13 yanvar 2023 01:14
939

Cənubi Azərbaycanda ilk demokratik milli hökumət - Azadıstan

Birinci Dünya müharibəsindən sonra Şimali Azərbaycanda olduğu kimi, Cənubi Azərbaycanda da xalq öz milli dövlətçilik ənənələrinin dirçəlişi uğrunda mübarizəyə qalxdı.  Cənubi Azərbaycanda beynəlxalq imperializmə və irticaçı rejimə qarşı mübarizə böyük vüsət aldı.

Gündən-günə genişlənən milli azadlıq hərəkatına 1905-1911-ci illər İran inqilabının fəal iştirakçısı, mütəfəkkir və siyasətçi Şeyx Məhəmməd Xiyabani başçılıq edirdi. Ş.M.Xiyabaninin rəhbərliyi ilə demokratlar Təbriz, Ərdəbil, Xoy, Urmiya, Sərab, Zəncan və digər Azərbaycan şəhərlərində əhalini mitinqlərə qaldırır, ingilispərəst İran hökumətinin istefasını və ölkədə demokratik islahatlar keçirilməsini tələb edirdilər. 1920-ci ilin 22 iyununda Azərbaycan Demokratik Partiyası (ADF) ümumi səslə Milli Hökumətin strukturu haqqında qərar qəbul etdi. Şeyx Məhəmməd Xiyabani Milli Hökumətin sədri seçildi. Həmin gün Xiyabani hökumət başçısı kimi Alaqapıya köçdü. Bu, Güney Azərbaycan tarixində yaranmış ilk demokratik milli hökumət idi.

Həmin dövrdə keçmiş rus zabitləri tərəfindən silahlandırılmış erməni quldurları Şərqi Anadolu və Şimali Azərbaycanda olduğu kimi, Cənubi Azərbaycanın Türkiyə ilə sərhəd bölgələrində də Azərbaycan türklərinə qarşı soyqırımına başladılar. Fransız zabitləri və Amerika missionerləri tərəfindən qızışdırılan aysorlar və kürdlər də Azərbaycan xalqına qarşı törədilən bu qanlı qırğında fəal iştirak edirdilər. Yaranmış ağır vəziyyətdə qardaş Türkiyənin hərbi qüvvələri Cənubi Azərbaycan türklərinin köməyinə çatdı. 1918-ci ilin martından başlayaraq Maku, Urmiya və Salması işğalçılardan və erməni-aysor-kürd quldurlarından təmizləyən türk hərbi hissələri Təbrizə daxil oldular. Beləliklə, Cənubi Azərbaycan ərazisində də xalqımıza qarşı həyata keçirilən soyqırımının qarşısı alındı. Lakin Türkiyə üçün yaranmış çox ağır beynəlxalq şəraitdə türk hərbi qüvvələri 1918-ci ilin noyabrında Cənubi Azərbaycanı tərk etməli oldular. Bundan istifadə edən ingilislər Təbriz də daxil olmaqla bütün Cənubi Azərbaycanı işğal etdilər. Beləliklə, İran ərazisi tamamilə ingilislərin nəzarəti altına keçdi.

Bütün bunlara baxmayaraq milli azadlıq hərəkatı getdikcə daha ardıcıl xarakter aldı və özünün həlledici mərhələsinə daxil oldu. 1920-ci il aprelin 7-də Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə Təbrizdə silahlı üsyan başlandı. Bütün Təbriz əhalisi üsyançıların müdafiəsinə qalxdı. 1920-ci ilin mayında Təbrizdə ADP rəhbərliyi ilə böyük mitinq təşkil edilirdi. Mitinqdə imperialistlərin və İran irtica qüvvələrinin əleyhinə mübarizəni daha da gücləndirməyə çağırışlar səslənirdi. Mitinqdə belə bir təklif irəli sürüldü: “Azərbaycan bütün İran tarixi boyu həmişə azadlıq uğrunda öncül olub. Bu münasibətə görə də “Azərbaycan” əyaləti yerinə “Azadıstan” adlanması daha düzgündür”. Bu təklif mitinq iştirakçıları tərəfindən qəbul edilirdi. Mitinqdən sonra qiyamın əks-sədası, istiqlaliyyət dalğası bütün güney şəhərlərinə yayılırdı. Hərəkatın milli coğrafiyası genişlənərək Zəncan, Marağa, Miyana, Əhər, Xoy və daha sonra Ərdəbil şəhərlərini əhatə etdi.  Yeri gəlmişkən, 1920-ci ildə Təbrizə gəldiyi günün sabahı sentyabrın 8-də Xiyabani ilə görüşən Cəlil Məmmədquluzadə isə “Molla Nəsrəddin” jurnalı səhifələrində üsyan dövründəki Cənubi Azərbaycanı “Azərbaycan Cumhuriyyəti” adlandırırdı.

Ş.M.Xiyabaninin rəhbərliyi ilə Milli Hökumətin fəaliyyətə başladığı 24 iyun günü Təbrizdə ümumxalq bayramına çevrildi. Əslində Milli Hökumət Cənubi Azərbaycanın tam müstəqilliyi uğrunda deyil, yeni yaradılacaq demokratik İran dövlətinin tərkibində milli muxtariyyət hüququ əldə etmək uğrunda mübarizə aparırdı. Milli Hökumət iqtisadiyyat, maarif, səhiyyə və başqa sahələrdə islahatlara başladı. Milli məktəblər, xəstəxanalar açıldı. Məşhur azərbaycanlı maarifpərvər Əbülqasım Füyuzatı maarif rəisi təyin etdi. “Məhəmmədiyyə” və “Hikmət” adlı iki qadın məktəbi açdı. Məktəblərdə təhsilin Azərbaycan dilində keçirilməsi üçün mühüm addımlar atıldı. Təbrizdə yoxsul uşaqlar üçün pulsuz qız məktəbi fəaliyyətə başladı. Yeni açılmış milli məktəblərdə dərs demək üçün Bakıdan, “İddihadiyeyi-İraniyan” məktəbindən, həmçinin Türkiyədən, Tiflisdən müəllimlər dəvət olundu. Eləcə də jandarm təşkilatı genişləndirilərək Milli Qvardiya yaradıldı.

Bundan başqa, polis məktəbi açıldı. Eyni zamanda, yeni iş yerləri açılması, pul islahatı keçirilməsi, bank-maliyyə sistemi yaradılması, bələdiyyə seçkiləri keçirilməsi üçün hazırlıq işləri görülməsinə, torpaq islahatına başlandı. Bu məqsədlə yeni idarələr, müəssisələr, nazirliklər yaradıldı. Bütün rəsmi sənədlərdə, blanklarda, habelə nazirliklərin, idarə və müəssisələrin adı əks olunan lövhələrdə Azərbaycan adı “Azadıstan”la əvəz olundu.

Təəssüf ki, Azadıstan dövlətinin ömrü çox uzun sürmədi. 1920-ci il sentyabrın 11-də Təbriz üzərinə qəfıl hücum təşkil edildi. İrticaçı qüvvələr sentyabrın 12-də Ala Qapını ələ keçirdilər, sentyabrın 14-də isə “Təcəddüd” qəzeti binasını dağıtdılar. Əksinqilabi qüvvələrin sayca üsyançılardan çox olmasına baxmayaraq, üsyançılar sentyabrın 14-dək qəhrəmancasına vuruşdular. Sentyabrın 14-də Ş.M.Xiyabani xaincəsinə qətlə yetirildi. İranın irticaçı şahlıq rejimi Azadıstan Məmləkətini qan içində boğdu. Azərbaycan istiqlal tarixinin növbəti səhifəsi də beləcə qapandı.

Zahid Rza, “İki sahil”