30 noyabr 2022 17:17
286

Doğma torpaqlarımız dirçəlir

Azərbaycanın qədim yaşayış məskənlərindən biri, əzəli dədə-baba yurdumuz olan, əsrarəngiz təbiəti və Kiçik Qafqaz sıra dağları ilə əhatələnən Laçın rayonu uzun illər digər doğma ərazilərimiz kimi erməni vandalizmindən əziyyət çəkmişdir. Laçın  toponimi bir oykonim kimi 1924-cü ildən xəritəmizdə özünə yer tapmışdır. Ona qədər isə bu ad "Yuxarı Laçın" adlı kəndin adında özünü qoruyub saxlamışdır. Qismən qədim xəritələr üzərində araşdırmalar göstərir ki, Kiçik Qafqaz sıra dağlarının ən böyük silsiləsi olan Qarabağ yaylasının əsas zirvəsi ilə yanaşı Laçın adlı bir zirvə də diqqəti cəlb edir. Bu zirvə Yuxarı Qarabağ bölgəsində Böyük Kirs, Kiçik Kirs, Sarı baba zirvələri ilə üçbucaq təşkil edir. Bu zirvə Qarabağ sıra dağlarının mərkəzi hissəsində, onun cənub-qərbində yerləşir.

Araşdırmalar göstərir ki, "Laçın" adı coğrafi, tarixi və ədəbi mənbələrdə rast gəlinir. Mənbələrə baxarkən "Laçın" toponimi bir oronim-yəni dağ adı kimi bizə məlum olur. Lakin bu toponim həm də özünə bir oykonim şəklində bir növ vətəndaşlıq hüququ qazanmışdır. Bunu Laçın adlı kəndlərin adında görə bilərik: Şuşada Laçınlar, Kəlbəcər rayonunda Laçın adlı kəndlər, Kəlbəcər rayonundakı Laçınqaya qalası və s. buna misal ola bilər. 1930-cu ildə Laçın inzibati rayonu təşkil edilərkən Laçın şəhəri onun mərkəzinə çevrilib.

Azərbaycanda cərəyan edən gərgin ictimai-siyasi proseslər, o vaxtkı rəhbərliyin səriştəsiz fəaliyyəti, ölkədəki apatiya və Birinci Qarabağ müharibəsinin başlanması 1992-ci il 18 may tarixində Laçının erməni təcavükarları tərəfindən işğal olunması ilə nəticələndi. Müstəqil Azərbaycanın və Partiyamızın qurucusu olan Ulu öndər Heydər Əliyev belə çətin bir durumda xalqımızın və ərazi bütövlüyümüzün xilaskarı olmuşdur. Müharibənin dayandırılması və Azərbaycanın böyük tərəqqi yoluna qədəm qoyması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, həmin uğurlu siyasət kursu Partiyamızın Sədri, dövlətimizin başçısı cənab İlham Əiiyev tərəfindən layiqincə davam etdirilir. Ölkə Prezidenti tərəfindən həyata keçirlən ideal YAP siyasəti nəticəsində Azərbaycan möhtəşəm Qələbəyə imza atdı. Bu Qələbə və ümumilikdə bütün sferalarda nailiyyətlərin əldə olunması, güclü iqtisadiyyatı olan dövlətin formalaşdırılması təbii ki, düzgün və məqsədyönlü Yeni Azərbaycan Partiyası siyasətinin bariz nümunəsidir.  2020-ci il tarixdə Qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsində bu inkişafın, tərəqqinin bir daha şahidi olduq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı ilə qazanılan böyük Qələbə əslində Azərbaycanımızın ən böyük probleminin həlli idi. Vandalizm siyasətinə əsaslanan, qaniçən düşməndən azad edilən torpaqlarımızda  göründüyü kimi bütün infrastruktur dağıdılmış, xarabalığa çevrilmişdir. Ermənistanın kapituliyasiyasını rəsmiləşdirən - Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən 1 dekabr 2020-ci ildən etibarən Laçın rayonu 28 il sonra yenidən Azərbaycan Respublikasının nəzarəti altına keçmişdir. Heç bir güllə atılmadan Laçının azad olunması diplomatik qələbəmiz olmuşdur.

Quldurcasına talan edilən torpaqlarda indi sürətli bərpa işlərinə başlanmışdır. İşğaldan azad olunan doğma ərazilərimizə mütamadi olaraq səfər edən möhtərəm Prezidentimiz cari ildə növbəti səfər çərçivəsində Kəlbəcər və Laçın rayonlarında görülmüş işlərlə tanış oldu, müvafiq tapşırıqlarını verdi, yeni obyektlərin tikintisi üçün Sərəncam imzaladı. Bu görüntülər bizdə böyük fəxarət hissi doğurur. Biz də doğma Qarabağ və Zəngəzur torpağında görülən quruculuq işlərinə dəstək olmalıyıq. Vətən müharibəsində bir yumruq halında birləşdiyimiz kimi, quruculuq işlərində də birliyimizi bir daha nümayiş etdirməliyik. Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq proseslərinə onlarca tanınmış şirkət, minlərlə mütəxəssis və işçi qüvvə cəlb edilib. Bizə dost olan ölkələrin nümayəndələri də yenidənqurma işlərində əllərindən gələni etməkdən şərəf duyurlar.

Qürur hissi ilə söyləyirik ki, Laçın azaddır! Qarabağ Azərbaycandır! Doğma Qarabağ və Zəngəzur yenidən qurulur, ata-baba yurdumuza tez bir zamanda Böyük Qayıdışın tamamlanması üçün sürətli şəkildə bərpa-quruculuq işləri həyata keçirilir. Bir sözlə doğma torpaqlarımız yenidən dirçəlir, yurdumuza yeni həyat və yeni nəfəs qayıdır.

Rafiq Əliyev,

YAP Yevlax rayon təşkilatının sədri