Şükür Elyazov: Prezident təqaüdçüsü olmağım məni gələcəkdə daha böyük məqsədlər üçün ilhamlandırır
Azərbaycan dövləti gəncləri cəmiyyətin aparıcı qüvvəsi kimi görür və onların intellektual, peşəkar və sosial inkişafına ciddi önəm verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində ölkəmizdə savadlı, təşəbbüskar və fəal gənclər nəsli formalaşır. Bu siyasətin əsas məqsədi gənclərin bilik və bacarıqlarını inkişaf etdirmək, onları gələcəyin liderləri kimi yetişdirməkdir.
“İki sahil” qəzetinin budəfəki müsahibi Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) maliyyə ixtisası üzrə təhsil alan, yüksək göstəriciləri və fəallığı ilə seçilən, Prezident təqaüdçüsü layiq görülmüş gənc – Şükür Elyazovdur. O, təkcə akademik göstəriciləri ilə deyil, sosial bacarıqları, komanda ruhu və texnoloji bilikləri ilə də seçilir.
-Özünüzü oxucularımıza necə təqdim edərdiniz?
-Mən, Şükür Elyazov. UNEC-də Maliyyə ixtisası üzrə ingilis dilində təhsil alıram. Hazırda təhsil göstəricilərim 98 baldan yuxarıdır və Prezident təqaüdünə layiq görülmüşəm. Akademik tərəflə yanaşı, “Excel” biliklərim var və “Power BI” öyrənirəm. Eyni zamanda, futbolu çox sevirəm və universitetin “Fiscal Force” futbol komandasının aktiv üzvüyəm. İştirak etdiyimiz iki turnirin hər birində ilk dördlükdə yer almağımız komanda ruhumuzu və mübarizliyimizi göstərir. Mən həm akademik, həm sosial həyatda balans yaratmağa çalışan və daim inkişaf etməyə çalışan bir gəncəm.
-UNEC-də təhsil almaq sizə hansı imkanları qazandırıb və bu ali məktəbi seçməyinizin əsas səbəbi nə olub?
-UNEC mənə maliyyə sahəsində güclü nəzəri biliklər verməklə yanaşı, ingilis dilində təhsil imkanı da yaratdı. Bu, beynəlxalq səviyyədə düşünmə bacarığımı artırdı.Bu universiteti seçməyimin əsas səbəbi isə həm yüksək akademik səviyyəsi, həm də gələcəkdə beynəlxalq karyera üçün yaxşı baza yaratmasıdır.
-Prezident təqaüdünə layiq görülmək sizin üçün nə ifadə edir və bu uğurun arxasında hansı əzm və fədakarlıqlar dayanır?
- Prezident təqaüdünə layiq görülmək mənim üçün həm böyük fəxr, həm də məsuliyyətdir. Bu uğurun arxasında uzunmüddətli əzm, nizam-intizam və vaxtdan düzgün istifadə dayanır. Amma bu yolda tək olmamışam. Valideynlerimin mənə hər çətin anda göstərdiyi maddi və mənəvi dəstək bu nailiyyətin ən güclü dayaqlarından biri olub. Xüsusilə anamın dəstəyi və inamı mənə güc verib. Bu təqaüd göstərdi ki, istək və zəhmətlə hər bir hədəfə çatmaq mümkündür. Eyni zamanda, bu uğur məni gələcəkdə daha böyük məqsədlər üçün ilhamlandırır.
-Maliyyə ixtisasına marağınız necə yaranıb və bu sahədə ixtisaslaşmaq istəyinizin səbəbi nədir?
- Maliyyə sahəsinə marağım lap uşaqlıq illərimə təsadüf edir. Ətrafım mənə daim məsləhət verən və yaxud da verməyə çalışanlarla dolu idi və bunların əksəriyyəti bank, maliyyə, pul və s. kimi məsələlər olduğu üçün mənim də marağım bundan yaranıb.
-Təhsilinizlə yanaşı “Excel” və “Power BI” (Business Intelligence-rəqəmləri başa düşülən qrafik və cədvəllərə çevirən) proqram təminatlarını öyrənməyiniz hansı ehtiyacdan doğub və bu bacarıqları necə inkişaf etdirmisiniz?
- Maliyyə sahəsində məlumatların analizi və vizuallaşdırılması çox vacibdir. “Excel” bu işin əsas alətlərindən biridir və mən onu yaxşı səviyyədə bilirəm. Eyni zamanda “Power BI” proqramını öyrənməyə başlamışam, çünki müasir əmək bazarında analitik bacarıqlara tələbat çox yüksəkdir. Əlavə olaraq komputer sahəsi daim mənim maraq dairəmdə olduğu üçün hər zaman komputerdən nəsə öyrənməyə can atmışam.
-Akademik uğurlarınızla yanaşı, “Fiscal Force” futbol komandasında iştirakınız sizə hansı sosial və psixoloji üstünlükləri qazandırıb?
- “Fiscal Force” komandasında iştirak mənə komanda ruhu, səbir və birgə mübarizənin dəyərini öyrədib.Futbol həm fiziki sağlamlıq, həm də psixoloji rahatlıq gətirir. O, sadəcə oyun deyil, səmimiyyətin, birliyin simvoludur.Xüsusilə kritik oyunların son dəqiqələrində qələbə qazanmaq ruhu buna nümunədir.Uğur qazanmaq üçün təkcə fərdi bacarıq yox, həm də komanda ilə düzgün əməkdaşlıq vacibdir. Nəticə etibarilə bu sahə sosial çevrəmi genişləndirməyə və həyatın bir çox sahəsində necə davranmalı olmağımla bağlı təcrübə olub.
-Komanda işi və rəqabət mühiti sizə şəxsi inkişaf baxımından hansı dəyərləri aşılayıb?
- Komanda işi mənə empati qurmağı, dinləməyi və ortaq məqsədə fokuslanmağı öyrədib. Rəqabət isə məni daim öz üzərimdə işləməyə, tənbəllikdən uzaq durmağa və daha məsuliyyətli olmağa məcbur edir.Bəzən təbii ki, çətinliklərlə üzləşirik. Onların öhdəsindən gəlmək səy və vaxt alır. Bəzən də bu, o qədər önəmli deyil deyib görməzdən gəlirəm. Lakin görməzdən gəldiyim şeylərin çoxusu sonradan qarşıma çıxır və tənbəlliyin bir o qədər uyğun şey olmadığını başa düşürəm.
-Gənclərə, xüsusən də yeni tələbələrə hansı şəxsi və akademik tövsiyələrinizi verərdiniz?
- Gənclərə tövsiyələrimi verəcək olsam,böyük ehtimalla bu, hansı sahədə olurlarsa-olsunlar qəbul balınızdan, savadınızdan asılı olmayaraq öz işinizin peşəkarı olmağa, daim öyrənməyə səy göstərmələri olardı.
-Sizin üçün liderlik nə deməkdir və bu bacarığı hansı şəraitdə inkişaf etdirmisiniz?
-Mənim üçün liderlik komandanın özəyi,əsas fikir mübadiləçisi, hər komanda üzvü ilə rahatlıqla ünsiyyət qura bilən və ən əsası empatiya qurma bacarığıdır.
-Qarşıdakı dövr üçün arzu və hədəfləriniz nələrdir? Azərbaycanın maliyyə sektorunda hansı dəyişiklikləri görmək istərdiniz və bu sahəyə sizin töhfəniz nə ola bilər?
-Gələcəkdə özümü peşəkar maliyyə analitiki kimi görürəm. Hədəfim beynəlxalq maliyyə sahəsində fəaliyyət göstərmək və ölkə iqtisadiyyatına töhfə verə biləcək bilik və təcrübə qazanmaqdır. Bu hədəfə çatmaq üçün hazırda nəzəri biliklərimi möhkəmləndirir, eyni zamanda “Excel” və “Power BI” kimi analitik alətləri öyrənirəm. Gələcəkdə maliyyə modelləşdirilməsi və digər praktik bacarıqları da öyrənməyi planlaşdırıram. Eyni zamanda, Azərbaycanın maliyyə sektorunda şəffaflığın artırılmasını və rəqəmsallaşdırmanın sürətlənməsini istərdim.
-Müsahibə üçün təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.
Yaqut Ağaşahqızı, “İki sahil”