12 mart 2016 23:24
259

“Şahdağ“ Turizm Mərkəzində Novruz əyləncələri

Martın 18-dən etibarən bayram günlərində “Şahdağ“ Turizm Mərkəzində Novruz əyləncələri təşkil olunacaq.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bayramı qarlı Şahdağın yamacında, tam fərqli bir mühitdə keçirmək istəyənlər “Şahdağ” Turizm Mərkəzinə üz tuta bilərlər.

Qeyd edək ki, hər il Novruz bayramı ərəfəsində turizm mərkəzini ziyarət edənlərin sayı artır. Bu il də milli və tarixi adət-ənənələrimizin yaşadıldığı, eləcə də Şərq dünyasında yeni ilin başlanğıcı hesab olunan Novruz bayramını məhz “Şahdağ” Turizm Mərkəzində qarşılamaq istəyənlər çoxdur. Bu amil nəzərə alınaraq, bayram münasibətilə elan olunan xüsusi təkliflər mart ayının sonunadək uzadılıb.

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində qış mövsümü ənənəvi olaraq dekabr ayından aprelədək davam edir. Mövsüm başlayandan bu günədək turizm mərkəzini ziyarət edənlərin sayı 60 mini ötüb.

Hotellərin və xizək ləvazimatlarının bronlaşdırılması, xizək məktəbində fəaliyyət göstərən təlimatçıların qabaqcadan seçilməsi kimi xidmətlərdən faydalanmaq, eləcə də ödəniş etmək üçün “Şahdağ” Turizm Mərkəzinin Bakıda, Bülbül, 26 ünvanında yerləşən informasiya mərkəzinə müraciət etmək olar.