Ulu öndər Heydər Əliyevin «Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam» fikirləri dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin ümumiləşdirilmiş ifadəsidir. Bu gün Azərbaycan özünün sürətli inkişaf dövrünü yaşayır. Amma unutmamalıyıq ki, ölkəmiz hazırkı yüksək inkişaf mərhələsinə heç də asan yolla çatmayıb. Əlbəttə ki, müasir Azərbaycanın inkişafı ümummilli lider Heydər Əliyevin adı, onun müəyyənləşdirdiyi siyasətlə bağlıdır. Hələ Sovetlər dönəmində - 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyev keçmiş İttifaq miqyasında geridə qalan ölkəmizi qısa müddət ərzində ən inkişaf edən respublikalardan birinə çevirdi. Daha sonra 1982-ci ildə ulu öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi, o həm də Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvü seçilmişdi. Bütün bunlar o demək idi ki, Heydər Əliyev SSRİ rəhbərliyində təmsil olunurdu və hər bir azərbaycanlı bununla qürur duyurdu. Lakin Mixail Qorbaçov SSRİ rəhbərliyinə gəldikdən sonra vəziyyət dəyişdi, Heydər Əliyevə qarşı qərəzli kampaniyalara start verildi. Azərbaycanın dövlət televiziyasında, ayrı-ayrı qəzetlərdə Heydər Əliyevin əleyhinə çıxışlara, məqalələrin yazılmasına başlandı. Əlbəttə ki, bütün bunların heç bir əsası yox idi. O vaxt mən bir vətəndaş kimi həm dövlət televiziyasına, həm də respublikanın əsas mətbu orqanı olan “Kommunist” qəzetinə məktub yazaraq Heydər Əliyevə qarşı başladılan kampaniyaya etirazımı bildirmişdim. 1987-ci ildə Ulu Öndərimiz SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Siyasi Büro üzvlüyündən istefa verəndən sonra Azərbaycanın çətin günləri başladı, ermənilər SSRİ rəhbərliyinin dəstəyi ilə ərazi iddiaları ilə çıxış etdilər.
Məlum olduğu kimi, 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Ölkə daxilində müxtəlif silahlı qruplaşmaların hakimiyyət uğrunda savaşa çıxması həm siyasi böhrana səbəb olmuş, həm Azərbaycanı müxtəlif xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirmiş, həm də vətəndaşlarla siyasi rəhbərlik arasında kəskin konfrantasiyaların meydana çıxmasını şərtləndirmişdi. Məhz bütün bunların nəticəsi kimi mövcud ictimai-siyasi xaos daha da dərinləşərək anarxiya həddinə çatmışdı.
Azərbaycanın o zamankı iqtidarı problemləri həll etməkdə aciz idi. 1992-ci ildə hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü isə Azərbaycanı, sözün əsl mənasında, uçuruma sürüklədi. Belə ki, ölkəmizdə daxili çəkişmələr özünün pik nöqtəsinə çatdı. Belə bir şəraitdə Ermənistanın hərbi təcavüzü davam edir və xarici dövlətlər beynəlxalq münasibətlər sistemində Azərbaycanı müstəqil subyekt kimi qəbul etmirdilər. Belə olan halda, ölkədə separatizm meyilləri baş qaldırmağa başladı. Artıq ölkənin bir sıra ərazilərində qanunsuz silahlı birləşmələr bölücü iddialarla çıxış edərək mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Bu proses xaos və böhranın dərinləşməsinə səbəb oldu. Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya idi. 4 iyun hadisələri bir daha belə bir məqamı aşkar etdi ki, xalqın dəstəyinə söykənməyən, idarəetmə təcrübəsinə malik olmayan, eləcə də dərin daxili ziddiyyətlər məngənəsində olan hakimiyyət ölkənin müstəqilliyini qorumaq və suverenliyini təmin etmək iqtidarında ola bilməz. Ağrılı hadisələr isə həmin dövrlərdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi. Belə bir məqamda isə yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıtmasında idi. Bilirsiniz ki, o dövrdə hakimiyyət tərəfindən qanunvericiliyə məqsədli şəkildə prezident seçkisi ilə bağlı yaş məhdudiyyəti daxil edilmişdi. Məqsəd Heydər Əliyevin prezident seçkilərində iştirakına imkan verməmək idi. Bununla bağlı cəmiyyətin sağlam düşüncəli ziyalıları, vətəndaşları yaş senzinə qarşı etiraz aksiyası keçirirdilər. Mən də həmin aksiyaların təşkilatçılarından və iştirakçılarından biri olmuşam. Lakin hakimiyyət, parlament yaş senzini aradan qaldırmaq istəmirdi. Yeni Azərbaycan Partiyasının yaradılması ərəfəsində respublikada vəziyyət olduqca gərgin idi. Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatlıq keçirən ziyalılar, o cümlədən sadə insanlar Ümummilli Liderə müraciətlər edir, ölkədə yaranan gərginliyin aradan qaldırılması üçün Heydər Əliyevin hakimiyyətə gəlməsinin vacibliyini qeyd edirdilər.
Dediyim kimi, o dövrdə sağlam düşüncəli insanlar, ziyalılar AXC-Müsavat hakimiyyətinin Azərbaycanı uçuruma apardığını görürdülər. Ona görə də onlar haqlı olaraq hesab edirdilər ki, bu vəziyyətdən xalqı yalnız Heydər Əliyev kimi lider xilas edə bilər. Bunun üçün isə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi zəruri idi, hakimiyyətə sivil yolla gəlməyin metodu isə siyasi partiya yaradaraq siyasi mübarizə aparmaq idi. 1992-ci il oktyabrın 16-da 91 ziyalı bu məqsədlə Heydər Əliyevə müraciət etdi. Həmin müraciətdə Ulu Öndərimizdən onun rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılmasına razılıq verməsi xahiş olunurdu. Ziyalıların müraciəti əsasında ulu öndər Heydər Əliyev siyasi partiya yaradıb ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Bundan sonra yerlərdə partiyanın təşkilatlanması işi başladı. Həmin ilin dekabrında YAP-ın Nəsimi rayon təşkilatının da təsis konfransı keçirildi və mən təşkilatın sədri seçildim.
Bütövlükdə vətəndaşlarımız partiyamıza axın edirdi. Müdrik, uzaqgörən xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. O dövrdə Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət idi və Azərbaycanın dünyada tanınmış, dövlətçilik təcrübəsi olan liderə ehtiyacı var idi. Bu lider Heydər Əliyev idi və hamı bu həqiqəti bütün varlığı ilə dərk edirdi. Ona görə də Yeni Azərbaycan Partiyası respublikanın bütün bölgələrində böyük sürətlə təşkilatlanır, Heydər Əliyev siyasətini təbliğ edirdi.
Ölkədə isə vəziyyət getdikcə gərginləşirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar əhali arasında günbəgün öz nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Bu dönəmdə AXC-Müsavat iqtidarının fərsizliyi ucbatından 1993-cü ilin iyun ayında Gəncədə qardaş qanı töküldü. O günlərdə Gəncədə ardı-arası kəsilməyən mitinqlər keçirilir, hadisələrə siyasi qiymət verilməsi tələb edilirdi. Belə bir vəziyyətdə xalq Heydər Əliyevin hakimiyyətə gəlməsini təkidlə tələb edirdi.
Vətəndaşların, ziyalıların çoxsaylı müraciətlərini nəzərə alan Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Bakıya döndü. Əslində, reallığı anlayan o vaxtkı hakimiyyət də Heydər Əliyevi Bakıya dəvət etdi, onun ardınca Naxçıvana təyyarə göndərdi. Bu dönüş xalqın istəyi, tarixin zərurəti idi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin xilas olduğuna inamı artırdı. Beləliklə, ulu öndər Heydər Əliyevin Bakıya qayıdaraq Azərbaycan parlamentinin sədri seçildiyi gün - 15 iyun, tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu təqvim Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Çünki Heydər Əliyevin tarixi qayıdışı baş verməsəydi, Azərbaycan, müstəqil dövlət olmayacaqdı. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı. Ümummilli lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən, qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı və Azərbaycanı parçalamaq istəyənlər öz niyyətlərinə çata bilmədilər. Əlbəttə, ölkəmizdə hökm sürən xaotik meyillərin neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi kataklizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı.
Beləliklə, baş verən hadisələrin qanunauyğun nəticəsi kimi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev qısa bir zamanda milli maraqlara xidmət edən və ali prinsiplərə söykənən fəaliyyəti ilə ölkədə həmrəyliyi, bütövlüyü və inkişafı təmin etdi. Bundan sonra ölkənin siyasi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevrilişlərinə cəhdlərin də qarşısı qətiyyətlə alındı. Bundan sonra ölkədə ictimai-siyasi sabitlik tam təmin olundu. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaradıldı. “Əsrin müqaviləsi” imzalanmaqla uğurlu neft strategiyasının əsası qoyuldu. Ölkəmiz beynəlxalq müstəvidə layiqli yerini tutdu, eləcə də sosial-iqtisadi sahədə dinamik inkişaf nəzərə çarpdı. Eyni zamanda, demokratik inkişaf baxımından vacib addımlar atıldı, kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Ölkəmiz tənəzzüldən tərəqqi yoluna çıxdı. Bir sözlə, ulu öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil dövlətə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.
Yeni Azərbaycan Partiyası da avanqard qüvvə kimi ictimai-siyasi proseslərin önündə gedirdi, ideoloji təbliğat işində aparıcı rol oynayırdı. Bu dövrdə partiyamız daha da təşkilatlanaraq mütəşəkkil siyasi qüvvə kimi özünü təsdiq etdi.
2003-cü ildə keçirilən prezident seçkilərində xalqımız Heydər Əliyev siyasətinin davamına - cənab İlham Əliyevə səs verərək dövlət başçısı seçdi. Azərbaycan xalqı bununla da seçiciləri İlham Əliyevə səs verməyə çağıran, “İlham Əliyevə özüm qədər inanıram” deyən Heydər Əliyevin yoluna sadiqliyini bir daha nümayiş etdirdi. 2005-ci il mart ayında keçirilən YAP-ın III qurultayında isə İlham Əliyev partiyamızın Sədri seçildi. Beləliklə, cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafının yeni mərhələsi başlandı. Azərbaycan böyük nailiyyətlər, zəfərlər qazandı. Bu zəfərlərin zirvəsi isə Prezident İlham Əliyevin ata vəsiyyətini yerinə yetirməsi, torpaqlarımızın erməni işğalından azad edilməsi oldu. Bu gün güclü müstəqil Azərbaycan regionda yeni reallıqlar yaradıb, hazırda ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Deyə bilərik ki, bütün dünya müstəqil Azərbaycan dövləti ilə hesablaşır.
Bu dövrdə Yeni Azərbaycan Partiyası da böyük nailiyyətlərə imza atıb. YAP iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb, ona görə də qələbələr partiyası adlanır. Cənab İlham Əliyevin liderliyi ilə partiyamız çox böyük inkişaf yolu keçib. Amma Prezidentimiz, partiyamızın Sədri İlham Əliyevin islahatlar kursu Yeni Azərbaycan partiyasını da əhatə edib. 2021-ci ilin mart ayında keçirilən VII qurultay partiyamızın həyatında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirildi. Qurultayda YAP-ın yeni Nizamnaməsi qəbul olundu, strukturunda ciddi dəyişiklər edildi, digər vacib qərarlar qəbul olundu. Bu gün partiyamız qarşıda dayanan vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkanlarını səfərbər edib. Ötən 30 il ərzində keşməkeşli, şərəfli yol keçən partiyamız gələcək nailiyyətlərə doğru inamla irəliləyir! Dövlət başçısı, YAP Sədri İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.
Musa Musayev,
YAP Təftiş Komissiyasının üzvü