17 yanvar 2023 16:47
731

FHN-də “Heydər Əliyev İli”nə həsr olunan tədbir keçirilib- FOTO

Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib.

Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, Aviasiya dəstəsinin şəxsi heyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra tədbirdə çıxış edənlər dövlət quruculuğuna böyük töhfələr vermiş ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında göstərdiyi misilsiz xidmətlərindən bəhs ediblər.

Qeyd olunub ki, Dahi Rəhbərin zəngin dövlətçilik təcrübəsi, qətiyyətli əzmi sayəsində bu gün Azərbaycan beynəlxalq miqyasda inkişaf etmiş dövlətlər səviyyəsinə yüksəlib. Ulu Öndər Azərbaycanın tərəqqi və inkişaf yolunu müdrik uzaqgörənliklə müəyyənləşdirib, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlayıb, sosial-iqtisadi inkişafa nail olub, müasir ordu quruculuğu, o cümlədən milli zabit kadrlarının hazırlanması üçün tarixi işlər görüb.

Bildirilib ki, Ümummilli Liderin siyasi kursu onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.