30 yanvar 2023 23:10
571

Ədalətli və təhlükəsiz dünyanın yaradılması günümüzün əsas çağırışıdır

Dövlət başçısı İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə mətbuata bəyanatlarında bir daha BMT-də islahatlara böyük ehtiyac olduğunu önə çəkərək bildirdi ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir

Dövlət başçısı İlham Əliyev daim bu reallığı əsaslı şəkildə diqqətə çatdırır ki, xarici siyasətimiz əməkdaşlığa hesablanıb.

Xarici siyasətimizin dəyişməz prinsipləri uğurlarımızın davamlılığında əhəmiyyətli rol oynayır. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycanın Avropa, türkdilli və ərəb dövlətləri ilə əlaqələrinin hazırkı inkişaf səviyyəsi göz önündədir. Möhkəm təməl, qarşılıqlı etimad üzərində qurulan bu əlaqələr tarixi Zəfərimizdən ötən iki ildən artıq dövrdə yeni istiqamətlər üzrə sürətlə inkişaf etməkdə, əməkdaşlığın gələcək inkişafına öz töhfəsini verəcək addımlar atılmaqda, mühüm sənədlər imzalanmaqdadır.

Bunun üçün cari ilin ilk ayında dövlət başçısı İlham Əliyevin, eyni zamanda, digər ölkələrin dövlət başçılarının Azərbaycana səfərinə diqqət yetirmək kifayətdir. Dövlət başçısı İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər etdi. Cənab İlham Əliyevin səfər çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü, həmçinin bu ölkənin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirakı və çıxışı iki ölkə arasında əlaqələrin müxtəlif sahələr üzrə uğurlu inkişafına işıq saldı. Əbu-Dabi Davamlılıq Həftəsi dayanıqlı inkişafı sürətləndirmək, iqtisadi, sosial və ekoloji tərəqqiyə nail olmaq üçün Birləşmiş Ərəb Əmirlikləri və onun təmiz enerji şirkəti “Masdar” tərəfindən dəstəklənən qlobal təşəbbüsdür. Bu, dünyanın dayanıqlılıq üzrə ən aparıcı tədbirlərindən biri hesab olunur. Gələcəyin enerjisi üzrə Əbu-Dabinin “Masdar” şirkəti tərəfindən ev sahibliyi edilən Əbu-Dabi Davamlılıq Həftəsi üç prinsip əsasında yaradılıb - Qlobal əməkdaşlıq və liderlik, İqtisadi inkişaf, texnologiya və İnnovasiya. Qeyd edilən istiqamətlərdə Azərbaycanın malik olduğu imkanlar, liderliyi günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Müasir dövrün çağırışlarını yüksək səviyyədə cavablandıran Azərbaycan yeni texnologiyaların tətbiqi şəraitində iqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla həyata keçirir, iqtisadiyyatımızın onurğa sütunu kimi dəyərləndirilən neft-qaz sektorunda mühüm uğurlara imza atır. Bu gün bu reallığı da böyük inamla qeyd edirik ki, Azərbaycan neft, qaz, həmçinin elektrik enerjisi ixracatçısıdır. Günümüzün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Cənab İlham Əliyevin tarixi Zəfərimizdən sonra iştirak etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərə, həmçinin xarici səfərləri zamanı keçirdiyi görüşlərə diqqət yetirsək «yaşıl enerji» sahəsində əməkdaşlığın qurulması və inkişaf etdirilməsi üçün geniş imkanların olduğu xüsusi qeyd edilir.

Azərbaycanın Ərəb Dövlətləri Liqası və ona üzv dövlətlərin hər biri ilə əlaqələri yüksək səviyyədədir. Bu əlaqələrin daha da genişlənməsində ötən il dövlət başçısı İlham Əliyevin Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına Fəxri qonaq statusunda qatılması və orada çıxışı mühüm əhəmiyyət kəsb edir. Bu mühüm hadisələr Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Eyni zamanda, qarşılıqlı səfərlər, imzalanan sənədlər münasibətlərdə yeni səhifənin açılmasında əsas amildir.

Yanvarın 28-də Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin ölkəmizə səfəri oldu. Səfər çərçivəsində keçirilən təkbətək, eyni zamanda, geniş tərkibdə görüşlərdə iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanların mövcudluğu xüsusi qeyd edildi. Ölkələr arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayan, hər bir səfərin mahiyyətini özündə ehtiva edən sənədlərin imzalanması münasibətlərin gələcəyi barədə aydın təsəvvür yaradır. Sənədlərin imzalanması mərasimindən sonra ölkə Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi mətbuata bəyanatlarla çıxış edərək hazırkı dövrdə dünyanın qarşısında dayanan çağırışlardan geniş bəhs etdilər.

Cənab İlham Əliyev diqqəti artıq dünyada uzun illər müzakirə edilən BMT ilə bağlı məsələlərə yönlətdi. BMT-də islahatlara böyük ehtiyac olduğunu xüsusi qeyd edən dövlət başçısı İlham Əliyev Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi çağırışını etdi: «Bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır. Hesab edirəm ki, bu, ədalətli olar. Çünki İkinci Dünya müharibəsindən artıq 80 ilə yaxın vaxt keçir, dünya dəyişib və bu dəyişikliklər sürətlə davam edir. Ona görə, hesab edirəm ki, bu islahatlar daha ədalətli və təhlükəsiz dünyanın yaradılmasına xidmət göstərəcəkdir.»

Sözsüz ki, ədaləti və beynəlxalq hüququ heç bir halda maraqlarının arxasında gizlətməyən dövlətlərin BMT Təhlükəsizlik Şurasında təmsil olunması həm BMT qətnamələrinin, həm də beynəlxalq hüququn norma və prinsiplərinin vahid mexanizm əsasında icrasında öz sözünü deyəcək. Dövr, zaman dəyişirsə, qarşıya çıxan yeni tələblər sözsüz ki, fəaliyyətləri ilə etimad mühitini sıfra endirən təşkilatların fəaliyyətində də yenilikləri, təkmilləşməni bir tələbə çevirir. Azərbaycan 30 il dünyadan ədalət gözlədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycan ərazisi olduğu, həmçinin erməni silahlı birləşmələrinin torpaqlarımızı qeyd-şərtsiz tərk etmələrinin vacibliyi öz əksini tapsa da bu sənədlərin icrası müşgülə çevrildi. Hələ onu da nəzərə alaq ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü keçmiş ATƏT-in Minsk qrupunun həmsədrləri idi. 30 il işğalçının adı ilə çağırılmasının münaqişənin həllinə böyük maneə yaradacağını bildirən həmsədrlər, amma məsələnin sülh yolu ilə nizamlanacağına əminlik yaratmağa çalışdılar. İmitasiya naminə danışıqlara dəstək olan bu dövlətlər belə yanaşmanın hansı faciələrə gətirib çıxardığının şahidinə çevrildilər. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini təkbaşına icra etdi. Ədalət və beynəlxalq hüquq deyilən məfhumların mövcudluğunu sübut etdi. Dünyaya edilən çağırışlar uğurlu gələcəyin aydın mənzərəsini yaratdı.

Azərbaycan hər zaman dünyaya əməkdaşlıq, birlik, həmrəylik, təhlükəsizlik çağırışlarını edir. Ölkəmiz beynəlxalq aləmdə sabitləşdirici aktor kimi nüfuz qazanıb. Azərbaycan qütbləşən dünyada yeni əməkdaşlıq formatlarının yaradılmasına çağırışlar edərək birliyin, həmrəyliyin yaradılmasına çalışır. Misir Prezidenti ilə mətbuata bəyanatlarında da dövlət başçısı İlham Əliyev «Biz bu gün regional təhlükəsizlik məsələlərini müzakirə etdik və eyni zamanda, gələcəkdə təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirmək üçün fikir mübadiləsi apardıq» söyləyərək bu mühüm məqama da diqqəti yönlətdi ki, beynəlxalq terrorçuluğa qarşı birgə mübarizəmizi gücləndirmək qərarına gəldik, buna böyük ehtiyac var. Çünki beynəlxalq terrorçuluq bütün dünya üçün böyük təhdiddir və bu təhlükəyə qarşı ancaq səylərin birləşdirilməsi nəticəsində uğurla mübarizə aparmaq mümkün olacaq.

Cənab İlham Əliyev bəyanatında yenə də diqqəti artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həllinə yönəltdi. Artıq bu münaqişə həll olundu, Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq qalır və əbədi qalacaq. İşğala artıq son qoyaraq, sülhə daha da yaxınlaşmışıq: «Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi artıq sülhün əldə edilməsinə gətirib çıxaracaq. Biz bəlli olan təklifləri irəli sürmüşük və bütün əzab-əziyyətlərə, bütün dağıntılara baxmayaraq, yenə də hesab edirik ki, sülh müqaviləsi mütləq imzalanmalıdır. Əks təqdirdə, bizim bölgəmizdə təhlükələr daha da arta bilər.»

Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından iki ildən artıq vaxt keçməsinə baxmayaraq Ermənistan nə sənəddən irəli gələn öhdəlikləri yerinə yetirir, nə də Azərbaycan tərəfinin irəli sürdüyü sülh təklifinin reallığa çevrilməsi istiqamətində konkret addımlar atır. Hər zaman olduğu kimi, qarşı tərəf yenə də himayədarlarının təklifini gözləyir. Müxtəlif vasitələrlə sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olduğu diqqətdən kənarda qalmır. Amma bir reallığı unudur ki, Azərbaycan qalib ölkə olmaqla hazırkı dövrdə sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi beynəlxalq aləmdə yeri və rolunu möhkəmləndirir. Rəsmi Bakı daim bu bəyanatı da Ermənistanın və havadarlarının diqqətinə çatdırır ki, sülh təklifi uzun müddət masa üzərində qalmayacaq. Təbii ki, Ermənistan ona yaradılan şansdan istifadə edərək özünün iqtisadi vəziyyətini yaxşılaşdırmaq imkanı qazana bilər. Amma görünür. Ermənistan hələ havadarlarından lazım olan təklifi almayıb. İşğalçı dövlət 30 il yaşadığı asılılıq vəziyyətini bu gün də qabarıq şəkildə büruzə verir. Bütün hallarda Azərbaycan regionda dayanıqlı inkişafın və təhlükəsizliyin təmin edilməsi istiqamətində davamlı addımları ilə diqqətdədir. Ölkəmizin 30 ildə yaşadığı faciələrə rəğmən Ermənistana sülh müqaviləsini təklif etməsi beynəlxalq səviyyədə təqdir edilir. Misir Prezidenti Əbdülfəttah Əs-Sisi bəyanatında ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyini qeyd etdiyimizi önə çəkərək dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı uğurları xüsusi qeyd etdi. Bildirdi ki, Azərbaycan xalqının və hökumətinin səyləri nəticəsində yaradılmış bu gözəllikləri görmək bizi çox valeh etdi. Azərbaycana davamlı inkişaf və tərəqqi arzulayan Misir Prezidenti bu istəyini də ifadə etdi ki, ölkələrimiz arasında siyasi dialoqun hər iki xalqın mənafeyi naminə davam etdirilməsini istəyirik və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafında maraqlıyıq. Xalqlarımızın dini, tarixi yaxınlıqlarını nəzərə alaraq, iqtisadi, ticari və mədəni sahələrdə əlaqələrimizi daha da inkişaf etdirmək niyyətindəyik. Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında da əlaqələrin inkişafını dəstəkləyir və bundan sonra da dəstəkləyəcəyik.

Azərbaycanın Avropa dövlətləri ilə əlaqələri də yüksələn xətlə inkişaf edir. Avropa ilə Asiyanın qovuşağında yerləşən Azərbaycan dövlətlər, xalqlar arasında körpü rolunu oynayır. Azərbaycan birləşdirici faktor olaraq müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirir, əməkdaşlıq, birlik, həmrəylik çağırışlarının reallığa çevrilməsinə öz töhfələrini verir. Dövlət başçısı İlham Əliyevin yanvarın 29-da Macarıstana reallaşdırdığı dövlət səfəri də ölkəmizin xarici siyasət uğurlarının təqdimatında öz sözünü deyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstan Prezidenti xanım Katalin Novak ilə təkbətək, eyni zamanda, geniş tərkibdə görüşü zamanı müzakirə edilən məsələlər iki ölkənin əlaqələrinin gələcək inkişafı üçün bütün imkanların mövcudluğunun təqdimatıdır. Cənab İlham Əliyevin Macarıstan səfəri Azərbaycanın Mərkəzi və Şərqi Avropada böyük təsir imkanları formalaşdırdığını göstərir.

Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır. Azərbaycanda 21 Macarıstan investisiyalı şirkət əsasən kənd təsərrüfatı, nəqliyyat, ticarət, xidmət sahələrində fəaliyyət göstərirlər. Macarıstan Azərbaycana 1,1 milyard dollar məbləğində, Azərbaycan isə Macarıstana 18,1 milyon dollar investisiya yatırıb. Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığa da mühüm önəm verir. Bu ölkə Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir və ona qoşulmaqla bağlı marağını ifadə edib. Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin oynadığı mühüm rolu daim təqdir edir.

Azərbaycan yeni inkişaf dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri uğurla davam etdirilir. Azərbaycana dost ölkələr bərpa işlərinə öz töhfələrini verməyə səy göstərirlər. Bu baxımdan işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işlərində iştiraka Macarıstan şirkətləri böyük maraq göstərir və bununla bağlı müvafiq layihələr təqdim ediblər. Macarıstan işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə könüllü töhfə olaraq 25.000 avro ianə edib.

Göründüyü kimi, Azərbaycanın xarici siyasəti açıq və çoxşaxəlidir. Bütün dövlətlərlə əlaqələrini beynəlxalq hüquq normaları əsasında qurmaqla yanaşı, hər bir məsələnin həllində də bu prinsiplərin öndə saxlanılmasına səy göstərir. Bu isə öz növbəsində Azərbaycana inamı və etimadı artırır.

Yeganə Əliyeva, «İki sahil»