30 noyabr 2022 15:34
373

Nazirlik Türkiyə əleyhinə filmin Azərbaycanda nümayişinə münasibət bildirib

Mədəniyyət Nazirliyi "Odda - İki bacı" filminin Azərbaycanda nümayişi ilə bağlı məlumat yayıb.

“İki sahil” xəbər verir ki,  nazirlikdən verilən xəbərə görə, mövcud qanunvericiliyə əsasən, ölkə ərazisində kütləvi nümayiş üçün nəzərdə tutulan yerli və xarici filmlər Mədəniyyət Nazirliyi tərəfindən Dövlət Reyestrində qeydiyyata alınaraq Yayım vəsiqəsi ilə təmin edildikdən sonra kino nümayişi müəssisələrində tamaşaçılara təqdim olunur:

"Odda - İki bacı" filmi ilə bağlı bildiririk ki, sözügedən filmə Nazirlik tərəfindən Yayım vəsiqəsi verilməyib və istər Nazirliyin tabeliyində fəaliyyət göstərən Nizami Kino Mərkəzində, istərsə də ölkədəki özəl kinoteatrlarda həmin filmin nümayişi nəzərdə tutulmayıb.

Filmin qeyri-kino profilli hansısa məkanda nümayişinə gəldikdə isə bildiririk ki, bu kimi məsələlərin həlli Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxil deyil.
Bununla belə, Nazirlik sözügedən filmin qeyri-kino profilli müəssisədə nümayişini məqbul hesab etmədiyini bildirir”, - məlumatda qeyd olunub.