22 dekabr 2022 09:57
635

Azərbaycanın Almaniyadakı səfirliyi konsulluq xidmətlərini təkmilləşdirib

Azərbaycanın Almaniyadakı səfirliyi konsulluq xidmətlərini təkmilləşdirir.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfirliyi məlumat yayıb.

Qeyd edilib ki, sayt vasitəsilə AR vətəndaşları, eləcə də digər müraciətçilər səfirliyin internet səhifəsinə (http://termin.botschaft-aserbaidschan.de) daxil olaraq, konsulluq şöbəsində rahat şəkildə görüş üçün vaxt təyin etmək imkanı əldə edirlər.

Bundan başqa konsulluq şöbəsinə müraciət edən şəxslərin rahatlığının təmin olunması məqsədilə şöbədə POS-terminal quraşdırılıb. Bununla da konsulluq əməliyyatları rüsumları ilə bağlı ödənişləri etmək üçün vətəndaşların və digər müraciətçilərin artıq hər hansı banka getmələrinə ehtiyac yoxdur. Bu ödənişlər yerində POS-terminal vasitəsilə həyata keçirilə bilər.

Vətəndaşların və digər müraciətçilərin telefon zənglərinin cavablandırılması işinin daha səmərəli təşkili üçün üçüncü xüsusi telefon xətti istifadəyə verilib. Bununla, eyni vaxtda üç konsulluq əməkdaşı daxil olan çoxsaylı telefon müraciətlərini cavablandırır.

Quraşdırılmış növbə avadanlığı vasitəsilə konsulluq şöbəsinin qəbul otağına daxil olan şəxslərə girişdə nömrə əldə etməklə növbə tutmaq imkanı verilir.

Konsulluq şöbəsinin qəbul otağı əsaslı şəkildə təmir olunub və burada paytaxt Bakı şəhərinin, Şuşanın əsrarəngiz gözəlliyini əks etdirən şəkillər asılıb.

“Azərbaycanın Almaniyadakı səfirliyi konsulluq şöbəsinin işinin təkmilləşdirilməsi istiqamətindəki fəaliyyətini davam etdirir”, - məlumatda deyilir.

Xatırladaq ki, Almaniya Qərb ölkələri arasında ən çox Azərbaycan vətəndaşının yaşadığı ölkələrdəndir.