Müasir Azərbaycan Respublikası müstəqilliyini bərpa etdiyi ilk günlərdən etibarən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq məqsədini qarşıya qoymuş və bu istiqamətdə ardıcıl addımlar atmışdır. Azərbaycan Respublikasının xarici siyasət fəaliyyətinin əsas istiqamətlərindən biri dünyanın digər dövlətləri ilə, xüsusilə də qonşu ölkələrlə münasibətlərin qurulması və inkişaf etdirilməsi olmuşdur.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi sahədə 30-a yaxın sənəd imzalanmışdır. Sənədlər əsasən investisiya qoyuluşu və maliyyələşdirmə sahələrində həyata keçiriləcək layihələr üzrə əməkdaşlığı, elmi və texniki sahələrdə əldə edilən nailiyyətlərdən istifadə, digər ticarət sahələrində biri-birinə yardım göstərilməsi, iki ölkənin şirkətlərinin və iqtisadi qurumlarının filial və nümayəndəliklərinin açılışı və fəaliyyətinin dəstəklənməsi, iki ölkə arasında ticarət və tranzit sahələrinin inkişafına lazım olan infrastrukturun yaradılması məqsədi ilə avtomobil və dəmir yollarının inkişaf etdirilməsi üzrə birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi və s. kimi məsələləri əhatə edir.
Lakin təəssüflər olsun ki, Azərbaycanla həmsərhəd olan İranın son zamanlar ölkəmizə qarşı riyakar davranışlarının və İslam dəyərlərinə qarşı xainliklərinin şahidi oluruq. Qeyd edək ki, İran İslam Respublikası Azərbaycan sərhədinə qoşun yığır, hərbi təlim keçmək adı ilə hədə-qorxu gəlir. Riyakarlıq və yalançılıq xətti İranın təkcə Azərbaycana qarşı münasibətində deyil, ümumilikdə bu dövlətin siyasi davranış konsepsiyasında yer tutur. Məqsədyönlü və açıq təxribatları davam edərək, eyni zamanda özünü “islam dövləti”, “müsəlman təəssübkeşi”, Azərbaycanın “mehriban qonşusu” kimi təqdim etməyə çalışır.
Halbuki, 44 günlük Vətən Müharibəsində nəinki İran tərəfindən heç bir kömək almadıq, əksinə onların emənilərə silah daşınmasında yardım etdilər. İranın bu əməllərini əhatəli şəkildə nəzərdən keçirdikdə sanki burada Azərbaycandan riyakarcasına intiqam almağa çalışması görünür. Tarixən Azərbaycan xalqının dünyəvi, mütərəqqi dövlət quruculuğunu özünə təhdid kimi qəbul edən İran öz riyakarlığını Azərbaycan torpaqlarının düşmən tapdağında saxlanılması və talanması ilə həyata keçirib. Onu da əlavə etmək yerinə düşər ki, ölkəmiz eyni zamanda heç vaxt İran İslam Respublikasının daxili işlərinə müdaxilə etməyib. Lakin bütün bunların fonunda qonşu ölkənin atdığı addımlar, ölkəmizə qarşı sərgilədiyi qeyri-səmimi mövqe Azərbaycanda təəssüf və qəzəblə qarşılanmaqdadır. Bir sözlə, görünən odur ki, informasiya təhdidləri və təxribatları Azərbaycanın məkanına nüfuz etmək, vətəndaşlar arasında separatizm yaymaq, Azərbaycan dövlətinə itaətsizlik üçün zəmin hazırlamaq, ən nəhayət, ölkə vətəndaşlarını müxtəlif şirnikləşdirici təkliflər vasitəsilə dünyanın bir nömrəli mübarizə obyektinə çevrilən terrorizmə sövq etmək qonşu ölkədən gələn təhdidlər silsiləsidir. İranın din xadimlərinin Azərbaycana qarşı yönəlmiş təxribatlarda iştirak etməsi islamın əxlaq kodeksinə zidd olan əməldir.
Məlum həqiqətdir ki, İran qeyri-demokratik bir dövlətdir. Orada teotratik hakimiyyət mövcuddur və əslində avtoritat, totalitar bir rejim hökm sürür. İran höküməti tərəfindən xalqlarının hüquqları, azadlıqları müdafiə olunmur. Terroru maliyyələşdirən, dəstəkləyən, terror təşkilatları yaradan, müsəlman dövlətləri arasında daim təfriqə, ayrı-seçkilik salan bir dövlətdir. İranda 30 milyondan çox azərbaycanlı yaşayır. O insanların ana dilində təhsil almaq, ana dilində danışmaq, televiziya, radio, mətbuat yaratmaq və digər imkanlardan istifadə etmək hüquqlarıı demək olar ki, yoxdur.
Azərbaycanda dini qüvvələrin siyasiləşdirilməsi istiqamətində iş aparılır. İran rejiminə xidmət edən terrorçuların zərərsizləşdirilməsi isə bir daha sübut etdi ki, İran Azərbaycanda dini və milli düşmənçilik yaymaq, dini tolerantlığı pozaraq gərginlik yaratmaq niyyətindədir. Lakin aydın məsələdir ki, Cənubi Qafqazın lider ölkəsi, Avropanın enerji təhlükəsizliyində başlıca rollardan birini oynayan, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş hesab olunan, qüdrətli Qalib Orduya malik olan və bütün dövrlərdə humanitar xarakterli qlobal təşəbbüslərlə çıxış edən Azərbaycan ilə hədə və təhdid dilində danışmaq kimsəyə fayda verməz. Azərbaycan bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir.
Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı