Respublikamızın “Dağlar qapısı”, cənub bölgəmizin əsrarəngiz gözəlliklərə malik olan Lerik rayonu digər bölgələrimiz kimi ölkəmizin elminə, təhsilinə, mədəniyyətinə misilsiz töhfələr verən görkəmli şəxsiyyətləri, tanınmış simaları ilə həmişə sayılıb-seçilib. Rayonun şərti olaraq bölündüyü 4 mahaldan biri və 1938-ci ilə qədər rayon statusu daşımış Zuvand sözünün bir mənası da “müdriklər diyarı”, “ziyalılar məskəni” deməkdir. Lerik rayonu vaxtı ilə Şirəli Müslümov, Mahmud Eyvazov, Məcid Ağayev, Qızıl Quliyeva, Məhbubə Fətullayevanın yaşadığı üzunömürlülər diyarı kimi şöhrət qazanmışdır. Zaqafqaziyanın siyasi xadimlərindən Böyükağa Mirsalayev, Azərbaycanın xalq maarif komissarı Mirzə Rəhimov kimi maarif xadimi, neftçi Xanoğlan Bayramov kimi Sosialist Əməyi Qəhrəmanı və neçə-neçə işıqlı ziyalıları olmuşdur. Ən əsası Birinci Qarabağ müharibəsi və 44 günlük böyük Zəfər mübarizəsində ya şəhid, ya qazi olan Lerikin neçə-neçə qəhrəman övladları adlarını müasir müstəqil Azərbaycanın şərəfli tarixinə qızıl hərflərlə yazdıra bilmişlər. Ona görə də yuxarıda qeyd edilənlər 10 dekabr 2022-ci il tarixində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovun təşəbbüsü ilə bu rayondan olan Bakıda və digər şəhərlərdə yaşayan, müxtəlif vəzifələrdə çalışan tanınmış ziyalıların bir qrupu ilə keçirdiyi görüşdə səsləndirdiyi “Mənə Lerikin nəyi vardır, sualı veriləndə, cavabım o olur ki, Lerikin ən böyük sərvəti onların ziyalılarıdır” fikirlərinin bir növ təsdiqidir.
Ümummilli lider Heydər Əliyev və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılan tədbirə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru, texnika elmləri doktoru, professor tanınmış həmyerlimiz Əminağa Sadıqov yüksək səviyyədə moderatorluq etdi. Olduqca səmimi ortamda keçirilən qarşılıqlı müzakirələrdə Lerik rayonu onun qəsəbə və kəndləri ilə bağlı narahat edən bir çox məqamlar, ümumi maraq kəsb edən məsələlər ətraflı təhlil edildi, növbəti mərhələdə onların icrasını özündə əks etdirən “Yol xəritəsi”nin hazırlanması istiqamətində əməli addımlar atıldı.
Görüşdə ayrı-ayrı ziyalılar tərəfindən diqqət cəlb edən təkliflər verildi. Məsələn, Əminağa müəllim tərəfindən irəli sürülən və görüş iştirakçılarının əksəriyyəti tərəfindən dəstəklənən rayonun ictimai və sosial məqsədlərinin reallaşması üçün bir fondun yaradılması və ora könüllük prinsipləri ilə ziyalılar, eləcə də vətəndaşlar tərəfindən müəyyən ödənişlərin olunması təklifini xüsusi qeyd etmək olar. Nəzərə alsaq ki, Lerik rayonun bir çox kəndlərinin sakinləri işsizlikdən, yolsuzluq, susuzluq, qazsızlıqdan əziyyət çəkir, bu sahələrdə müəyyən işlərin görülməsi o bölgənin miqrasiya, kəndlərin boşaldılması kimi çox vacib problemin həllinə doğru müəyyən addımlar atılmış olar.
Təcrübədən çıxış edərək, mən də ayrı-ayrı istiqamətlər üzrə olmaqla bir neçə məsələyə qısa tezislər şəklində toxunub, öz baxış bucağımı və konkret təkliflərimi səsləndirə bildim.
İlk toxunduğum məsələ təbii ki, hamını narahat edən rayonun sosial-iqtisadi həyatı ilə bağlı idi. Hesab edirəm ki, Azərbaycanda rast gəlinən 9 iqlim qurşağından 7-nin təbiətin harmoniya təşkil etdiyi Lerik rayonunun ərazisinə düşməsi Allahın bir nemətidir. Bu coğrafi üstünlükdən istifadə edərək, hələ sovet dövründə kənd təsərrüfatının bir çox ixtisaslaşmış sahələri yaradılmışdı. Məsələn, Lerikin Diriq deyilən mahalı Sovet dövründə geniş sahələrdə dəmyə şəraitində becərilən üzümçülük bağları ilə məşhur olub. Demək olar ki, bu sahə kolxoz və sovxozlar tərkibində olsa da, həmin bölgənin əhalisinin əməlli-başlı əsas məşğuliyyəti idi, həm qış aylarına qədər məhsulundan gen-bol istifadə olunurdu, həm də iş yeri, zəhmətkeş kəndçilərimizin çalışıb evlərinə qazanc gətirdiyi əsas gəlir sahəsi idi. Məsələ ondadır ki, keçid dövrün insanları sovetlər ittifaqı dağılır deyə, o üzüm sahələrini bir sinif kimi ləğv etdilər. Bununla da həmin bölgədən bərəkət də sanki qeybə çəkildi. Problem ondadır ki, adıçəkilən mahalın bir çox kəndlərdə adambaşına düşən pay torpağı o qədər azdır ki, orada ev təsərrüfatı ilə məşğul olmaq praktik mümkün deyil. Əvvəl bir kolxoz və ya sovxoz tərkibində olmuş kəndlərin torpaqlarının bərabər şəkildə əhaliyə paylanması da narazılıq yaratdığı üçün, o ərazilərdə belə demək mümkünsə aqrar islahatlar sona çatdırılmayıb. Düşünürəm ki, bu rayondan olan sahibkar, iş adamlarını orada üzümçülük kimi perspektivli və ənənəvi sahələri bərpa etməyə təşviq etmək bütövlükdə bölgənin dirçəlişinə səbəb olar.
Son illər Lerik rayonu ali məktəblərə qəbulun nəticələrinə görə zəif nəticə göstərən rayonlar sırasında yer alır. Mən Dövlət İmtahan Mərkəzinin statistik göstəricilərinə əsaslanıb deyə bilərəm ki, 2021-ci il üzrə rayon üzrə orta məktəbi bitirən 417 məzundan yalnız 124-ü tələbə adını qazana bilib. Onların da dörddə biri qız uşaqları deyil. Bu gün əgər ümumiyyətlə, ali məktəbə qəbul olmayan Lerikin kənd məktəbləri varsa və ildən ilə qəbulun nəticələrində azalma baş verirsə, deməli, həyəcan təbili çalmağa əsasımız vardır və bu məsələ təkcə rayon rəhbərliyini deyil, elə düşüncə sahibi olan ziyalıları da narahat etməlidir.
Unutmayaq ki, əsl istedadlar bölgələrdədir, Lerikin, Yardımlının, Şamaxının, İsmayıllının və sair kənd məktəblərindədir. Sadəcə, onların yeni texnoloji imkanlara şəhər məktəblisi qədər asan əlçatanlığı olmadığı üçün, üzə çıxa bilmirlər. Odur ki, onları aşkara çıxarıb, irəli çəkmək həm də biz ziyalıların işidir. Düşünürəm ki, “Kiçik akademiya”lardan bir və ya bir neçəsini niyə də Lerik məktəblərində yaratmırıq, nə üçün kənd məktəblərində elm guşəsi açmırıq, şagirdlərdə elmə-təhsilə maraq yaradan müxtəlif fənn gecələri təşkil etmirik? Olmazmı, bu bölgədən olan qabaqcıl ziyalılarımız ucqar kənd məktəblərində ailələrlə görüşlər keçirsinlər, uşaqlarını təhsildən yayındırmağın nə qədər ziyanlı olduğunu, qız uşaqlarının məktəbdən qoparılıb, onların erkən nigahlara məcbur edilməsinin gələcəkdə ailə faciələrinin bünövrəsini qoymasını izah etsinlər. Hər bir ziyalımızın çox yox, öz təhsil aldığı məktəbdə müxtəlif mövzularda təşkil edə biləcəyi maarifləndirmə görüşləri, ustad dərsləri gələcəyimiz olan gənclər üçün nümunəvi tədbirlər olmaqla, onları zərərli vərdişlərdən çəkindirər, özündə gələcəkdə elə onunla ünsiyətdə olan ziyalı kimi olmaq arzu-istəklərini formalaşdırar. Axı, hər şeyi dövlətdən gözləmək olmaz.
Digər qaldırdığım məsələ heç elm-təhsil problemlərindən geri qalmayan ucqar kəndlərdə insanların sağlamlığı – səhiyyənin təşkili məsələsi idi. Bu gün Lerikin əksər ucqar kəndlərində həkim çatışmazlığı var.
Lerik rayonundan da kifayət qədər savadlı həkimlərimizi tanıyıram ki, onlar da bu xeyrxah işin tərkib hissəsinə çevrilib, onu daha yüksək səviyyədə öz kəndlərində yerinə yetirə bilərlər. Aidiyyəti qurumlar qarşısında məsələ qaldırmaq olar ki, bu istiqamətdə ayrıca proqramlar həyata keçirilsin. Buna qədər bir məsələni də biz ziyalılar edə bilərik. Tanınmış bir kardioloq həkim dostum var – Tofiq Cahangirov, o, ildə ən azı bir və ya iki dəfə öz doğulduğu bölgədə səhiyyə aksiyası təşkil edir, rəhbərlik etdiyi kollektivdə ixtisaslaşmış həkimləri başına alıb doğma rayonuna da gedir və imkansız ailələrin, şəhid ailə üzvlərinin, qazilərin pulsuz müayinəsini təşkil edir. O deyir ki, bu mənim doğulub boya-başa çatdığım elimə-obama vəfa borcumdur.
Hesab edirəm ki, bundan sonra sahib olduğumuz imkanlarımızın (söhbət heç maddiyyatdan getmir) bir faizini böyüyüb boya-başa çatdığımız elimizin-obamızın gücünə-güc qatmağa sərf etsək, inanılmaz nəticələr əldə edə bilərik. Bunu söyləməyə əsas verən amillərin ən başlıcası da Lerikə təyin olunmuş yeni icra başçısı Əkbər Abbasovdur. Ölkə rəhbərinin ona olan ehtimadını doğrultmaq üçün bütün bilik və bacarığını səfərbər edərək Lerikin illərlə toplanan problemlərini həll etməyə çalışır. Şəxsən onda müşahidə etdiyim ən yüksək keyfiyyət rayona gəldiyi ilk gündən özünü lerikli hesab etməsi, qəbuluna gələn hər bir şikayətçinin problemini öz problemi sayması və həllinə çalışmasıdır.
Əkbər müəllimlə ilk dəfə rayonda keçirilən bir tədbirdə ayaqüstü qısa söhbət zamanı onu artıq lerikli hesab etdiyimizi söylədim. O bildirdi ki, lerikli kimi təqdim ediləndə, çox məmnun olur. Məhz, bu keyfiyyətlər qısa müddətdə onu həmyerlilərimizə sevdirə bilib. Odur ki, hər bir ziyalımız yeni rəhbərə başlatdığı faydalı işləri məntiqi sonluqla başa çatdırmasına dəstək olmalıdır. Allah yar və yardımçımız olsun!!!
Əfsun SUCAYEV,
YAP İdarə Heyətinin üzvü,
Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru,
kimya elmləri doktoru