02 fevral 2023 01:15
337

Ermənistan beynəlxalq hüquq normalarını heçə sayır

Beynəlxalq təşkilatlar da Ermənistanın hərbi cinayətlərinə göz yummaqda israrlı görünür

Ermənistanın Azərbaycana qarşı törətdiyi və əsasən dinc sakinləri hədəfə alan mina terroru bütövlükdə bəşəriyyət əleyhinə yönəlmiş hərbi cinayət, sülhə və sabitliyə ciddi təhlükədir. Azərbaycanın ardıcıl tələblərindən və beynəlxalq təzyiqlərdən sonra Ermənistan işğaldan azad edilmiş müəyyən ərazilərin minalanmış sahələrinin xəritəsini ölkəmizə təqdim etsə də, faktiki olaraq bu sənədlər işğaldan azad edilmiş əraziləri tam əhatə etmir və həmin xəritələrin dəqiqliyi cəmi yüzdə 25 faizdir. Ermənistanın torpaqlarımıza basdırdığı minaların dəqiq xəritələrini verməkdən boyun qaçırması isə dövlət siyasəti terrora köklənən bu ölkənin cinayət əməllərini hələ də davam etdirmək niyyətlərini açıq ortaya qoyur. Bu azmış kimi, Ermənistanın 2021-ci ildən başlayaraq Azərbaycan ərazisində minalar və evlərdə mina tələlər yerləşdirməkdə davam etdiyinə dair yeni sübutlar mövcuddur. Bu minalar və mina tələlər Ermənistanın qanunsuz işğalı nəticəsində azərbaycanlıların 30 il əvvəl qovulduğu mülki yaşayış məntəqələrində və ya onların yaxınlığında yerləşdirilməklə məcburi köçkün ailələrinin və icmaların öz evlərinə qayıtmasına maneçilik törədir. Ermənistan tərəfi üçtərəfli Bəyanatı kobud şəkildə pozaraq hərbi təxribatlarını davam etdirib və 2022-ci ilin avqust ayından etibarən Azərbaycanda 2021-ci il Ermənistan istehsalı 2700-dən çox mina aşkar olunub. Bundan əlavə, Ermənistan bu minaların və digər silahların daşınması məqsədilə yalnız humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın yolundan açıq şəkildə istifadə edib.

Azərbaycan, mülki vətəndaşlarının qayıdacaqları rayonların operativ, təhlükəsiz və effektiv şəkildə minalardan təmizlənməsi istiqamətində Ermənistanın dərhal lazımi addımlar atması, mülki əraziləri mina və digər partlayıcı maddələrlə hədəfə almaması və bu xüsusda Laçın yolundan istifadəni dayandırması məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. Yanvarın 31-də Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işi üzrə (Azərbaycan Ermənistana qarşı) əlavə müvəqqəti tədbirlərin müəyyən edilməsi məqsədilə Azərbaycanın sorğusu üzrə açıq dinləmələr keçirilib. Bu dinləmələr, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki ərazilərində minaların və partlayıcı tələlərin qəsdən yerləşdirilməsinin davam etməsi nəticəsində “artan itkilərin qarşısını almaq üçün təcili tədbirlər görmək” məqsədilə Azərbaycanın Məhkəməyə 4 yanvar 2023-cü il tarixli ikinci müraciəti ilə əlaqədar təşkil olunub. Bildirilib ki, 2020-ci ildə münaqişə başa çatdıqdan sonra böyük əksəriyyətinin mülki şəxslər, o cümlədən 3 jurnalist olmuş 282 nəfər azərbaycanlı mina və ya digər partlayıcı qurğuların qurbanı olub. Ermənistanın davranışı İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın və digər beynəlxalq qanunlar üzrə öhdəliklərinin kobud şəkildə pozulmasıdır. Azərbaycan ərazisinə qeyri-qanuni olaraq gətirilmiş bu minaların 1600-ü, həmçinin mina tələlər Ermənistanın etnik təmizləmə kampaniyası və Azərbaycan ərazilərinin qanunsuz işğalı nəticəsində 30 il əvvəl azərbaycanlıların qovulduğu mülki ərazilərə basdırılaraq, bu məcburi köçkün ailələrinin və icmaların öz evlərinə geri qayıtmasının qarşısını alır. Azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasına imkan yaratmaq məqsədilə Azərbaycanın Laçın və Kəlbəcər rayonlarının və əvvəllər işğal olunmuş digər rayonlarının azərbaycanlı mülki şəxslərin qayıdacaqları şəhər, kənd və digər ərazilərində minaların, mina tələlərin və hər hansı bir digər partlayıcı qurğuların yeri, miqdarı, növü və xüsusiyyətləri barədə məlumat verməklə Azərbaycanın operativ, təhlükəsiz və effektiv şəkildə minalardan təmizlənməni həyata keçirməsi istiqamətində Ermənistan tərəfindən dərhal bütün lazımi addımlar atılması Beynəlxalq Ədalət Məhkəməsindən sorğu edilib. Azərbaycan, həmçinin Laçın yolundan istifadə etmək də daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, Azərbaycan ərazisində azərbaycanlı mülki vətəndaşların qayıdacaqları bu ərazilərdə mina və mina tələləri basdırmaq və ya onlara sponsorluq etmək və ya onların yerləşdirilməsini dəstəkləmək üçün hər hansı növbəti səyləri dərhal dayandırması və bundan imtina etməsi ilə bağlı Ermənistana göstərişin verilməsini məhkəmədən xahiş edib.

Xatırladaq ki, bundan əvvəl, 7 dekabr 2021-ci il tarixində Məhkəmə Ermənistanın davam edən İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın pozuntularına qarşı qorunmaq üçün müvəqqəti tədbirlər haqqında Azərbaycanın ilk sorğusunu təmin edərək, azərbaycanlılara qarşı yönəlmiş irqi nifrətin qızışdırılmasının və təşviqinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyi Ermənistana tapşırmışdı. Lakin Ermənistan beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsip və normalarını növbəti dəfə heçə sayaraq pozucu və təxribatçı fəaliyyətindən əl çəkmir. Maraqlıdır ki, Azərbaycana qarşı mina terrorunun davam etdiyi, xəritələr təhvil verilmədiyi halda ermənilərin hüquqları müzakirə mövzusu olanda ard-arda bəyanatlar verən beynəlxalq təşkilatların susqunluğu müşahidə olunur. Əslində isə başda Birləşmiş Millətlər Təşkilatı (BMT) olmaqla bütün beynəlxalq təşkilatlar mina xəritələrinin təhvil verilməsi üçün Ermənistana təzyiq göstərməlidir. Çünki minalanmış ərazilərin təmizlənməsini özündə ehtiva edən çoxsaylı beynəlxalq hüquqi aktları elə onların özləri qəbul edib və dövlətlərin üzərinə öhdəlik kimi qoyub. Məsələn, "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 10 oktyabr 1980-ci il "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın İkinci Protokolunu, 1999-cu il "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" BMT Konvensiyasını göstərmək olar. Ortada hüquqi aktlar və dövlətlərin, beynəlxalq təşkilatların üzərinə götürdüyü öhdəliklər var. Amma görünən odur ki, beynəlxalq təşkilatlar Ermənistanın hərbi cinayətlərinə göz yummaqda israrlıdırlar.

Sevinc Azadi, “İki sahil”