20 noyabr xalqımızın yaddaşında qürur duyduğumuz tarixi bir gündür. Məhz 2020-ci ilin bu günündə tarixi torpağımız olan Qarabağın baş qapısı-Ağdam mənfur düşmənin 27 illik əsarətindən xilas edildi. Noyabrın 20-si həm də Ağdam niskilindən qovrulan yaralarımıza məlhəm qoyulan gündür.
Qırx dörd günlük Vətən müharibəsinin qalib sərkərdəsi, Qarabağın fatehi, Prezident İlham Əliyev həmin gün Ağdamın işğaldan azad edilməsi ilə bağlı xalqımıza müraciətində ağdamlılara gözaydınlığı verdi: “Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız: “Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Üçtərəfli Bəyanat Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarır. Bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir”.
Bəli, həqiqətən də arzularımız, niyyətlərimiz gerçəkləşir, Ağdamın ağ günləri başlayır. Artıq şəhərin Baş planı hazırdır. Prezidentimizin söylədiyi kimi, elə bir Ağdam qurulacaq ki, bütün dünya üçün örnək olacaq. “Ruhlar şəhəri” möcüzələr diyarına çevriləcək. Ölkəmizin başçısı Ağdama ilk səfəri zamanı bildirmişdi ki, bu tarixi torpağımız yenidən qurulacaq və dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək: “Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik...”
Mayın 28-də Prezident İlham Əliyev Ağdama növbəti səfəri zamanı şəhərin bərpasının təməl daşının qoyulması mərasimində bildirmişdi ki, 33 kənd birinci mərhələdə qurulanlardır. Sonra digər kəndlər də bərpa olunacaq: “Birinci mərhələdə 33 kənd müəyyən olunub, bəzi kəndlər isə birləşəcək. Ondan sonrakı mərhələdə qalan kəndlər də tədricən bərpa ediləcək. Amma biz əsas planımızı 33 kəndin ətrafında qurmuşuq”.
Bərpa-quruculuq işləri rayonun işğaldan azad olunmuş 70 min 900 hektarlıq hissəsində aparılacaq. Ağdamda əhalinin 70 faizi çoxmərtəbəli binalarda yaşayacaq. Rayonun 71 kəndi birləşdirilib və onların yerində 33 kənd olacaq. Bəzi kəndlər şəhərin özünə birləşdirilib. Aparılan yenidənqurma çərçivəsində Ağdam rayonunun mərkəzinə bitişik 8 kəndin də şəhərə birləşdirilməsi nəzərdə tutulub. Bunlar Ətyeməzli, Qaraqaşlı, Xıdırlı, Sarıhacılı, Çuxurməhlə, Qarazeynallı və digərləridir.
Digər məsələ isə kənd təsərrüfatı torpaqları ilə bağlıdır. Ağdamda əhaliyə adambaşına 25 sot pay torpağı veriləcək. Kəndlərarası yolların hamısının arasında qalan yerlərdə meşə zonaları yaradılacaq ki, Ağdam şəhərində yaşıllıqlar bərpa olunsun. Kəndlər elə bölünüb ki, 150 hektarlıq böyük hissələr daha kiçik - 25 hektarlıq hissələrə bölünə bilsin. Sonra bu ərazilər də 4-5 hektarlıq hissələrə bölünəcək. Həmçinin hər bir nəfərə 18 sot həyətyanı sahə veriləcək.
Bundan başqa, Ağdamda aqrar sektoru inkişaf etdirmək və sahibkarları bu işə cəlb etmək üçün torpaqların bir neçə formada bölünməsi nəzərdə tutulur. Birinci variant torpaqların sahibkarlara verilməsidir. Bunun üçün sahəsi 10-50 hektar arasında olan 200 ədəd müasir fermer təsərrüfatının yaradılması nəzərdə tutulub. İkinci varianta əsasən isə, yerdə qalan dövlət torpaqlarında sahəsi 50-100 hektar arasında olan 50 ədəd müasir fermer təsərrüfatı yaradılacaq. Nəhayət, bu ərazilərdə nəhəng, sahəsi 1500, 3000, 4000 hektar olan bir neçə iri, müasir təsərrüfatlar da yaradılacaq. Ölkə başçısı, ağdamlı iş adamlarına səslənərək onları bu işlərdə iştirak etməyə çağırıb: “Ağdamlı sahibkarlar da bunu indi eşidirlər. Gəlsinlər təkliflərini versinlər ki, burada bir qarış torpaq da boş qalmasın”.
Plana əsasən Ağdam şəhərinin ətrafı intensiv, müasir bağlarla əhatə olunub. Turistlər, yaxud da yerli sakinlər şəhərə yaxınlaşanda onun ətrafında ən müasir bağlar görəcəklər. O bağlarda kiçik müəssisələr, turizm obyektləri, 8-12-20 yerlik otellər ola bilər ki, şəhərə gələn qonaqlar kənara çıxmadan bağ-bağatın içində o otellərdə qala bilsinlər.
Şəhər ətrafında səfalı yerlərdən biri olan Şahbulaq ərazisi elə qurulub ki, şimala doğru ətrafında bağlar Şahbulaq qalasına və Xaçınçaya qədər uzanacaq. Bu zolaq Eyvazxanbəyli kəndində yaradılacaq atçılıq zavodunadək uzanacaq. Beləliklə, Ağdama gələn qonaqlarımız Şahbulağı seyr edə biləcək, qalanın daxilində tarixi hissə, muzeylər olacaq.
Göründüyü kimi, Ağdamın mərkəzi -Ağdam şəhəri, Azərbaycanda Gəncə və Sumqayıtdan sonra ən sıx 3-cü şəhər olacaq. Ərazi baxımından isə Ağdamın mərkəzi Sumqayıtdan da böyük olacaq. Şəhərin mərkəzində yeni meydan qurulacaq, burada şəhər administrasiyası və konqres hol da yerləşəcək. Burada kütləvi tədbirlər, sərgilər, ola bilər kənd təsərrüfatı sərgiləri, turizm sərgiləri təşkil ediləcək. Bu artım sənaye zonasının, və yaşıllıqların hesabına olub. Şəhərin əhalisi 100 min nəfər nəzərdə tutulub. Əhalinin yalnız 30 faizi fərdi evlərdə yaşayacaq. Bunun üçün 1750 fərdi ev nəzərdə tutulub. Qalan 70 faizi isə binalarda yaşayacaq. Bunun üçün 23 min mənzil olacaq.
Ağdamın mərkəzinin yenidən qurulması çərçivəsində burada «ağıllı şəhər» sistemi yaradılacaq. Hökumət bu sahədə işləyərkən Birləşmiş Millətlər Təşkilatının təcrübəsini öyrənib. UNICEF qurumunun buraxdığı «Ağıllı və dayanıqlı şəhərin müddəaları haqqında» kitabçada İT şəbəkəsindən tutmuş turizm və yaşıllıq zonaları, nəqliyyat - onların hamısı burada vəhdət halında əksini tapıb, hər biri də nəzərə alınacaq.
Küçələrin eni 20-60 metr olacaq, 60 metrlik yollarda tramvaylar da hərəkət edəcək. Bütün küçələrdə velosiped yolları olacaq. Bu yol Portuqaliyanın Lissabon şəhərindəkinə oxşar olacaq.
Ağdamın yenidən qurulması çərçivəsində şəhərdaxili kanallar da olacaq. Bu da İtaliyanın Venesiya şəhərindəki kanalları xatırladacaq. Şəhər şəlaləsindən başlayacaq kanal evlərin arasından keçib parkadək uzanacaq. Kanalın eni 30 metrə qədər nəzərdə tutulur. Ətrafında səkilər və gəzinti yerləri, iaşə obyektləri olacaq.
Beləliklə, yenidən qurularaq gülüstana çevriləcək Ağdam öz gözəlliyi ilə nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərinə, firavan diyarına, sənaye mərkəzinə, turizm məkanına, bir sözlə, mözüzələr diyarına çevriləcək.
Zahid Rza, “İki sahil”