16 noyabr 2022 20:26
664

İran məsciddə donuz saxlayan Ermənistana açıq dəstək verir

Hər bir ölkənin təhlükəsizliyi və inkişaf göstəricilərini həm də qonşuları ilə münasibətləri müəyyən edir. Hansı ölkə ki, qonşularla siyasi konfliktlər yaşamır, isti əlaqələrə malikdir və əməkdaşlıq edir, həmin ölkə təhlükəsizliyi və davamlı inkişafı üçün əlavə avantaj qazanmış olur. Qeyd etmək lazımdır ki, bu cür əlaqələr regionun da taleyinə təsir edir.

Bu baxımdan Azərbaycanın xarici siyasətində bu prinsip aydın ifadə olunur-qonşularla əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və şaxələndirilməsi. Prezident İlham Əliyev bu məqama daim xüsusi olaraq diqqət ayırır: “Azərbaycan dünya müstəvisində çox etibarlı tərəfdaş kimi tanınır və bizim beynəlxalq gücümüz də ildən-ilə artır. İl ərzində ölkəmizə həm ikitərəfli formatda, həm də beynəlxalq tədbirlərdə iştirak üçün çox sayda dövlət və hökumət başçıları səfər etmişdir. Eyni zamanda, qonşu dövlətlərin dövlət və hökumət başçıları ilə çoxsaylı önəmli görüşlərim olubdur. Çünki qonşularla münasibətlərin qurulması, hesab edirəm ki, hər bir ölkə üçün prioritet olmalıdır.

Lakin “qonşuluq siyasətini dərk etməyən” və “xainlıq” damğasını özündə əks etdirən “qonşular” artıq büruzə verməkdədir. Bu və digər səbəblərdən də ilk suallar elə buradan yaranır: “Azərbaycan Ermənistan tərəfindən işğal olunan torpaqlarını azad etmək üçün hərbi əməliyyatlar keçirirsə, bu, İranı niyə narahat edirdi? Əgər gerçəkdən də Tehran iddia etdiyi kimi, bir İslam dövlətidirsə, savaşa təkbirlə gedən ordunun yanında olmalı deyildimi? Belə suallar çoxdur və onların hamısının bir cavabı var - Tehran Azərbaycan Respublikasının varlığını təhdid kimi qəbul edir. Səbəb - ölkə içərisində 40 milyonluq Azərbaycan türkünə illərdir sözün əsl mənasında zülm etməsidir. Tehran çox gözəl anlayır ki, Azərbaycan Respublikası gücləndikcə, Güneydə yaşayan soydaşlarımız İran İslam Respublikasını deyil, Azərbaycanı öz dövləti kimi qəbul edir. Buna görə də dövlətimizin dayaqlarının zəiflədilməsi üçün işğalçı Ermənistana dəstək verir. İranın apardığı təbliğat birmənalı olaraq Azərbaycan dövlətinə, Türkiyəyə, Azərbaycan-Türkiyə birliyinə qarşıdır ki, bu bizim 44 günlük qələbə formulumuza ziddir. Bu səbəbdən sərt addımlar atılmalı, Ermənistana açıq hərbi-siyasi dəstək verən Tehranın Azərbaycandakı təbliğatçıları cəzalandırılmalıdır.

’İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Ermənistana dəstək verməyə hazırlaşan qonşu İranın xəyanətkar roluna dəlalət edən faktlar ortaya çıxmağa başlayır. İrandakı bəzi qüvvələrin Azərbaycanın müstəqilliyini hələ də qəbul edə bilməməsi, sevincinə şərik olmaması, qələbəsini qısqanclıqla qarşılaması bizə çoxdan bəllidir. 44 günlük Vətən savaşında da Ermənistana gizli dəstək verən İran bugünlərdə ermənilərə açıq şəkildə hərbi-siyasi dəstəyini də gizlətmədi. Bir müsəlman ölkəsi müsəlman qardaşının yanında deyil, Allahın evində donuz saxlayan, yaşayış yerlərini viran qoyan, mədəni abidələri yox edən erməninin yanındadır. Ancaq artıq kimdən nəyi gözlədiyimizi bildiyimiz üçün bu, bizdə təəccüb də doğurmur.

Vurğulamaq lazımdır ki, 30 illik həsrətə son qoymaq üçün “Dəmir yumruq” altında birləşən Ordu və Xalq birliyi birdaha öz gücünə inanaraq iran kimi məkirli qonşularına layiqli yerini göstərəcək. Nəticə etibarı ilə iran öz layiqli cavabını həm Quzey, həm də Güney Azərbaycandan alacağına əminik !

Tariyel Şixbalayev,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin İnformasiya təminatı sektorunun müdiri,
YAP Xətai rayon Təşkilatı, ərazi partiya təşkilat sədri,
Vətən müharibəsi qazisi