24 yanvar 2023 18:35
226

FAO Azərbaycanda kənd təsərrüfatının rəqəmsallaşdırılmasını fəal şəkildə təşviq edir

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda kənd təsərrüfatının rəqəmsallaşdırılmasını fəal şəkildə təşviq edir.

“İki sahil” xəbər verir ki, bu barədə FAO-nun Türkiyədəki nümayəndəsi Viorel Qutu bildirib.

“FAO Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq edir. Bizim ölkə miqyasında layihələrimiz, həmçinin pilot layihələrimiz var. Azərbaycana gəlincə, kənd təsərrüfatının rəqəmsallaşdırılması layihəsini xüsusilə qeyd etmək istərdim. Bu, bizim “rəqəmsal kəndlər” qlobal təşəbbüsümüzün bir hissəsidir. Bununla da İT həlləri kənd səviyyəsində tətbiq edilir. İndi bu, bir çox ölkələrdə mövcuddur, biz bunu Azərbaycanda fəal şəkildə həyata keçiririk”, - o deyib.

V.Qutu əlavə edib ki, FAO bu ideyanın Azərbaycanda həyata keçirilməsində böyük potensial görür.

Təşkilatın nümayəndəsi qeyd edib ki, FAO müxtəlif ölkələrdən qabaqcıl bilik və təcrübənin ötürülməsi üçün unikal platformadır.

O, FAO-nun həyata keçirdiyi ən böyük layihənin qida tullantılarının emalı ilə bağlı olduğu Türkiyəni nümunə kimi göstərib: “İndi biz orada qazanılan təcrübəni başqa ölkələrdə, o cümlədən Azərbaycanda tətbiq edirik. Bizim üçün bu, çox vacib mövzudur. Odur ki, bu məsələyə yanaşmanı dəyişməyə çalışırıq. Bununla bağlı Azərbaycanla fəal iş aparılır. Hər şeyi mərhələli şəkildə edirik: əvvəlcə araşdırma aparılır, strategiya hazırlanır, daha sonra həyata keçirilir”.