26 dekabr 2022 16:14
465

DSMF sədri Hesablama Palatasının rəyini şərh edib

2021-ci il üzrə 40,8 milyon manat sığorta haqqının sığortaolunanların fərdi şəxsi hesablarında əks etdirilməməsi ilə bağlı məsuliyyət sığorta edənlərin üzərindədir.

“İki sahil” xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov Hesablama Palatasının rəyini şərh edərkən deyib.

"Sığorta edən ödədiyi vəsaitə dair hesabat təqdim etməlidir ki, həmin hesabata uyğun vəsaitlərin bölüşdürülməsi həyata keçirilsin. 40,8 milyon manat vəsaitin fərdi hesablara bölüşdürülməsi Hesablama Palatasının yoxlaması dövründə artıq təmin edilmişdi. Yəni, həmin dövrdə sığorta edənlər tərəfindən hesabatlar təqdim edilib və sözügedən vəsaitin fərdi hesablara bölüşdürülməsi təmin edilib".

H.Məmişov həmçinin sığorta edənlərə müraciət edərək hesabatların vaxtında təqdim edilməsinin çox vacib olduğunu deyib: "Hesabatların təqdim edilməsi təkcə bu vəsaitlərin fərdi hesablara bölüşdürülməsi ilə bağlı deyil, eyni zamanda şəxslər pensiyaya çıxdıqda həmin vəsaitlər kapitalda görünməlidir. Hətta pensiya yaşına çatmamış şəxslər müvəqqəti əmək qabiliyyətinin itirilməsi ilə bağlı müavinət üçün müraciət etdikdə mütləq qaydada həmin hesabatlardakı rəqəmlərə istinad olunur. Yəni, müavinətin məbləği, həmin şəxlərin gəlirləri sığorta edənlərin hesabatlarına əsasən müəyyən edilir".

H. Məmişov həmçinin, Hesablama Palatasının 51 nəfərə saxta şəkildə təyin edilmiş əmək pensiyası ilə bağlı Baş Prokurorluğa müracəti ilə bağlı məsələni də şərh edib: "Həmin pensiyalar 2013-cü ilə qədər təyin edilmiş pensiyalardır. Bu köhnə dövrün təyinatlarıdır. Pensiyanı təyin edən şəxslər də hazırda Fondda fəaliyyət göstərmir."