28 yanvar 2023 02:58
1014

Heydər Əliyev şəxsiyyəti: Gücün, iradənin, qətiyyətin vəhdəti

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən olaraq milyonlarla insanın qəlbində əbədi yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən Ulu Öndərimiz bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır. Xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə və müstəsna tarixi roluna görə Ulu Öndəri dünya miqyaslı siyasi nəhənglərlə müqayisə edirlər. Çünki O, Azərbaycan xalqının həqiqi lideri və xilaskarı kimi şərəfli missiyanı böyük əzmlə yerinə yetirmişdir. Bütün ömrünü Azərbaycanın tərəqqisinə sərf edən bu müdrik insan demişdir: "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”.

Ulu Öndər rəhbərlik etdiyi illər ərzində respublikamızda böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur. Məhz buna görə Azərbaycan xalqı qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna minnətdardır. Ulu öndər yenidən hakimiyyətə qayıdarkən demişdi: "Mənim həyatım xalqa məxsusdur və bundan sonra ömrümün qalan hissəsini də xalq üçün əsirgəməyəcəyəm. Həyatımın mənasını ancaq xalqa xidmət etməkdə görürəm. Mənim üçün ən böyük mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir”.

Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi 34 il ərzində xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətləri saymaqla bitməz. 14 iyul 1969-cu ildə respublikaya rəhbərliyə gəlişi ilə Azərbaycanı beynəlxalq aləmin subyekti kimi tanıtmağı qarşısına məqsəd qoyan Ulu Öndər respublikanın xalq təsərrüfatında gedən prosesləri dərindən öyrəndi, sistemli təhlil əsasında sosial-iqtisadi həyatın bütün sahələrində mövcud olan çətinliklərdən çıxış yollarını müəyyənləşdirdi. Onun başçılığı ilə qısa müddətdə Azərbaycanda aparılan sürətli inkişafı bir faktı müqayisə etməklə diqqətə çatdıraq: 1969-cu ilədək ölkə üzrə milli gəlirin artım sürətinə görə müttəfiq respublikalar arasında axırıncı yeri tutan Azərbaycan 1982-ci ildə, ulu öndər Heydər Əliyev Moskvaya yüksək vəzifəyə aparılan zaman respublikamız bu sahə üzrə SSRİ-də birinci yerdə idi. Neft sənayesini, yanacaq- energetika kompleksini, texniki-tərəqqini inkişaf etdirməklə, elm, təhsil, mədəniyyət sahələrinə diqqəti artırmaqla respublikanı ölkə sərhədlərindən kənarda belə tanıtdırdı. Ulu Öndərə qarşı qısqanclığını hər addımda büruzə verən ermənipərəst Mixail Qorbaçovu qıcıqlandıran da onun qətiyyətinə, istedadına paxıllıq duyğuları idi. “Kremldə sui-qəsdlər. Andropovdan Qorbaçova qədər” kitabının müəllifləri V. Solovyov və Y. Klepikova İttifaq miqyasında yüksək vəzifə tutan, fenomen biliyə malik Heydər Əliyevi belə xarakterizə etmişdilər: “Əliyev həqiqətən də Siyasi Bürodakı yoldaşlarının yeknəsəq çevrəsindən kəskin surətdə seçilirdi - özü də təkcə milliyyətinə görə yox”. Tanınmış telejurnalist Andrey Karaulov 1995-ci ildə yazırdı: “Əliyevin çox güclü fantastik yaddaşı var. Bunu tam ciddi deyirəm: o öz yetmişillik həyatının hər bir gününü ən xırda detallarına qədər xatırlayır, hər şey onun yadındadır.”

Hadisələri irəlicədən görmək qabiliyyətinə malik olduğunu həyatının müxtəlif dönəmlərində uzaqgörən siyasəti ilə “sınaqdan çıxaran”, 20 Yanvar hadisələri zamanı fərdi pensiyaçı kimi Azərbaycanın Moskvadakı Nümayəndəliyinə gələrək Bakıya yeridilən qoşunları ölkənin suverenliyinə təcavüz adlandıran, SSRİ rəhbərliyində əyləşən günahkarların cəzalandırılmasını tələb edən Ulu Öndərin cəsarətindən ehtiyatlanan SSRİ-nin ilk və sonuncu prezidenti M. Qorbaçov siyasi xadim Heydər Əliyevin qətiyyətini ikinci dəfə sovetlərin saxlanılması naminə keçirilən İttifaq müqaviləsinə, referenduma etiraz zamanı hiss etdi.

1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra müstəqil respublikanın Prezidenti kimi Azərbaycana rəhbərlik edən Heydər Əliyevin əsas tarixi xidməti “Əsrin müqaviləsi” təşəbbüsünü reallaşdırması oldu. 1994-cü ildə Ermənistanla müharibə şəraitində yaşayan Azərbaycanın “qeyri-sabit, riskli ölkə” kimi tanındığı bir zamanda ən iri maliyyə korporasiyalarının, neft şirkətlərinin Azərbaycana sərmayə yatırması ulu öndər Heydər Əliyevin şəxsi nüfuzunun dünyada təsdiqinin ifadəsi idi. Neft gəlirlərindən səmərəli, şəffaf istifadə üçün yaradılan Azərbaycan Respublikası Dövlət Neft Fonduna toplanılan vəsaitin ölkə iqtisadiyyatının inkişafına, sosial sahələrdə aparılan islahatlara yönəltməklə əhalinin güzəranının yaxşılaşdırılması Ulu Öndərin dövlətçilik təcrübəsinin nəticəsi idi. O dövrdə keçmiş sovetlər məkanında Gürcüstanda, Moldovada ərazi ilə bağlı münaqişələr olsa da, Dağlıq Qarabağ probleminin ilk olaraq beynəlxalq səviyyəyə çıxarılması Heydər Əliyev qətiyyətinin, siyasətinin, iradəsinin böyük uğuru idi. 1994-cü ildə ATƏT-in Lissabon sammitində 53 ölkənin dövlət başçısı (Ermənistandan başqa) Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı təklifə səs verdi. Onun siyasəti, dünyada artan nüfuzu sayəsində dünya ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı işğalçılıq faktını tanıdı. Azərbaycanın müstəqilliyinin əbədiliyi naminə canından keçməyə hazır olduğunu bildirən ulu öndər Heydər Əliyev üçün torpaqlarımızın bütövlüyünün qorunması ən müqəddəs borc idi.

Türk dünyasının, 50 milyonluq bir xalqın lideri olduğunu nadir istedadını, qabiliyyətini xalqına həsr etməklə bildirən Ulu Öndər milli-mənəvi sərvətləri qorumaqla insanlarda azərbaycançılıq ideyasını, təfəkkürünü formalaşdırdı. O, Vətəninə bağlı bir insan kimi başa düşürdü ki, minillər boyu formalaşmış mənəvi dəyərləri heç bir cəza ilə xalqın şüurundan çıxarmaq olmaz.

Fransanın “Kuryer İnternasional” jurnalının 2003-cü ilin may nömrəsində nəşrin baş redaktoru Aleksandr Adler ulu öndər Heydər Əliyevə həsr etdiyi məqaləsində yazırdı: “Nə sülh, nə də firavanlıq gətirən tufanların tüğyan etdiyi müasir dünyada Heydər Əliyev kimi dövlət xadimləri həmişəkindən daha çox gərəkdir. Tanrı bu şəxsiyyəti təkcə öz xalqına deyil, həm də başqa xalqlara son dərəcə mürəkkəb tarixi bir məqamda göndərmişdir. O, bir sıra ciddi böhranlar keçirmiş və onları dəf etmişdir. O, bunların hamısına mətanətlə sinə gərmiş və onu mənən və cismən məhv etmək üçün göstərilmiş bütün cəhdlərə baxmayaraq, daha yüksəklərə qalxmışdır”.

Ümummilli Liderin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla addımlayan müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni strateji nailiyyətlərə müvəffəq olur, milli dövlətçilik tariximizin növbəti şərəfli və qürurlu səhifələri yazılır. Tolerantlıq nümunəsi və multikulturalizm ünvanı, beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi səciyyələndirilən Azərbaycanın inkişaf yolu bir çox ölkələr üçün örnəkdir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu ekspertləri və mötəbər strateji tədqiqat mərkəzləri, aparıcı reytinq institutları Azərbaycanın inkişaf modelini mütərəqqi nümunə kimi dəyərləndirir və ölkəmizin gələcəyinə dair pozitiv rəy və proqnozlar ifadə edirlər. Tarixi əhəmiyyətə malik ən mühüm məqam isə budur ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətənin bütövlüyünü, tarixi ədaləti bərpa etmək uğrunda ləyaqətli və qətiyyətli mübarizə aparan Azərbaycan xalqı iradəsini ortaya qoyaraq haqq savaşında ali məqsədinə nail oldu, 44 günlük Vətən müharibəsində qazanılan, son 200 illik tariximizdə bənzəri olmayan böyük Qələbə sayəsində torpaqlarımız işğaldan azad, ərazi bütövlüyümüz və milli ləyaqətimiz isə bərpa edildi. Beləliklə, zaman torpaqlarımızın uzunmüddətli hərbi-siyasi əsarətdən xilasına nail olan Azərbaycanın Liderinin Vətənə, xalqa və dövlətə sədaqət andına, ata vəsiyyətini şərəflə yerinə yetirməsinə şahidlik etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha sübuta yetirdi ki, onun sözü imzası qədər dəyərlidir.

Bu gün işğaldan azad edilmiş, üçrəngli bayrağımızın qürurla və əzəmətlə dalğalandığı ərazilərdə nəhəng bərpa-quruculuq işləri görülür, Müzəffər Ali Baş Komandan İlham Əliyev ilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həmin torpaqlara hər bir səfəri təntənəli Zəfər yürüşünün davam etdiyini göstərir, qalib Azərbaycan Böyük Qayıdışı, dayanıqlı və layiqli məskunlaşmanı yüksək səviyyədə təmin etmək iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirir.

Beləliklə, tərəqqi və Zəfər yolu Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı yeni hədəflərə, yeni zirvələrə aparır. Müstəqil Azərbaycan Heydər Əliyev yolunun Müzəffər davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji hədəflərinə doğru inamla irəliləyir. Bütün bu nailiyyətlər və qürurverici reallıqlar Heydər Əliyev ideyaları və siyasətinin təntənəsi, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsi, dövlətimizin qüdrətinin ifadəsidir. Prezident İlham Əliyevin 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamında qeyd edildiyi kimi, “müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”.

Sevinc Azadi, “İki sahil”