17 noyabr 2022 23:58
687

Özü çalıb, özü oynayan Fransa Senatının kəmsavad müsyöləri

Fransa yenə də mənfur niyyətini açıqladı. Heç bir səlahiyyəti olmadığını bildiyi halda boyundan yüksəyə tullanmaq istəyir. 2020-ci ilin noyabrında «Dağlıq Qarabağ respublikası»nın « müstəqilliyinin» tanınması» barədə qətnamə qəbul edən Fransa Senatı bu günlərdə bir daha rəzilliyini ortaya qoydu. Senatın 15 noyabr 2022-ci ildə qəbul etdiyi qərəzli «Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi» adlı qətnamə senatorların siyasi hazırlığının «qeyri-kafi» qiymətinin rəsmi ifadəsidir. Ölkəmizi «təcavüzkarlıqda» ittiham edən Fransa hansı haqla Azərbaycanın tarixi ərazisi olan Laçın dəhlizindən çıxmasını, «Azərbaycandan idxal edilən qaz və neftə embarqo qoyulmasına başlamaq «tələbini» iddia edir. Qarabağdakı Azərbaycan ərazilərində özünün «humanitar bürosu» yaratmaq çağırışından hansı hüquqlar əsasında bəhs edir.

Adından da göründüyü kimi, ölkəmizə qarşı təxribat xarakterli kağız parçası olan bu gülünc, eyni zamanda, rəzil qətnamənin beynəlxalq səviyyəli siyasi, hüquqi əsası yoxdur. Yəni, özləri çalıb, özləri oynayan fransız senatorların Azərbaycana qarşı ədalətsiz mövqeyi birinci olmadığı kimi, axırıncı da deyil. Əvvəlki illərdə də Türkiyəyə və Azərbaycana rəğbətinin olmadığını saxta « erməni soyqırımı»nı tanımaqla bildirən Senat daha irəli gedərək bu sənədə qarşı çıxan fransızlar barədə ciddi cəza tədbirlərinin görüləcəyini, cərimələrin tətbiq olunacağını bəyan etmişdi. Senatın erməni sevgisindən qaynaqlanan bu sənədin qısa müddətdə Fransanın Konstitusiya Məhkəməsi tərəfindən ləğv olunması özü- özünü təkzib xarakteri daşıdığı üçün dünya ictimaiyyəti tərəfindən gülünclə qarşılandı.

Azərbaycanın Zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra əli hər yerdən üzülən Fransa məğlub Ermənistanın könlünü almaq üçün ATƏT-in ölü Minsk qrupunun dirildilməsinə çalışsa da cəhdləri boşa çıxdı. Minsk qrupunun bu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi”yini bildirən Prezident İlham Əliyev haqlı olaraq həmsədrləri təqaüdə göndərdi. Bununla da bildirildi ki, ciddi münaqişələrin həllində qərəzsiz yanaşmaya üstünlük verilməlidir. Senatın qəbul etdiyi bu qətnamə isə Ermənistana növbəti təsəlli, baş tumarlaması, yaxud baş aldatmasıdır.

Xatırladaq ki, Senatın qəbul etdiyi bədnam qətnamənin qəbulundan əvvəl Prezident İlham Əliyevlə fransalı həmkarı Emmanuel Makron arasında baş tutan telefon danışığında Bakı ilə Yerevan arasında münasibətlərlə bağlı müzakirə aparılıb. Noyabrın 19-da keçiriləcək Frankofoniya təşkilatının 18-ci Zirvə Görüşü çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcəyi barədə məlumat verən Makron Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək niyyətini diqqətə çatdırıb.

Prezident İlham Əliyev də tərəflər arasında münasibətlərin normallaşdırılması prosesində beynəlxalq hüquqa əsaslanmanın vacibliyini qeyd edib. Rəsmi Yerevanın guya Azərbaycanın onun suveren ərazilərinə girməklə bağlı ittihamlarını əsassız sayıb, rədd edən Prezident İlham Əliyev işğalçını sərhədlərin delimitasiya və demarkasiyasına çağırıb.

Praqada keçirilən dördtərəfli görüşdən sonra səmum yeli kimi siyasi və diplomatik səmtini dəyişən Fransa Prezidentinin qeyri-etik bəyanatla çıxış edərək Azərbaycan haqqında sərsəm fikirlərlərinə Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasındakı çıxışı ilə məntiqli və tutarlı cavab verən Prezident İlham Əliyevin ədalətli mövqeyi görünür Makronun erməni məhəbbətinə təsir etməyib. Prezident İlham Əliyev qətiyyətlə bildirmişdi ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçilik missiyasına artıq xitam verilib. İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran Azərbaycan torpaqlarını işğaldan azad etdiyi üçün Minsk qrupunun turist gəzintisinə bənzəyən səfərlərinə və «sülhyaratma missiyasına» ehtiyac qalmayıb: «Azərbaycan xoş məram göstərərək, Fransa Prezidentinə bu görüşdə iştirak etməyə icazə verdi. Lakin Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Fransa Prezidenti bəyanatlarında Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik».

Avropanın mədəniyyət mərkəzi hesab olunan Fransa kimi ölkəyə başçılıq edən Makronun ölkəmizlə bağlı küçə söhbətinə oxşayan qərəzli münasibətinə iradını bildirən dövlət başçımız İlham Əliyevin «Böyük ölkənin Prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy Fransa ictimaiyyəti müəyyən etsin. Biz isə öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük» sözləri Fransa Prezidentinə vurulan layiqli diplomatik şillədir.

Diqqətə çatdıraq ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 ildə təcavüzkara silah-sursatla yardım edən, özü kimi qana həris daşnak tör-töküntüləri üçün topdağıtmaz istehkamlar quran Fransa dövlət səviyyəsində, rəsmi olaraq saxta, separatçı rejim «Dağlıq Qarabağ respublikası»nın müstəqilliyini tanımır. Ancaq bu ölkənin Senatı Ermənistanın belə tanımadığı qondarma qurumun «suverenliyini» dəstəkləyir. Xatırladaq ki, Minsk qrupunun digər üzvü, Qarabağ münaqişəsinin guya sülh yolu ilə həllini istəyən, tərəflər arasında təhlükəsizliyinin təminatına sülhməramlı missiyası ilə «nəzarət edən» Rusiya belə Qarabağdakı ermənilərin «müstəqilliyini»” tanımır. Artıq təqaüdə göndərilmiş Minsk qrupunda birgə təmsil olunsalar da nəzərə çatdıraq ki, Rusiya ilə Fransanın ermənilərə münasibətlərinin səbəbləri də tam fərqli olub. Bir fakta nəzər yetirək. Fransa Senatının qəbul etdiyi kağız parçası 2020- ildə imzalanan üçtərəfli Moskva Bəyannaməsinə ziddir. Demək maraqlar üst-üstə düşəndə məğbul, fərqli olanda qeyri-məğbul sayılır. Bu baxımdan hər zaman Ermənistanı müdafiə edən Minsk qrupu bilərəkdən bu tərkibdə formalaşdırılmışdır.

İmperialist dövlət kimi tanınan Fransanın Əlcəzairdə törətdikləri qırğınları yada salmaqla bu dövlətin qana həris Ermənistanla bağlılıq əlaqələrini aydın görmək olar. Fransanın beynəlxalq hüquq normalarından, Azərbaycanın Avropa ölkələri ilə möhkəmlənən və coğrafiyası genişlənən əlaqələrindən bixəbər senatorlarına qəbul etdikləri əsassız qətnamələrindən daha keçərli, əsl lider qətiyyətinin nümunəsi olan Prezident İlham Əliyevin bu sözlərini xatırladırıq: «Fransa əgər erməniləri bu qədər çox düşünürsə, onlara dövlət qurmaq istəyirsə onda elə Marsel şəhərini ermənilərə versin. Marsel şəhərində çoxlu sayda erməni yaşayır. Qoy elə Marsel şəhərində onlar özlərinə Dağlıq Qarabağ respublikası qursunlar.»

Xuraman İsmayılqızı, «İki sahil»