03 fevral 2023 15:37
552

Kamran Bayramov: Azərbaycanın varlığı, müstəqilliyi İranı vahiməyə salır

"Son proseslərdən görünür ki, Azərbaycanın güclənməsi, müstəqil siyasət yürütməsi və ölkədaxili situasiyanın normal olması bəzi xarici dövlətlərə sərf etmir. Bu gün Azərbaycanın varlığı, müstəqilliyi İranı vahiməyə salır. Onun güclənməsi və istiqlaliyyəti İranda gedən milli hərəkata böyük təsir göstərir. İran siyasətçiləri də bunu cox gözəl bilirlər. İranın ölkəmizə qarşı uzun illər davam  edən təhdidləri və fitnə-fəsadları, artıq, həddini aşıb. Buna nümunə kimi rəsmi Tehranın son vaxtlar Ermənistana etdiyi humanitar, siyasi, iqtisadi, hərbi yardımlarını daha da artırmasını, terrorçu ölkəyə təmannasız kamikadze dronlar, raketlər verməsini göstərmək olar. Tehrandakı səfirliyimizə edilən terror hücumundan da bir daha  aydın oldu ki, İran rejimi Azərbaycana açıq-aşkar nifrət bəsləyir. İran Yasin Hüseynzadəni terror aktından dərhal sonra televiziya kanalları qarşısına çıxarmaqla terroru ört-basdır edib məsələyə ailə-məişət donu geyindirməklə hadisənin əsl mahiyyətinin izlərini silməyə çalışırdı. Televiziya kanallarında öyrədilən sözləri bülbül kimi ötən terrorçunun bu gün «psixoloji xəstə»adı ilə xəstəxanaya yerləşdirilməsi də onu sübut edir ki, bu molla rejiminin məqsədli şəkildə həyata keçirdiyi terror aktıdır."

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib. 

K.Bayramov qeyd edib ki, İranın dini xadimlərinin, ayrı-ayrı şəxslərinin ölkəmizin daxili işlərinə kobud müdaxilələri yolverilməzdir və bu kimi hərəkətlər Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı şəkildə etirazla qarşılanır.  İran təcavüzkar Ermənistana qucaq açmaqla, əslində, özünün nə dərəcədə islam məzhəbinə sadiq olduğunu göstərdi. Dövlətimizin İranla bağlı dostluq prinsipinə əsaslanan siyasətinə rəğmən Tehran, anti-Azərbaycan fəaliyyətini dayandırmaq istəmədiyini nümayiş etdirir. Müstəqil Azərbaycanın inkişafından, mövqelərinin möhkəmlənməsindən narahatlıq hissi keçirən İran televiziya kanalları, internet saytları vasitəsilə ölkəmizə qarşı qara piar kampaniyası aparır. Lakin Azəbaycanın dövlət qurumlarının və cəmiyyətimizin kifayət qədər ayıq-sayıq olması ölkəmizə qarşı ünvanlanmış bütün təxribatların qarşısının vaxtında alınması ilə nəticələnir.
Deputat diqqətə çatdırıb ki, son iki gündə ölkəmizdə İranın casus şəbəkəsinə xidmət edən xeyli sayda şəxsin ələ keçirilməsi də deməyə əsas verir ki, molla rejimi Azərbaycanı parçalamaqda, onu bölməkdə tarixən olduğu kimi, indi də ən çox maraqlı olan qüvvələrdən biridir. Bu, sadəcə dövlətə, dövlətçiliyə, rejimə, onun mövcudluğuna qarşı yox, xalqa, millətə qarşı yönəlmiş düşmənçilik siyasətidir. Molla rejimi zəlzələdən əziyyət çəkən azərbaycanlılara sırf etnik mənsubiyyətə görə qəsdən yardım etmir. Azərbaycan xalqına qarşı düşmən münasibət göstərən molla rejimi soydaşlarımızı acınacaqlı vəziyyətdə qoymaqla sanki onlardan qisas alır. Bütün bunlar azmış kimi qəddar İran molla rejimi Qızıl Aypara Cəmiyyətinin Türkiyənin Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində zəlzələdən zərər çəkənlərə kömək etmək təklifini də qəbul etməyib. İran rejimi zəlzələnin ağır fəsadları ilə üzləşən Xoy sakinlərinə etinasız yanaşsa da, soydaşlarımız özü yardımlar təşkil etməyə çalışır. Xüsusilə də Təbrizdən, Ərdəbildən yardımlar təşkil olunur. Sosial mediadan da gördüyümüz kimi, Təbrizin bir çox meydanlarında yardım çadırları qurulub, hər gün 20-30 maşın Xoy şəhərinə yola düşür. Lakin çox təəssüf ki, İran rejimi Güney Azərbaycan xalqının bu yardımının da qarşısını almağa, maneələr törətməyə çalışır. Hətta insanlar bu yardımları çatdırmaq üçün İran qüvvələrinə müqavimət göstərir, döyülürlər. Bu barədə də sosial şəbəkələrdə xeyli sayda videogörüntülər, informasiyalar yayılıb. Bu, açıq-aşkar Xoydakı soydaşlarımıza qarşı keçirilən soyqırımdır.

Deputat əlavə edib ki, cənub qonşumuz bilməlidir ki, bu cür əməllərlə heç nəyə nail olmayacaqlar. Çünki Azərbaycan güclü, möhkəm, dövlət sisteminə, xalq həmrəyliyinə malik olan dövlətdir. Bu dövləti nə xarici, nə də daxili təzyiqlərlə zəiflətmək mümkün deyil. Prezident İlham Əliyevin qeyd etdiyi kimi «Ölkə qarşısında duran bütün vəzifələri həll etmək üçün Azərbaycanda hər şey vardır - həm siyasi iradə, düşünülmüş siyasət, səfərbərlik, eyni zamanda, xalqla iqtidar arasında birlik və bizim təşəbbüslərimizin xalq tərəfindən dəstəklənməsi».