kompozisiyada birləşdirir. Paytaxtımızdakı Dövlət Bayrağı Meydanında ucaldılmış nəhəng bayraq dirəyi isə bu rəmzin əzəmətini bütün dünyaya nümayiş etdirir və dünyanın ən hündür bayraq dirəklərindən biri kimi tanınır.

Bayrağa göstərilən dövlət qayğısı mükafat sistemində də öz əksini tapıb. “Azərbaycan Bayrağı” ordeni dövlətimizin ən nüfuzlu təltiflərindən biridir. Ordenin adının bayraqla eyni olması təsadüfi deyil. Bu, Vətənə, dövlətə və xalqa xidmətin ən yüksək dərəcədə qiymətləndirildiyini göstərir. Ordenlə təltif olunmaq bayrağın şərəfini uca tutmaq, onun yolunda fədakarlıq göstərmək deməkdir. Beləliklə, rəmzə hörmət yalnız sözlə deyil, konkret dövlət qiymətləndirməsi ilə də təsdiqlənir.

Ümummilli Lider bayrağın yalnız dövlət idarələrinin deyil, hər ailənin, hər evin əziz hissəsi olmasını istəyirdi və bu barədə belə demişdi:

“Gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.”

Bu fikir milli dəyərlərin yalnız yuxarıdan deyil, hər ailənin içindən, uşaqların tərbiyəsindən başladığını xatırladır. Bayrağa hörmət yaşayış məskənlərində, məktəb həyətlərində, idman meydançalarında və ailə sərgüzəştlərində formalaşır. Vətənə məhəbbət ilk növbədə evdə aşılanır, sonra cəmiyyətdə möhkəmlənir.

Bayrağın dəyəri xüsusilə 2020-ci ilin Vətən müharibəsindən sonra yeni məna qazandı. Uzun illər işğal altında qalmış torpaqlarımızda dalğalanan üçrəngli bayrağımız bu gün yalnız dövlət atributu deyil, həm də Qələbənin canlı təcəssümüdür. Şuşada, Cıdır düzündə, Cəbrayılda, Füzulidə, Kəlbəcərdə, Laçında, Xankəndidə qaldırılan hər bayraq şəhidlərimizin əziz xatirəsinə, qazilərimizin əzminə və xalqın dəmir iradəsinə hörmətdir. Otuz ilə yaxın həsrət, ağrı və gözləmədən sonra həmin torpaqlarda bayrağın yenidən ucalması azad olunmuş yurdların hər qarışında suverenliyimizin bərpa edildiyini bütün dünyaya bəyan etdi.

Qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması qürurumuzun, milli kimliyimizin və sabaha doğru inamlı addımlarımızın əsasıdır. Bu torpaqlarda bayraqla birlikdə həyat da qayıdır. Yeni yollar çəkilir, evlər tikilir, məktəblər açılır, doğma yurda qayıdış prosesi davam edir. Hər yeni yaşayış məntəqəsində ucalan bayraq həm keçmişə ehtiramın, həm də gələcəyə inamın ifadəsidir.

Noyabrın 9-u ilə bağlı keçirilən tədbirlər, bayraq yürüşləri və mərasimlər cəmiyyətimizi birləşdirən vacib ənənəyə çevrilib. Lakin bu günün əsl mənası yalnız tədbirlərdə deyil, hər birimizin gündəlik münasibətində gizlənir. Bayrağa ehtiram onu qorumaqda, tarixi bilməkdə, dövlətə sədaqətlə xidmət etməkdə, Vətənin inkişafına öz əməyi ilə töhfə verməkdədir. Hər bir vətəndaş bu rəmzin arxasında duran bahalı tarixi unutmamalı, onu gələcək nəsillərə layiqincə ötürməlidir.

Azərbaycan Bayrağı bu gün müstəqil, güclü və qalib dövlətin rəmzi olaraq dünyanın hər yerində qürurla dalğalanır. O, keçmişimizin yaddaşı, bu günümüzün qürur mənbəyi və sabahımızın ümididir. Onun kölgəsində böyüyən hər nəsil Heydər Əliyevin vəsiyyətini yaddan çıxarmamalı, bayrağı yalnız rəng deyil, Vətən, dövlət və xalq anlayışının canlı təcəssümü kimi sevməli və qorumalıdır. Bayrağımız həmişə uca, dövlətimiz daim əbədi olsun.

Arifə Abdullayeva,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi