22 noyabr 2022 23:57
608

Qarabağda tarix yazan oğullar

İki qəhrəmanın həyat hekayəsi

Qəhrəmanlıq simvolu olan şəhidlərimiz bu günümüzün qeyrət salnaməsi, sabahımızın örnək məbədidir. Bu yazıda qısa ömürlərini Vətən uğrunda fəda edərək qanları ilə tarix yazan igidlərimizdən olan şəhid leytenant Babək Əliyev və şəhid baş çavuş Rəşad Hüseynlinin həyat hekayəsindən danışacağıq.

Bu günlərdə işğaldan azad olunan ərazilərimizdə Vətənə xidmət borclarını yerinə yetirərkən ən ali zirvəyə yüksələn şəhidlərimizdən leytenant Babək Əliyev və baş çavuş Rəşad Hüseynlinin ailələri ilə görüşüb söhbətləşdik. İlk ünvanımız şəhid leytenant Babək Əliyevin anadan olduğu Ləkətağ kəndi idi. Babəkin ailəsi, müəllimləri qəhrəmanımız haqqında danışdıqca qürurlanır, Vətənin igid oğulu ilə fəxr edirik.

Şəhidimizin atası Əsgər Əliyev söhbətinə Babəkin uşaqlıq illərindən başladı: 

- Babək üç bacının bir qardaşı olub. Gözünü açıb bacılarının anasına ev iş lərində kömək etdiyini görüb. Uşaqlıqdan deyirdi ki, ata, mən də sənə kömək edəcəyəm. Həyətimizdəki işləri mən görəcəyəm ki, sən çox yorulmayasan. Uşaqlıqdan qayğıkeş idi. Orta məktəbdə oxuduğu illərdə bir dəfə də olsun ondan narazı olan müəllim, ya da sinif yoldaşı görmədik. Dərsdən sonra idmanla məşğul olurdu. İdmanı çox sevirdi.

Söhbətə qoşulan şəhidimizin müəllimi Bəhruz Əliyev bildirdi ki, orta məktəb illərində Babək məktəbimizin nizam-intizamı, tərbiyəsi ilə seçilən nümunəvi şagirdi olub. Məktəbin bütün tədbirlərində fəal iştirak edib. Bir sözlə, o, hərkəsin sevimlisi idi.

Oğlum uşaqlıqdan hər zaman başımızı uca edib,- deyən şəhidimizin anası İradə Əliyeva bildirdi ki, Babək uşaq yaşlarından hərbçi olacağını demişdi. Kəndimiz düşmənlə sərhəddə yerləşir. O, hər dəfəsində hərbi geyimdə olan əsgər və zabit gördükcə hərbi salam verər, böyüyüb hərbçi olacağı günün tez gəlməsini arzulayardı. Babəkim böyüdü... Yaxşı yadımdadır arzusuna çatmaq üçün hərbi liseyə sənəd verdiyi gün sanki qanad açıb uçur, yerə-göyə sığmırdı. Oğlum 2013-cü ildə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə qəbul oldu. Hərdən liseydən evimizə zənglər gələr, Babəkin təhsili haqqında atasına məlumat verərdilər.

Bir gün yenə liseydən zəng etmişdilər. Atası evdə yox idi. Müəllimi ilə mən danışmalı oldum. İnanın ki, müəlliminin ürəkdolusu razılıq etməsi, bizə belə oğul böyütməyimizə görə etdiyi təşəkkür məni kövrəltdi. Həmin an bir ana kimi çox qürurlandım. 2016-cı ildə Heydər Əliyev adına Hərbi İnstitutda təhsilini davam etdirdi və kursant olduğu illərdə də bizi qürurlandırdı. Babəkim nümunəvi kursant olduğu üçün “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalına layiq görüldü. 2020- ci ildə isə leytenant rütbəsi alaraq xidmətinə başladı. Xidməti dövründə də başımızı uca edən Babək 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsində bölüyü ilə Daşkəsən rayonundan döyüşə başlayır. Sonralar Füzuli və Qırmızı Bazar qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə iştirak edir. Vətən müharibəsi zamanı biz onunla tez-tez əlaqə saxlaya bilmirdik. Vaxt tapdıqca o özü bizlə əlaqə yaradırdı. Hər dəfə də döyüşdə olmadığını, arxa cəbhədə olduğunu, bəzən də təlimdə olduğunu deyir, Vətən müharibəsində olduğunu bizdən gizlədirdi. Sonralar döyüş yoldaşlarından eşitdim ki, oğlum düşmənin canına qorxu salan, əsgərlərindən öndə gedən igid oğullardan olub. Yoldaşları danışırdı ki, Babək bölüyü ilə birlikdə çox vacib olan bir yüksəkliyin alınmasında igidlik göstərib. Həmin an düşmənin bir postunu sıradan çıxarıb, çoxlu sayda canlı qüvvəsini məhv edib. Döyüşlərin birində isə yaralı döyüş yoldaşını atəş altından çıxarmağa nail olub. Qələbədən sonra isə oğlum düşməndən azad olunan ərazilərdə xidmətini davam etdirirdi.

Bir dəfə telefonla danışanda atasına dedi: “ata, Kəlbəcər istiqamətində olduğumuz zaman mina partlayışı səsi eşitdik. Həmin minanın partlama səsindən mən dəqiq hansı istiqamətdə olduğunu yəqin etdim. Tam istiqaməti bildiyim üçün minaya düşən əsgəri həmin bölgədən özüm tək gedib çıxardım”. Bu sözlərini eşidəndə onunla çox qürur duysam da, içimdəki qorxumu gizlədə bilmədim. Telefonu atasından alıb dedim ki, bala görürəm qorxun yoxdur, amma biz sizdən çox nigaranıq, ehtiyatı əldən verməyin. Mənə Babəkin cavabı bircə o oldu ki, “narahat olma, ana biz məğlubedilməz orduyuq”.

Vətən müharibəsindən sonra işğaldan azad edilən Kəlbəcər rayonu ərazisində xidmətini davam etdirən leytenant Babək Əliyev 2022-ci ilin avqust ayının əvvəllərində Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” əməliyyatında iştirak edərək bir sıra əhəmiyyətli hakim yüksəkliklərin nəzarətə götürülməsində şücaət göstərib, əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlılarının bir neçə döyüş mövqeyi dağıdılıb, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib, həmçinin bir neçə hərbi texnikaları və çoxlu sayda döyüş sursatları sıradan çıxarılıb.

“Qisas” əməliyyatından sonra leytenant Babək Əliyevin də tərkibində olduğu bölmələrimiz tərəfindən nəzarətə götürülən ərazilərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işlərinə başlanılır və 5 avqust 2022-ci ildə Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində qəhrəmanımız Əliyev Babək Əsgər oğlu şəhidlik zirvəsinə ucalır.

Babəkin ailəsi ilə birlikdə şəhidimizin Ləkətağ kəndində olan məzarını da ziyarət etdik. Vətən torpaqlarının azadlığını, ərazi bütövlüyünü hər şeydən üstün tutan, bu yolda ölümün gözünə dik baxaraq şəhidlik zirvəsinə ucalan Babək Əliyev kimi igid oğullarımızla hər bir azərbaycanlı fəxr edir, qürur duyur.

Biz isə növbəti görüş yerinə doğru yol alırıq. Gedəcəyimiz ünvan rayonun ən böyük yaşayış məntəqəsi olan Yaycı kəndidir. Yaycıda elmli, kamilliyin zirvəsinə cəsarətlə yürüyən, yüksək əxlaqa sahib onlarla dəyərli şəxsiyyətlər yetişib. Kimya elmləri doktoru, professor, İkinci Dünya müharibəsinin iştirakçısı, 2014-cü ildə “Şöhrət” ordeni ilə təltif edilmiş Məhərrəm Məmmədyarov, yazıçı, dramaturq Nağı Nağıyev, fizika elminin dərin sirlərinə yiyələnən, dünyaca məşhur olan akademik Həsən Abdullayev, köksündə zərif şair ürəyi çırpınan gözəl insan, pedaqoq, “Şərq qapısı” qəzetində çap etdirdiyi vətənpərvərlik mövzusunda olan şeirləri, yazdığı əsərləri ilə oxucularının sevimlisi olan Allahverdi Tağızadə, baytar-alim, tibb elmləri doktoru, professor Hacı Hacıyev, bu gün hamımızın yaxşı tanıdığı, qələmə aldığı əsərləri Azərbaycanımıza, xüsusən onun ayrılmaz parçası olan qədim və həmişəcavan Naxçıvanımıza sonsuz məhəbbət, dərin və saf duyğulardan yoğrulan, əməkdar jurnalisti, Ali Məclisin deputatı Fərəc Fərəcov. Adlarını çəkdiklərimiz bu kəndin onlarla tanınmış ziyalılarından bir neçəsi idi. Bu gün Yaycı kəndi ziyalıları, görkəmli şəxsiyyətləri ilə bərabər, həm də tarix yazan qəhrəman igidləri ilə də tanınır. Belə igidlərdən biri də şəhid baş çavuş Hüseynli Rəşad Ramiz oğludur. Şəhidimizin yaşadığı evdə ailəsinin qonağı olduq. Onun ata-anası ilə uşaqlıq illərindən, hərb sənətinə olan marağından danışdıq.

Öyrənirik ki, qəhrəmanımızın özündən bir böyük, bir də balaca qardaşı var. Onun böyük qardaşı da hərbçidir. Şəhidimizin atası Ramiz Hüseynov bildirdi ki, Rəşad uşaqlıqdan sakit və mehriban olub. Hər zaman balaca qardaşı ilə yaxşı rəftar edər, böyük qardaşının isə sözündən çıxmazdı. Onun hələ evdə ucadan danışdığını eşidən olmamışdı. Rəşadın məsuliyyətli olması 2018-2020-ci illərdə həqiqi hərbi xidməti dövründə də komandirləri tərəfindən qiymətləndirilmişdi. Həmin dövrdə nümunəvi xidməti ilə seçildiyinə görə evimizə təşəkkür məktubu göndərilmişdi.

Şəhidimizin anası Lətafət Hüseynova da söhbətimizə qoşulur. Bildirir ki, Rəşad uşaqlıqdan çox dərin düşüncəli, uzaqgörən olub. Məktəbdə oxuduğu illərdə ən çox sevdiyi fənn tarix idi. 1990-cı illərin 20 yanvar hadisələri, Xocalı soyqırımı haqqında məndən bilmədiklərini soruşanda ona həm də 1918-ci ildə ölkəmizin bir çox bölgələrində olduğu kimi, Yaycı kəndində də erməni quldur dəstələri tərəfindən törədilən dəhşətli qətllərdən danışardım. Həmin hadisələr zamanı qətlə yetirilənlər içərisində qohumlarımızın da ol-duğunu deyəndə Rəşadım mənə sual verdi ki, ana bizim nəslimizdən niyə şəhid olmayıb. Bu sual qarşısında çox narahat oldum. Dedim ki, bu nə sözdü bala bizim nəslimiz Vətənini sevən olub. İndi Rəşadımın sözləri yadıma düşdükcə məni dəhşət bürüyür. Oğlum sanki əvvəlcədən bilirmiş şəhid olacağını. Ananın bu sözündən sonra araya bir sakitlik çökür.

Sükutu pozan şəhidimizin atası qeyd edir ki, Rəşadın hərbçi olmaq üçün göstərdiyi istəyin şahidi bizik. Onu həqiqi hərbi xidmətindən sonra ürəyində narahatçılığı olduğu üçün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olmağa qəbul etmirdilər. Bununla razılaşa bilmirdi. Bakı şəhərində müalicə aldıqdan sonra, yenə sənədlərini toplayıb Dövlət Sərhəd Xidmətində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olmaq üçün müraciət edir. Uzun mübarizədən sonra Rəşad istəyinə nail oldu. Yadımdadır zəng etmişdi ki, ata sənədlərim qəbul olunub, daha mən də hərbçiyəm. Sevincinin həddihüdudu yox idi. Bir il altı ay idi ki, xidmət edirdi. Şəki şəhərinə kursa göndərilmişdi. Kursu başa vurub snayper kimi xidmətə başladı. Cəlilabadda, Cəbrayılda, Zəngilanda xidmət edən oğlum 44 günlük Vətən müharibəsində iştirak edə bilməsə də, həmişə ordumuzla qürur duyduğunu bildirirdi. Qısa zamanda çavuş, sonra isə baş çavuş rütbələri alan Rəşadım Vətənə böyük sevgi ilə xidmət edirdi. Onunla son danışığımız şəhidliyindən 4 saat əvvəl oldu. Televiziyadan Zəngilan istiqamətində düşmənin növbəti təxribatını eşidəndə mən və anası çox narahat olduq. Rəşadla danışa bilmədiyimiz üçün nigarançılığımız daha da artırdı. Ondan sonra biz oğlumun komandiri ilə əlaqə yaratdıq. Rəşadın döyüş tapşırığında olduğunu öyrəndik. Səhəri gün, yəni sentyabrın 15-də günortaya yaxın Rəşad evə zəng etdi. İlk anası telfonu açdı Rəşadın səsini eşidib ağladı. Telefonu mən aldım çox danışmadıq. Dediyi bir kəlmə oldu “mən yaxşıyam, nigaran qalmayın”. Sonra mən, anası da biraz olsun təskinlik tapdıq. Nə biləydik ki, son danışığımızdır. Sonra məlum oldu ki, oğlum düşmən hücumunu dəf edərkən şəhidlik zirvəsinə ucalıb. Onunla fəxr edirəm. Fəxr edirəm ki, oğlum torpaqlarımızın müdafiəsində canından, qanından keçib, bizləri qoruyub. Ana Vətənini qoruyub.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş qəhrəmanımız baş çavuş Hüseynli Rəşad Ramiz oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhidlik müqəddəsdir. Şəhidlik Vətənə sonsuz sevginin təcəssümüdür. Şəhidlik şərəf, ucalıq zirvəsidir. Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Adını tarixə şəhid kimi yazdıran Vətən oğullarının qarşısında baş əyirik. Onların mərdliyi, igidliyi, şücaəti sayəsində bu gün Azərbaycan bayrağı işğaldan azad edilən torpaqlarımızda qürurla dalğalanır. Onlar sayəsində Vətənimiz bütöv oldu, Qarabağ həsrətimiz bitdi, Şuşa xəyallarımız gerçəkləşdi.

Səriyyə SALAHOVA