03 fevral 2023 03:18
454

Dəlinin əlinə çomaq verənlər...

Roma papasının ermənipərəst mövqeyi hara aparır?

Yaşına, başına hörmət qoymayan Roma papası Fransisk bu günlərdə yenidən “Laçın dəhlizinin Azərbaycan tərəfindən blokadaya alınmasından narahatlığını” dilə gətirib: “Cənubi Qafqazda Laçın dəhlizində yaranmış ağır humanitar vəziyyətlə bağlı müraciətimi bir daha bildirirəm. Qışın ortasında bu qeyri-insani şəraitlə üzləşməli olan hər kəsə öz dəstəyimi bildirirəm. İnsanların xeyrinə sülh yolu ilə həll yollarının tapılması üçün beynəlxalq səviyyədə hər cür səy göstərilməlidir”.  Ancaq özü Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla həllinə səy göstərməyib. Nədənsə Azərbaycana Xocalı soyqırımı və saysız -hesabsız faciələr yaşadan Ermənistanın qeyri-insani hərəkətlərindən bir kəlmə də danışmayıb və danışmır. Hər şey məlumdur və xristian təəssübkeşliyi kimi mənfur bir niyyətdən yaxa qurtara bilməyib.

Ənənəyə görə, Roma papası bazar günü duasından sonra aktual beynəlxalq mövzularda da fikirlərini bildirir. Çıxış radio və televiziyalarda yayımlanır və sosial mediada geniş işıqlandırılır. Papa “Laçın blokadası” haqda ermənilərin uydurduğu yalanı Müqəddəs Pyotr meydanına toplaşan minlərlə dindara çatdırıb. Onların  isə hamısının nəinki Laçın yolunun harada yerləşməsindən, ümumiyyətlə, bu münaqişənin tarixindən tamamilə xəbərsiz olması şübhə doğurmur. Avropada nüfuz sahibi olan bir din xadiminin geniş auditoriya qarşısında təsadüfi fikirlər söyləməsi qəribə və təəccüblüdür.

Unutmamışıq,  papa ötən ilin dekabrında da eyni məzmunlu açıqlama vermişdi. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə isə Roma papasına məktub yazmış, münaqişənin tarixindən, Laçın yolunda heç bir blokadanın olmamasını qeyd etmişdi.  Lakin açıq görünür ki, ona etibarlı mənbədən verilən məlumatı bir tərəfə ataraq ermənilərə “məhəbbətini” gizlədə bilməyib və qərəzə yol verib. Təəssüf ki, 44 günlük müharibə zamanı da pantifik Azərbaycanın haqq davasını dəstəkləmədiyi kimi, indi də azərbaycanlı fəalların Laçın-Xankəndi yolundakı aksiyasını erməni arşını ilə ölçür və gözüyumulu olaraq Ermənistanın dünyaya car çəkdiyi yalanları təsdiqləyir. Əslində isə Roma papası olmayan “humanitar fəlakətdən” söz açmaq əvəzinə, Qarabağdakı ermənilərin törətdikləri ekoloji fəlakətdən danışmalı idi. Ancaq papa da haqq-ədalətdən yan keçdiyini göstərdi.

Rəsmi Bakı bütün qaragüruhçulara dəfələrlə bildirib ki, Laçın yolu hər iki istiqamətdən avtomobillərin hərəkəti üçün açıqdır. Həmçinin Bakı bölgə ermənilərinə humanitar yardım etməyə hazır olduğunu da bəyan edib.

Azərbaycan fəallarının Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası dekabrın 12-də başlayıb. Etirazçılar Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə təbii sərvətlərin qanunsuz istismarına qarşı çıxır, azərbaycanlı mütəxəssislərin mədənlərin monitorinqini aparmasına imkan yaradılmasını tələb edirlər. Yeri gəlmişkən,  on ildən çoxdur ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda və Romada mühüm tarixi əhəmiyyət daşıyan dini abidələr bərpa edilir. Bütün bunlar ölkəmizin multikultural dəyərlərə və dinlərarası sağlam münasibətə ciddi əhəmiyyət verdiyini təsdiqləyir, barış və hər bir ölkənin tarixi, mədəni irsinə hörmət bəslədiyini nümayiş etdirir. Görünür, həşəmətli papa erməni faktorunu daha üstün tutaraq özünü görməzliyə vurur və Azərbaycan haqqında bir kəlmə də xoş söz deməyə dili gəlmir. Əksinə, Roma papası təkcə müsəlman məscidlərini deyil, alban və xristianlıq abidələrini də dağıdan erməniyə qahmar çıxır. 

Milli Məclisin deputatı Ceyhun Məmmədov "İki sahil"ə açıqlamasında bildirdi ki, burada bir neçə nüansı nəzərə almaq lazımdır: “Əvvəla, ermənilər Roma katolik kilsəsi ilə sıx əməkdaşlıq qurublar. Bu haqda məlumatım var. Ermənilərin içində katolik olanlar var ki, Roma katolik kilsəsi ilə güclü əlaqələrə malikdirlər deyə belə bəyanatların verilməsinə nail olurlar. Roma papası qısa müddətdə iki dəfə bəyanat verib, halbuki heç bir humanitar fəlakətdən söhbət getmir. Amma beynəlxalq təsisatlar, Roma papası mövqe ortaya qoyanda Azərbaycanın da münasibətini nəzərə almalıdırlar. Biz Vatikanda, İtaliyada katakombaları ən yüksək səviyyədə təmirvə bərpa etmişik. Bu da istər-istəməz bizi düşündürür ki, torpaqlarımız işğalda olanda dini abidələrimiz dağıdıldı, buna heç bir münasibət bildirilmədi, amma indi əsası olmayan ittihamlarla üzləşirik”.

Deputat vəziyyətdən çıxış yolu olaraq hesab edir ki, Azərbaycanda olan dini icmalar, mərkəzlər Roma papası ilə əlaqələr qurmalı, Vatikana məktublar ünvanlanmalı, erməni yalanlarını ifşa etməlidirlər .

Həqiqətdən xəbəri olmayan papaya bildirilməlidir ki, Laçın yolundan hər gün təminat maşınları keçir, xəstəliyi olan ermənilər Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınlarında daşınırlar, ərzaq və dərman daşınmasında heç bir məhdudiyyət qoyulmayıb. Hansı humanitar böhrandan söhbət gedə bilər? Din xadimləri obyektiv, ədalətli olmalıdırlar. Təəssüf ki, bu səviyyədə də həqiqət ört-basdır olunub dini təəssübkeşlik nümayiş etdirilir. Münaqişənin ədalətli həllinə çağırış etmək əvəzinə birtərəfli mövqe tutulur. Vatikandan Azərbaycandakı katolik kilsəsinin rəyi də öyrənilə bilərdi, çünki onların burada nümayəndəliyi var. Vaxtilə katolik kilsəsi ərazi bütövlüyümüzü dəstəkləyən bəyanatlar verib, ona görə bu məsələdə dolğun məlumatlı olub ədalətli mövqe tutulmalıdır. Din xadimlərindən tələb olunan budur ki, istənilən münaqişənin dinc yolla həllinə səy göstərsinlər. Amma belə bəyanatlar münaqişələrin daha da qızışmasına səbəb olur. Mövcud olmayan bir "humanitar təhlükə"ni əldə dəstəvuz tutmaqla işğalçı dövlətin "dəyirmanına su tökmək" yeni real təhlükələrə yol aça bilər.

Yəni loru dildə desək, belə hərəkətlər "dəlinin əlinə çomaq" verməkdir.

Vəli İlyasov, "İki sahil"