01 fevral 2023 13:42
359

Azərbaycan gənclərinin Vətən sevgisi bütün dünyaya nümunə oldu

Cəlil Xəlilov: İnanıram ki, gənclərimiz milli maraqlarımızın keşiyində bundan sonra da  ayıq-sayıq dayanacaq

Sabah 2 Fevral – Azərbaycan Gəncləri Günüdür.

“İki sahil” xəbər verir ki,  bununla bağlı açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycan gənclərinin vətən sevgisinin bütün dünyaya nümunə olduğunu bildirib:

“Bizim üçün sevindiricidir ki, bu gün Azərbaycan gəncləri öz əxlaqına, mənəviyyatına, intellektual səviyyəsinə, vətən sevgisinə görə dünya gəncliyinə nümunə təşkil edir.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev də, dövlət başçısı İlham Əliyev də hər zaman Azərbaycan gəncliyinə, onun yaradıcı gücünə, qəhrəmanlıq potensialına inanıb, bunu öz çıxışlarında dönə-dönə vurğulayıblar. Bir tək 44 günlük Vətən müharibəsi Azərbaycan gənclərinin necə böyük iradə və əzmə, cəsarət və fədakarlığa sahib olduğunu təsdiq etdi. Azərbaycan gəncliyi Vətən müharibəsindəki qəhrəmanlığı ilə bütün dünyanı heyrətə gətirdi.

Biz gənclərimizlə fəxr edir, onların mübarizə əzmini, vətənə olan sevgi və bağlılığını alqışlayırıq.

Bu gün biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq gənclərlə geniş iş aparır, nəsillər arasında sağlam mənəvi bağlılığın formalaşmasına xüsusi diqqət yetiririk. Təşkilatımızın sıraları gənc veteranlar hesabına sürətlə genişlənməkdədir. Orta və ali təhsil müəssiələrində gənclərlə mütəmadi görüşlər keçirir, onların milli tariximizə, soykökümüzə, zəngin mənəvi dəyərlərimizə bağlı şəkildə inkişafına xüsusi diqqət göstəririk.

İnanıram ki, Vətən müharibəsində böyük qəhrəmanlıqlar, əsl Vətən sevgisi nümayiş etdirən gənclərimiz bundan sonra da milli maraqlarımızın keşiyində ayıq-sayıq dayanacaq,  respublikamızın inkişafına, onun gücünün və nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini bundan sonra da verəcəkdir.

Mən Gənclər Günü münasibəti ilə bütün gəncləri təbrik edir, onlara uğurlar və müvəfəqiyyətlər arzulayıram”.