10 iyul 2025 00:32
150

Azərbaycanın florası digər Cənubi Qafqaz respublikalarından daha zəngindir - MÜSAHİBƏ

Nigar Mürsəl qızı: Ekspedisiyalar nəticəsində əldə olunmuş məlumatlar tezliklə nəşri gözlənilən “Qarabağ florası” adlı kitabda əks olunacaqdır.

Müsahibimiz Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Nigar Mürsəl qızıdır.

-Azərbaycan florasını necə xarakterizə edərdiniz?

-Azərbaycan Cənubi Qafqazda ən böyük ölkədir və florasının zənginliyi, rəngarəngliyi ilə fərqlənir. Azərbaycan florasında 4500-dən çox ali bitki növü yayılmışdır. Bu, bütövlükdə Qafqaz florasının 70%-dən çoxunu təşkil edir. Bu biomüxtəlifliyin zəngin olmasına səbəb respublikamızın təbii və fiziki-coğrafi şəraitinin müxtəlifliyi ilə əlaqəlidir. Belə təbii şərait floranın endemik növlərinin də çox olmasına səbəb olmuşdur. Hazırda sərhədlərin açıq olması, turist axını, iqlim amillərinin təsiri nəticəsində onların sayı azalmışdır. Ümumilikdə floramızda 950 Qafqaz endemikinin olması ölkəmizin yüksək unikallığının göstəricisidir. Azərbaycan ərazisində endemizmin qaynar nöqtələri Talış və Naxçıvan ərazisi hesab olunur. Ölkəmizin təbii dendroflorasında 48 fəsilə və 135 cins üzrə 435 ağac və kol növü yayılmışdır.  Bunlardan 119 növ ağac, 316 növ isə kol bitkisidir. 70 növdən artıq endemik bitkilər vardır ki, bu da respublika dendroflorasının 16 faizi qədərdir.

Azərbaycan florasında  500-ə qədər qida, 1600-ə qədər dərman, 800-ə qədər aromatik, 150-dən çox texniki, 1500-dən çox boyaq bitkisi vardır.

-İqlim dəyişikliyi floramıza necə təsir edir?

-İqlim dəyişikliyi bitki örtüyünə, yəni floraya bir sıra mühüm təsirlər göstərir. Bu təsirlər arasında bitkilərin yayılma zonasının dəyişməsi, fenoloji dövrlərin (çiçəkləmə, meyvəvermə və s.) pozulması, suvarma ehtiyacının artması, quraqlıq və istilik dalğaları nəticəsində bitkilərin itmə təhlükəsinin artması və bioloji müxtəlifliyin azalması kimi hallar var. Fenoloji dövrlərin pozulması, yəni bitkilərin çiçəkləmə və ya meyvəvermə vaxtının dəyişməsi, tozlanma proseslərinə və meyvələrin yetişməsinə təsir edərək bitkilərin çoxalmasını çətinləşdirir. Bioloji müxtəlifliyin azalması isə bəzi bitki növlərinin iqlim dəyişikliyinə uyğunlaşa bilməməsi və ya məhv olması nəticəsində baş verir. Bu, ekosistemlərin tarazlığını pozaraq, digər canlı növlərin də həyatına təsir edə bilər. Beləliklə, iqlim dəyişikliyi bitki örtüyünə birbaşa və dolayısı ilə bir çox mənfi təsir göstərir. Bu təsirlər ekosistemlərin sağlamlığı və davamlılığı üçün ciddi problemlər yaradır.

Azərbaycan iqlim dəyişikliyinin flora və faunaya edəcəyi təsirləri azaltmaq üçün mühüm addımlar atır. Bunun  bariz nümunəsi kimi 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik İli”nin elan olunmasını və COP29 kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsini göstərmək olar.

Botanika İnstitutu floranın tədqiqatçısı kimi daim bu məsələləri nəzarətdə saxlayır. Hər il mütəmadi olaraq bu istiqamətdə tədqiqatlar aparılır, eyni zamanda, təşkil olunmuş bir sıra konfrans, simpozium, seminarlarda xarici və yerli alimlər ilə birgə müzakirələr aparılır. Bu il də belə tədbirlər keçirilib. 17-19 iyun 2025-ci ildə Botanika İnstitutunda “Meşə tiplərinin tədqiqi və davamlı inkişafı” adlı beynəlxalq konfrans təşkil edilib. Konfransın keçirilməsində məqsəd yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə respublikamızda bitki örtüyü və meşələrin  müasir vəziyyətini qiymətləndirmək, biomüxtəlifliyin saxlanılması və ekoloji tarazlığın idarə edilməsində meşələrin  rolunu müəyyənləşdirmək idi. Ümid edirik ki, botaniklər, ekoloqlar və bütün təbiəti sevənlər əl-ələ verərək iqlim amillərinin flora və faunaya mənfi təsirini azalda bilərlər.

-Ölkədə nadir və məhvolma təhlükəsi qarşısında qalan bitki növlərinin qorunub saxlanılması üçün hansı tədbirlər  həyata keçirilir?

-İlk növbədə onu qeyd etmək istəyirəm ki, flora və fauna növlərinin mühafizə olunmasının ən birinci və effektiv üsullarından biri “Qırmızı kitab”ın təsis edilməsidir. Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycanın flora və faunasının qorunması məqsədilə 1977-ci ildə Azərbaycan Respublikası “Qırmızı Kitab”ının təsis edilməsinə dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qırmızı kitabı haqqında Əsasnamə”yə əsasən  “Qırmızı kitab”ın hər 10 ildən bir yenidən nəşr edilməsi nəzərdə tutulur. 1989-cu ildə Azərbaycan SSR-in “Qırmızı kitab”ının I nəşri çap edilmişdir. Flora növlərindən 140 növ “Qırmızı kitab”ın 1-ci nəşrinə daxil edilmişdir. “Qırmızı kitab”ın II nəşri 2013-cü ildə hazırlanmışdır və 300 flora növü daxil edilmişdir.

 “Qırmızı kitab”ın üçüncü nəşrində (2023-cü il) nadir, nəsli kəsilmək təhlükəsi altında olan 460 flora: 383 ali, 15 ali sporlu, 6 mamır, 14 şibyə, 5 yosun, 37 göbələk növləri öz əksini tapmışdır. Həmçinin ilk dəfə tərtib olunan çəhrayı siyahıya 51 bitki növü daxil edilmişdir.

Ölkə ərazisində mövcud olan 10 milli park, 10 qoruq, 24 yasaqlıqlar birbaşa nadir və endemik növlərin, eləcə də floranın qorunmasına xidmət edir. “Qırmızı kitabı”n 3-cü nəşrinə daxil edilmiş 61 növün yayılma yerinin sadəcə bir ərazi ilə məhdudlaşması onların mikrorezervatlarının yaradılmasını vacib edir. Bu istiqamətdə işlərin aparılmasına başlanılmışdır.

-İşğaldan azad olunan Qarabağın və Şərqi Zəngəzurun florasına erməni vandalizmi səbəbindən ciddi zərər dəyib. Həmin ərazilərdə floranı dirçəltmək məqsədilə hansı addımlar atılır?

-İşğal dövründə erməni vandalları tərəfindən torpaqlarımız, qiymətli flora nümunələrimiz amansızcasına talan edilıb. Dəqiq məlumatlara görə, meşələrimizin 26% -i işğal altında olub. Bu, təxminən  260 min hektar qiymətli meşə sahəsi deməkdir. Laçın, Kəlbəcər, Ağdərə rayonları ərazilərində qiymətli palıd, fıstıq, vələs, cökə ağaclarından ibarət meşələrimiz qırılaraq məhv edilmişdir. Erməni təcavüzü nəticəsində iki dövlət qoruğunun (Laçın rayonu ərazisində “Qaragöl” və Zəngilan rayonu ərazisində “Bəsitçay”) və 4 dövlət yasaqlığının (Qubadlı, Arazboyu, Daşaltı, və Laçın) əraziləri zəbt olunmuş, təbii sərvətləri talan edilmişdir. Bunlardan başqa, çoxsaylı ağac abidələrimiz, nadir və nəsli kəsilməkdə olan bitki növlərimiz də məhv edilmişdir. Azərbaycanın “Qırmızı kitab”ının 3-cü nəşrinə daxil edilmiş 91 nadir və nəsli kəsilməkdə olan bitkiyə Qarabağda rast gəlinir: Şuşa gəvəni, Qarabağ dağ laləsi, Şuşa xaşası, Xarı bülbül adı ilə məşhur olan qaş səhləbi, qaraçöhrə, azad ağacı, hirkan pırkalı, məryəm noxudu, şternbergiya, yurineya cinslərinın bir sıra növləri və s. Qarabağın təbii bitki örtüyü içərisində ən çox meşə bitkiliyi ciddi antropogen təsirə məruz qalmışdır. Bu da meşələrin intensiv qırılması və otarılması nəticəsində baş vermişdir. Mütəxəssislərin hesablamalarına görə, bu proses son illərdə ərazinin 88 faizini əhatə etmiş, nəticədə regionun su rejiminin korlanması, iqlimin quraqlaşması, torpağın eroziyasının sürətlənməsinə səbəb olmuşdur.

Müzəffər Ali Baş Komandanın və rəşadətli Ordumuzun şücaəti nəticəsində qazandığımız parlaq Qələbə nəticəsində biz öz tarixi torpaqlarımıza qovuşduq. Qələbədən dərhal sonra cənab Prezident Qarabağda və Şərqri Zəngəzurda qurub-yaratmaq işlərinə start verdi. Artıq həmin ərazilərimiz  gündən-günə öz əvvəlki cənnət dövrünə qayıdır. Biz botaniklər də həmin ərazilərdə tez-tez ekspedisiyalarda oluruq, ərazinin flora və bitkiliyini tədqiq edirik. Azərbaycan Respublikası Prezidentinin 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı 5 yanvar 2022-ci il tarixli Sərəncamının icrası istiqamətində Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevanın rəhbərliyi ilə Şuşa şəhərində çöl-tədqiqat işlərinin yerinə yetirilməsi təmin edilmiş, həmçinin Cıdır düzü və Topxana meşəsi  ərazilərində floristik vəziyyətin monitorinqi aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə  təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası   ilə   əlaqədar   olaraq Botanika İnstitutunun əməkdaşları tərəfindən 2024-cü il ərzində 5 dəfə Qarabağ və Şərqi Zəngəzurun   müxtəlif   rayonlarına (Zəngilan,  Laçın,  Cəbrayıl, Füzuli, Kəlbəcər, Şuşa) ekspedisiyalar təşkil olunmuşdur. Bitkilərin Qarabağ ərazisində yayılmasına dair monitorinqi aparılmış, ərazidə yayılan nadir, endemik,   dərman   bitkiləri   tədqiq   edilmiş,   göbələk   və   yosun   nümunələri toplanılmışdır. Ekspedisiyalar nəticəsində əldə olunmuş məlumatlar tezliklə nəşri gözlənilən “Qarabağ florası” adlı kitabda əks olunacaqdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”