09 dekabr 2022 01:35
1042

SOCAR-da işə qəbul olunanların sayı açıqlanıb

SOCAR-da həyata keçirilən kadr siyasəti Şirkətin mövcud kadrların saxlanılmasına, onların inkişaf etdirilməsinə, insan resursları imkanlarından daha səmərəli istifadə olunmasına, eyni zamanda beynəlxalq standartlara, bazar iqtisadiyyatında daim dəyişən tələbatlara cavab verən və qurumun inkişafı strategiyasına uyğun personalın idarəedilməsinin təkmilləşdirilməsinə yönəlib.

SOCAR-ın 2021-ci il üzrə hesabatına görə, bu ilin əvvəlində Şirkətin Baş ofis üzrə işçilərin sayı 645 nəfər təşkil edib. 2021-ci ilin əvvəli ilə müqayisədə onların sayı 16 nəfər artıb. Belə ki, 2021-ci ildə 62 nəfər işə qəbul edilib, 46 nəfər isə işdən azad olunub. Hesabat dövrünə SOCAR-da işləyənlərdən 207 nəfəri rəhbər işçi (onlardan 91 nəfər strateji rəhbər, 5 nəfər supervayzer, 87 nəfər taktiki rəhbər və 24 nəfəri müşavir), 415 nəfər mütəxəssis (onlardan 372 nəfər aparıcı mütəxəssis, 33 nəfəri mütəxəssis və 10 nəfər kiçik mütəxəssis), 21 nəfər texniki icraçı və 2 nəfər ixtisaslı fəhlə olub. Onlardan 199 nəfəri qadın, 615 nəfəri ali təhsilli olub.

Bu dövr ərzində SOCAR üzrə 234 əmr verilərək neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə 138 nəfər işçi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Fəxri döş nişanı” ilə təltif olunub. Eyni zamanda, Vətən müharibəsində iştiraka görə 732 nəfər, Neftçilər Günü münasibətilə 107 nəfər, yubileylərə görə 300 nəfər Fəxri fərmanla təltif edilib.

İşə qəbul və yerləşdirmə

2021-ci il ərzində 623 nəfər İnsan Resursları Departamenti tərəfindən müsabiqə nəticəsində işə qəbul olunub. Onlardan 347 nəfəri kənardan işə qəbul edilən, 276 nəfəri isə Şirkətin müəssisə və təşkilatlarında çalışanlar olub. İl ərzində 1 276 adda vakansiya üzrə 1886 vakant yer elan olunub. Bu vakansiyalar üzrə müraciət etmiş 24 392 vətəndaşın təqdim etdiyi məlumatların vakansiyaların tələblərinə uyğunluğu yoxlanılıb və onlardan 10 059 nəfər növbəti mərhələyə buraxılıb. 536 nəfər fəhlə peşələri üzrə praktiki bacarıqların yoxlanılması imtahanlarında, 1485 nəfər isə müsahibə mərhələsində iştirak edib ki, onlardan müsabiqədən müvəffəqiyyətlə keçmiş 623 nəfəri işlə təmin edilmək üçün SOCAR-ın müəssisə və təşkilatlarına göndərilib. 56 nəfər isə SOCAR-ın Kadr Ehtiyatı Bazasına daxil edilib.

Həmçinin SOCAR-ın Kadr Ehtiyatı Bazasından 273 nəfər Şirkətin müəssisə və təşkilatlarına işə qəbul üçün göndərilib. SOCAR-ın müəssisələrində aparılan struktur dəyişiklikləri ilə əlaqədar 998 işçi “ARDNŞ üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair” Proqrama qoşulub. Ümumilikdə 722 işçi yerləşdirilib ki, onlardan 383 nəfər 2021-ci ildə işlə təmin edilib.

Hesabat dövrü ərzində SOCAR-ın rəhbərliyinin təqdimatı əsasında 428 nəfər, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Təlim mərkəzlərini bitirən məzunlardan isə 222 nəfər işlə təmin edilib.

Bundan başqa, ölkədə həyata keçirilən neft-qaz layihələrində yerli kadrların faiz göstəricilərinin Hasilatın Pay Bölgüsü Sazişlərində (HPBS) göstərilən hədlərə çatdırılması istiqamətində müəyyən işlər görülüb, Azərbaycan Respublikasının müvafiq dövlət qurumları ilə milliləşdirmə və yerli kadrların potensialının artırılması istiqamətində əməkdaşlıqlar genişləndirilib. “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” və digər irimiqyaslı layihələrə cəlb olunan milli kadrların sayı HPBS-də göstərilən hədəflərə çatdırılıb. Ümumilikdə, il ərzində 32 856 yerli, 2 121 əcnəbi mütəxəssisin layihələrdə fəaliyyətə cəlb edildiyi müəyyənləşdirilib.

Ceyhun Piriyev, “İki sahil”