01 dekabr 2022 15:09
453

Laçın rayonu erməni vandalizmindən ən çox zərər çəkən rayonlardandır

Laçın rayonu 1992-ci il mayın 18-də işğal olunmuşdu. Bu hadisə Şuşa şəhərinin işğal edilməsindən 10 gün sonra baş verdi. Laçının işğal edilməsi ilə ölkəmiz üçün yeni faciələrin, torpaq itkilərinin əsası qoyuldu. Çünki Laçın rayonu böyük strateji əhəmiyyət kəsb edir. Belə ki, Ermənistanı Dağlıq Qarabağla birləşdirən yol məhz buradan keçir. Düşmənlərimiz əsrlər boyu xalqımıza, torpaqlarımıza, tarixi, dini-mənəvi abidələrimizə və təbiətimizə qarşı törətdikləri vandallığı son günlər bir daha təkrarladılar. Belə ki, Ağdamda və Kəlbəcərdə olduğu kimi, Laçını da tərk edən ermənilərin vandallığından bütün dünya xəbər tutdu. Laçını tərk edən erməni əhalisi 1992-ci ildə rayonun Ermənistan tərəfindən işğalından sonra qeyri-qanuni yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər Laçını da tərk edəndə təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb. Bunun müqabilində isə, Laçından çıxan ermənilər qaldıqları evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər. Halbuki bu gün təhlükəsiz şəkildə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1992-ci ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib.

İşğal dövründə Laçın rayonu yüzlərlə şəhid verib, onlarla dinc sakin girov götürülüb. Rayondan köçkün düşən Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı işğalçı Ermənistan ordusu tərəfindən qarət olunub. Bir sözlə, bu gün baş verənlər həm də Azərbaycan və Ermənistan arasındakı fərqi anlamaq üçün növbəti əyani nümunədir.01 dekabr 2020-ci il tarixdə erməni işğalı altında olan son rayonumuz- Laçın Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının 10 noyabr tarixində imzaladığı Birgə Bəyanata uyğun olaraq, dinc yolla öz əsl sahibinə qaytarıldı. Qürur hissi ilə demək lazımdır ki, iyirmi səkkiz illik erməni işğalından azad olunan Laçın rayonunda yenidən üçrəngli şanlı Azərbaycan Bayrağı dalğalanır. Azərbaycanın ən böyük rayonlarından biri olan Laçının şəhid verilmədən erməni işğalından azad edilməsi ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm və parlaq tarixi hadisəyə çevrilib. Laçın 1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən tərəfindən işğal edilib. Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər. Ermənilər qanunsuz olaraq Laçında məskunlaşmaqla rayonun sərvətlərini mənimsəyirdilər və elə düşünürdülər ki, daimi olaraq orada qalacaqlar. Lakin cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi mütləq qələbələr düşməni 10 noyabr kapitulyasiya bəyanatına əsasən Laçından çıxmağa vadar etdi və ordumuzun döyüş meydanında başlatdığı qələbələr siyasi müstəvidə də zəfər əldə etməyə imkan verdi.Azərbaycan tərəfinə neçə illər ərzində dəfələrlə müxtəlif xarici dairələrdən yalnız beş rayonun qaytarılmasına razılaşmaq üçün təzyiq edilsə də, Ali Baş Komandan iqtisadi, hərbi, diplomatik baxımdan güclənərək Vətən müharibəsi modelini seçməyi üstün tutdu, bu model özünü doğrultdu, Azərbaycan yeni hərbi-siyasi reallıq yaratdı. Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycanın məhz özünün döyüşərək, hərbi-siyasi yolla geri alması möhtəşəm tarixi Qələbəmizin daha bir təntənəsi, düşmənin hərbi kapitulyasiyasının növbəti təsdiqidir.

ATƏT-in Faktaraşdırıcı Missiyası tərəfindən Laçın rayonu ərazisində 8–11 min erməninin yerləşdirildiyini müəyyən edilmişdi. Azərbaycanın məlumatlarına görə isə bu rəqəm 13 mindən artıqdır. Bütün hallarda Azərbaycanın mövqeyi bir idi. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Və belə də oldu. Ölkə başçısı vurğuladı ki, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, həm də ordu quruculuğunda. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı. Bu qələbə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində qazanıldı. Təbii ki, qələbəmizdə xalqımızın Prezidentimizə, ordumuza güclü dəstəyi, cəmiyyətimizdə yüksək vətənpərvərlik ruhu və milli birliyimiz, həmrəyliyimiz mühüm rol oynadı.44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan bütün torpaqlarımız, o cümlədən Laçın rayonu azad edildi. Torpaqlarımızın azadlığı uğrunda döyüşən hərbçilərimiz əsl qəhrəmanlıq nümunələri göstərdilər. Bu müqəddəs mübarizədə canını qurban verən şəhidlərimizin ruhu qarşısında baş əyirik.

Aynur Həsənova,
YAP-ın gənc fəalı